Şriftin ölçüsü :

Saytın rəngi :

Qubadlı rayonunun Çaytumas kəndinin qəhrəman şəhidlərinə həsr olunan “Əbədiyyət dastanı” kitabının təqdimatı keçirilib

21 iyul 2026 | 16:10

    21 iyul 2026-cı il tarixində  Qubadlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Abşeron rayonunun St. Sumqayıt ərazisində məcburi köçkünlər üçün salınmış şəhərcikdəki Vasili Əliyev adına rayon Mədəniyyət evində Raziyə Kamilqızının qələmə aldığı, Qubadlı rayonunun Çaytumas kəndinin qəhrəman şəhidlərinə həsr olunmuş “Əbədiyyət dastanı” adlı kitabın təqdimatı keçirilib.

Tədbirdə Qubadlı Rayon İcra Hakimiyyəti başçısı aparatının Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri, şöbə müdirinin müavini Sənan Həsənov, kitabın müəllifi Raziyə Kamilqızı, qeyri-hökumət təşkilatlarının sədrləri, şəhid ailələri, Veteran döyüşçülər, qazilər, kənd sakinləri və mədəniyyət işçiləri iştirak ediblər.

 Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 "Vətən müharibəsi qəhrəmanlarının və şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi, onların döyüş yolunun gələcək nəsillərə ötürülməsi hər birimizin müqəddəs borcudur. “Əbədiyyət dastanı” kitabı məhz bu ali məqsədə xidmət edən dəyərli bir sənət və yaddaş nümunəsidir."

  Tədbirdə çıxış edən RİH aparatında müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri, qazi Sənan Həsənov, rayon Mədəniyyət Evinin direktoru Ziba İbrahimova, vətənpərvər şair Elbrus Qayalı, keçmiş döyüşçülər Novruz Məmmədov, Kamil Mahmudov, İnanəddin Məhyəddinov, həmçinin şəhidlərimizin yaxınları — Əli Məcnunov, Ələsgər Məcnunov və Valid Quliyev çıxışlarında Vətən uğrunda canlarından keçən igidlərin şücaətindən bəhs ediblər.

 Qeyd olunub ki, kitabda yer alan hər bir şəhidin həyat və döyüş yolu gənclərimiz üçün əsl vətənpərvərlik məktəbidir. Bu cür nəşrlərin ərsəyə gəlməsi xalqımızın qəhrəmanlıq salnaməsinin unudulmadığının və hər zaman uca tutulduğunun bariz nümunəsidir.

  Tədbirin sonunda çıxış edənlər və iştirakçılar şəhid ailələrinə və qazilərə göstərilən dövlət qayğısından danışıb, bu cür əhəmiyyətli tədbirlərin təşkilinə verdiyi dəstəyə görə Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı cənab Malik İsaqova dərin minnətdarlıq və ehtiramlarını bildiriblər.

Eyni zamanda, Çaytumas kəndinin qəhrəman oğullarının adını əbədiləşdirən, gərgin əməyin nəticəsi olaraq “Əbədiyyət dastanı” kitabını ərsəyə gətirən müəllif Raziyə Kamilqızına qələminə və vətənpərvərliyinə görə xüsusi təşəkkür edilərək uğurlar arzulanıb.

Keçidlər