Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonun Hal kənd tam orta məktəbində “Xocalı faciəsi-yaddaşın unudulmayan tarixi” başlığı altında tədbir keçirildi

25 fevral 2026 | 14:20

  Qubadlı rayon İcra Hakimiyyətinin, rayon Gənclər və İdman sektorunun birgə təşkilatçılığı ilə 25 fevral 2026-cı il tarixdə, Abşeron rayonu St. Sumqayıt ərazisində, Məcburi Köçkünlər üçün salınmış şəhərcikdə fəaliyyət göstərən rayonun Mirzağa Əliyev adına Hal kənd tam orta məktəbində Xocalı faciəsinin 34-cü ildönümü ilə əlaqədar “Xocalı faciəsi-yaddaşın unudulmayan tarixi” başlığı altında tədbir keçirildi.

  Tədbirdə RİH-in məsul işçiləri, rayon Gənclər və İdman sektorunun məsul işçiləri, Qubadlı şəhər 4 saylı, rayonun M.Əliyev adına Hal və B.Hüseynov adına Dəmirçilər kənd tam orta məktəblərinin müəllim və şagird kollektivləri işirak edirdilər.

Əvvəlcə Xocalı faciəsi qurbanlarının və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Xocalı soyqırımına həsr edilmiş videoçarx nümayiş olundu.

Tədbirdə  1992-ci il fevralın 25-dən 26-na keçən gecə, sovet ordusunun Xankəndi şəhərində yerləşən hərbi birləşməsi olan 366-cı motoatıcı alayının dinc əhaliyə divan tutduğu, uşaq, qadın və qocalara rəhm etmədikləri, Xocalıda misli görünməmiş qətliam törətdikləri bildirilərək bu faciənin xalqımızı dərindən yaraladığı, ancaq xalqın milli iradəsini, azadlıq eşqini sarsıda bilmədiyi qeyd olundu. Xocalı qırğınına hüquqi-siyasi qiymətin verilməsində və faciə barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Liderimiz Heydər Əliyevin tarixi xidmətləri tədbir iştirakçılarının diqqətinə çatdırıldı.

 Həmçinin tədbirdə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuzun şücaəti ilə bütün şəhidlərimizin, o cümlədən Xocalı faciəsi qurbanlarının qisasının döyüş meydanında alındığı və şəhidlərimizin qanının yerdə qalmadığı vurğulandı.

Tədbirdə “Uşaq Səfirlər Məclisi”nin region nümayəndələrinin, Qubadlı şəhər 4 -saylı, B.Əsgərov adına Xələc kənd tam orta məktəbinin fəallarının   hazırladığı Xocalı faciəsindən bəhs edən ədəbi-bədii kompozisiya təqdim olundu,  şagirdlərin ifasında şeirlər və Vətənpərvərlik mövzusunda musiqilər səsləndirildi.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Keçidlər