Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Rayon sakinləri ilə növbəti səyyar qəbul keçirdi
Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə mütəmadi olaraq vətəndaşlarla görüşür, onların təkliflərini dinləyir, qayğılarını daim diqqət mərkəzində saxlayır. RİH başçısı Malik İsaqovun növbəti səyyar qəbulu 27 mart 2023-cü il tarixində Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi, Yaşıl dərə adlanan ərazidə yerləşən Qubadlı rayon Çingiz Quliyev adına Çardaxlı kənd tam orta məktəbində olmuşdur.
Görüşdə Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, RİH-nin məsul işçiləri, RİHB-nın inzibati ərazi darəsi üzrə nümayəndələri, həmin ərazidə məskunlaşan keçmiş məcburi köçkünlər iştirak edirdi.
Qəbul zamanı 18 məsələ qaldırılmışdır ki, onlardan 6-ı yerində həll olunmuş, 4-ü baxılması üçün nəzarətə götürülmüşdür. 8 məsələ ilə bağlı isə vətəndaşlara müvafiq izahat verilmişdir.Səyyar qəbulda sakinlərin arzu və təklifləri həssaslıqla dinlənilib, qaldırdıqları məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilmişdir.
Sonda sakinlər cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuzun düşməni məhv edib torpaqlarımızı azad etməsinə, keçmiş məcburi köçkünlər üçün görülən bütün işlərə, eləcə də göstərdikləri diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdilər.
Səyyar qəbuldan razı qaldıqlarını bildirən sakinlər həmçinin, yaşadıqları ərazidə asfalt örtüyünün,içməli su xətlərinin, eləcə də telefon, işıq xətlərinin çəkilməsi və transformatorun qoyulmasında köməklik göstərdiyinə görə RİH başçısı Malik İsaqova minnətdarlıqlarını bildirdilər.
Cənab Malik Isqov məktəb kollektivi ilə görüşmüş, səmimi söhbət aparmış, onların problemləri ilə maraqlanmışdır.