Şriftin ölçüsü :

Saytın rəngi :

Qubadlı rayonunun şəhidləri Bakı Şəhidlər Xiyabanında yad olundu, eyni zamanda Şəhid Xanlar Nuriyevin 60 illik yubileyi qeyd edildi

31 avqust 2026 | 14:27

  2026-cı il avqustun 31-də Qubadlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Bakı şəhər Şəhidlər Xiyabanında rayonun işğalı günü — 1993-cü il avqustun 31-də şəhid olan Nuriyev Xanlar Eldar oğlunun 60 illik yubileyi münasibətilə tədbir keçirildi. Eyni zamanda, həmin tarixdə canlarından keçən digər şəhidlərimizin də məzarları ziyarət olundu.

  Tədbirdə Qubadlı Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haxverdiyev, RİH-nin məsul işçiləri, idarə, müəssisə və təşkilat rəhbərləri, şəhidlərimizin ailə üzvləri, yaxınları, eləcə də qazilər, keçmiş hərbçilər və ictimaiyyət nümayəndələri iştirak edirdilər.

  Şəhidlərin ruhuna dualar oxunduqdan sonra iştirakçılar torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.

Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haxverdiyev bildirdi ki, Birinci Qarabağ müharibəsi zamanı Qubadlı rayonundan 238 nəfər şəhid olub, onlardan 8 nəfəri Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülüb. 1993-cü ilin təkcə avqust ayında Qubadlıdan 115 nəfər şəhidlik zirvəsinə ucalıb; onlardan 22 nəfəri hərbçi, qalanları isə mülki şəxslər olub.

Həmin gün — 1993-cü il avqustun 31-də uca dağları, şiş qayaları, sərin bulaqları, gözəl meşələri, gur çayları və münbit torpaqları olan Zəngəzur mahalının qədim yaşayış məskəni, yüzlərlə şəhid verən Qubadlı rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib.

Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, üçrəngli bayrağımızı azad torpaqlarımızda dalğalandırmış əsgər və zabitlərimizin rəşadəti, xalqın birliyi və qətiyyətli mövqeyi "dəmir yumruq" ətrafında birləşərək işğalçıya sarsıdıcı zərbə vurub. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qəhrəmanlığı sayəsində otuz ilə yaxın həsrətində olduğumuz doğma torpaqlarımız, o cümlədən Qubadlı rayonu 2020-ci il oktyabrın 25-də işğaldan azad olunub. 44 günlük Vətən müharibəsində Qubadlı rayonundan 12 nəfər şəhidlik zirvəsinə ucalıb, 60-dan çox qazi isə adını tarixə yazdırıb. Şəhidlərimizin qisası alınıb, qanları yerdə qalmayıb.

Tədbirdə vurğulanıb ki, 44 günlük Vətən müharibəsindən sonra Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqovun dəstəyi ilə məzarları rayon və kəndlərində olan bütün şəhidlərimizin qəbirüstü abidələri yenidən bərpa olunub, o cümlədən Aşağı Mollu kəndində Həcər xanımın qəbirüstü abidəsi bərpa edilərək abidə kompleksi yaradılıb.

Digər çıxış edənlər şəhid ailələrinin hər zaman dövlətin diqqət mərkəzində olduğunu qeyd etdilər. Son illər respublikamızda şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi və mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər bunun bariz nümunəsidir.

Sonda şəhid Xanlar Nuriyevin qardaşı Namiq Nuriyev və tədbir iştirakçıları göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqova minnətdarlıqlarını bildirdilər.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Keçidlər