Qubadlının ilk hərbçi şəhidi Mehman Ağayarovun doğum günü qeyd olundu
Qubadlı rayon İcra Hakimiyyətinin və Qərbi Azərbaycan İcmasının Gorus rayon təşkilatının birgə təşkilatçılığı ilə, 14 mart 2026-cı il tarixdə, Sumqayıt şəhərində fəaliyyət göstərən Qara İlyasov adına Qubadlı şəhər 1-saylı tam orta məktəbdə, Qubadlının ilk hərbçi şəhidi Mehman Museyib oğlu Ağayarovun doğum günü münasibətilə tədbir keçirildi.
Tədbirdə Qubadlı rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haxverdiyev, QAİ-nin Gorus rayon təşkilatının sədri Etibar Həsənov və icma üzvləri, RİH-nin məsul işçiləri, RİHB-nın İnziarbati Ərazi Dairəsi üzrə nümayəndəliklərinin işçiləri, İdarə, müəssisə və təşkilat rəhbərləri, şəhidimizin komandir heyəti, döyüş yoldaşları, şəhidimizin ailə üzvləri, yaxınları eyni zamanda ictimaiyyət nümayəndələri iştirak edirdilər.
Tədbir iştirakçıları tərəfindən əvvəlcə torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Şəhid Mehman Ağayarovun adını daşıyan rayonun Kavdadıq kənd tam orta məktəbin şagirdləri tərəfindən Vətənpərvərlik mövzusunda və şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş şeirlər səsləndirildi.
Sonra Bizim.Media-nın qəhrəman şəhidimiz haqqında hazırladığı “Qubadlının ilk hərbçi şəhidi” filmi nümayiş olundu.
Tədbirdə çıxış edən Qubadlı Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haxverdiyev qeyd etdi ki, Ermənistanın Azərbaycana qarşı təcavüzünün qarşısını almaq məqsədi ilə 27 sentyabr 2020-ci ildə bütün cəbhə boyu əks-hücuma keçən Azərbaycan Ordusu 1990-cı illərin əvvəlində baş verən Birinci Qarabağ Müharibəsi zamanı Ermənistan tərəfindən işğal edilmiş əraziləri işğaldan azad etməyə başladı. 44 gün davam edən Vətən Müharibəsi Şanlı Azərbaycan Ordusunun gücünü göstərərək Azərbaycanın qələbəsi ilə başa çatdı. Həmçinin 30 ilə yaxın həsrətində olduğumuz Qubadlı rayonu 25 oktyabr 2020-ci ildə şəhidlərimizin qanı və canı bahasına işğaldan azad olunmuşdur. 44 günlük Vətən müharibəsində qəhrəmanlar içərisində canından və qanından keçən Qubadlı rayonundan 12 şəhid və 60-dan çox yaralı öz adlarını tarixə yazdılar, bütün şəhidlərimizin qisası alındı eləcədə də Mehman Ağayarov kimi qəhrəman oğullarımızın qanı yerdə qalmadı.
Tədbirdə QAİ-nin Gorus rayon təşkilatının sədri Etibar Həsənov və digər çıxış edənlər şəhidimizlə bağlı öz xatirələrini bölüşərək qeyd etdilər ki, şəhidlərimizin ailələri həmişə dövlət tərəfindən diqqət mərkəzində olmuşdur. Şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına yönəlmiş tədbirlər bunun bariz nümunəsidir.
Şəhid ailələrinə, müharibə veteranlarına göstərdiyi diqqət qayğıya görə Etibar Həsənov İcma üzvləri adından Qubadlı rayon İcra Hakimiyyətinin başçısı cənab Malik İsaqova təşəkkür etdi.
Sonda şəhidimizin bacısı Afilə xanım göstərdikləri diqqət və qayğıya görə Ali Baş Komandan Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqova minnətdarlığını bildirdi.
Ağayarov Mehman Museyib oğlu 1971-ci il mart ayının 1- də Zəngəzur mahalı Qubadlı rayonunun Şurnuxu kəndində dünyaya gəlmişdi.
1988-ci ildə Qarabağ hadisələri başlananda Mehmangilin ailəsi ermənilər tərəfindən silah gücünə qovulmuş və ailə Qubadlı qəsəbəsində məskunlaşmışdı.
Mehman 1988-ci ildə Qubadlı şəhər Q.İlyasov adına orta məktəbi bitirmiş, 1989-cu ildə sovet ordusuna xidmətə çağrılmışdı.
1991-ci ildə hərbi xidməti başa vurub Kirov şəhərindəki Universitetə qəbul olsa da, erməni quldurlarına qarşı ürəyi qisasla döyünən Mehman Ağayarov təhsilini yarımçıq qoyub Qubadlıya qayıdır və Qubadlı özünümüdafiə taboruna daxil olur. Cəsur döyüşçü kimi Qubadlının Ermənistanla sərhədyanı kəndləri uğrunda gedən döyüşlərdə mərdliklə vuruşub.
Mehman Ağayarov 19 fevral 1992-ci il tarixdə Yazı Düzünün Əliquluuşağı kəndi sahəsinə aid ərazidə erməni-rus birləşmələrinə qarşı gedən qeyri-bərabər döyüşdə düşmənin atdığı 82 mm-k minaatan mərmisinin partlaması nəticəsində, Məlikəhmədli kəndindən olan Güloğlan Məmmədovla birlikdə Şəhid olmuşdur. Mehman Ağayarov və Güloğlan Məmmədov Qubadlıda yaradılan Ərazi Müdafiə Taborunun ilk döyüş şəhidləri idilər.
Mehman Ağayarovun məzarı Qubadlı şəhərindəki "Şəhidlər xiyabanı"ndadır.
Qubadlı rayon Kavdadıq kənd tam orta məktəbi şəhid Mehman Ağayarovun adını daşıyır.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!






