Qubadlı rayonu Qaracallı kənd inzibati ərazi dairəsindən olan 25 şəhidimizin anım günü qeyd olundu
Qubadlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 6 avqust 2026-cı il tarixində Sumqayıt şəhəri, Heydər Əliyev prospekti, 19-cu məhəllədə hazırlanmış şəhidlərimizin xatirə barelyefinin qarşısında anım tədbiri keçirildi. Tədbir 1992-1993-cü illərin avqust ayında Qubadlı Rayon İcra Hakimiyyəti başçısının Qaracallı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən olan 25 şəhidimizdən 12 nəfər hərbçi şəhidin – Azərbaycanın Milli qəhrəmanları Ağayev Bəylər Tapdıq oğlu, Atakişiyev Aslan Qabil oğlu, Məmmədov Aqil Səməd oğlu, Əliyev Ələkbər Həsən oğlu, həmçinin şəhidlər Quliyev Qabil Oruc oğlu, Ağayev Şirin Tapdıq oğlu, Əliyev İlham Əhməd oğlu, İsmayılov Vidadi Ağalar oğlu, Eminov Savalan Əmir oğlu, Cəfərov Babək Tapdıq oğlu, Şirinov Şirin Əhməd oğlu və İsmayılov Aslan Şəmil oğlunun xatirəsinə ucaldılmış abidə kompleksinin ziyarəti ilə əlaqədar baş tutdu.
Tədbirdə Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, RİH-in məsul şəxsləri, idarə, müəssisə, təşkilat rəhbərləri, RİH başçısının inzibati ərazi dairəsi üzrə nümayəndələri, Sumqayıt cümə məscidinin axundu Hacı Rauf Sərdarov, məktəb direktorları, şəhidlərimizin ailə üzvləri, yaxınları, döyüş yoldaşları, Qaracallı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin sakinləri və ictimaiyyət nümayəndələri iştirak edirdilər.
Əvvəlcə torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Xatirə barelyefinin qarşısına gül dəstələri qoyuldu, ruhlarına dualar oxundu.
Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov bildirdi ki, I Qarabağ müharibəsində Qubadlılılar mərdliklə vuruşdular, onlar bir qarış torpağı belə yağı düşmənə vermək fikrində deyildilər. Həmin döyüşlərdə rayonumuz 11-i Milli Qəhrəman olmaqla 238 şəhid verib. Təkcə Qaracallı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən 25 nəfər şəhid olmuşdur. Bu gün anım gününə toplaşdığımız 12 şəhidimiz, o cümlədən Azərbaycanın Milli Qəhrəmanları – Qubadlı şəhər sakini Məmmədov Aqil Səməd oğlu, İşıqlı kəndindən Əliyev Ələkbər Həsən oğlu, Muradxanlı kəndindən Atakişiyev Aslan Qabil oğlu eyni gündə, 1992-ci il avqustun 6-sı qəhrəmanlıq göstərərək şəhid olmuşlar. Onlar Laçının azad olunması uğrunda Səfiyan, Türkə, Fərcan, Xanalı kəndlərində döyüşmüş, sonda Suarası kəndində gedən ağır döyüşlərdə qəhrəmancasına şəhid olmuşlar. Qaracallı kənd nümayəndəliyindən olan doqquz şəhidimizin səkkizi Qarağac kəndində, biri isə Qarakişilər kəndində dəfn olunmuşdur.
Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Prezident İlham Əliyev öz xalqı ilə vəhdətdə olan lider kimi mübarizlik rəmzinə çevrildi. Azərbaycan 30 ilə yaxın davam edən münaqişədə qalib tərəf oldu, ərazi bütövlüyümüz bərpa olundu.
İşğal altında olan torpaqlarımız, eyni zamanda 30 ilə yaxın həsrətində olduğumuz Qubadlı rayonu 25 oktyabr 2020-ci ildə işğaldan azad olundu. Həmçinin 19–20 sentyabr 2023-cü il tarixində Azərbaycanın konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə aparılan antiterror tədbirləri nəticəsində Azərbaycan öz suverenliyini tam bərpa etdi. Vətən müharibəsi qəhrəmanları içərisində canından və qanından keçən Qubadlı rayonundan 12 şəhid və 60-dan çox qazimiz öz adlarını tarixə yazdılar. Şəhidlərimizin qisası alındı, qanı yerdə qalmadı.
44 günlük Vətən müharibəsindən sonra Qubadlı Rayon İcra Hakimiyyəti tərəfindən Qubadlı rayonunda Milli Qəhrəmanlar Əliyar Əliyev, Kərəm Mirzəyev, Vasili Əliyev, Aqil Məmmədov, Bəylər Ağayev və Milli Qəhrəman Əliyar Əliyevin sürücüsü Əlisadət Ağayevin, rayonun bütün kəndlərində məzarları dağıdılmış bütün şəhidlərimizin qəbirüstü abidələri, eləcə də Aşağı Mollu kəndində Həcər xanımın qəbirüstü abidəsi yenidən bərpa olunub.
Həmçinin Qubadlı rayon mərkəzində yerləşən Şəhidlər xiyabanında abadlıq işləri davam etdirilir. Şəhidlərin xatirəsini əbədiləşdirmək məqsədilə mədəniyyət və təhsil müəssisələrinə onların adları verilir, xatirə lövhələri, barelyeflər hazırlanır, abidələr ucaldılır, anım və doğum günləri qeyd olunur.
Tədbirdə çıxış edənlər şəhid ailələrinin, qazilərin, müharibə iştirakçılarının problemlərini daim diqqətdə saxlayan ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqova öz minnətdarlıqlarını bildirdilər.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!






