Şriftin ölçüsü :

Saytın rəngi :

“Rəqəmsal dünyada Təhlükəsiz addımlar” mövzusunda tədbir keçirilib

22 may 2026 | 15:39

 “İnsan Hüquqları aylığı” çərçivəsində təşkil olunan tədbirdə yeniyetmələrin kibertəhlükəsizliyi və rəqəmsal savadlılığının artırılması məsələləri müzakirə edilib.

22 may 2026-cı il tarixdə Sumqayıt şəhərində yerləşən Qara İlyasov adına Qubadlı şəhər 1 saylı tam orta məktəbində ”İnsan Hüquqları aylığı” çərçivəsində “Rəqəmsal dünyada Təhlükəsiz addımlar” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə Rayon İcra Hakimiyyətinin məsul işçisi Aytən Məmmədova, rayon Gənclər və İdman sektorunun əməkdaşı Pərvin Rəsulov, Uşaq Səfirlər Məclisinin rayon nümayəndələri və fəalları iştirak ediblər. Görüşə həmçinin Q.İlyasov adına Qubadlı Şəhər 1 saylı, rayonun Bəhmən Mehdiyev adına Şəhər 2 saylı tam orta məktəblərinin, Hafiz Quliyev adına Çaytumas kənd məktəb-liseyinin, Mehman Ağayarov adına Kavdadıq, Rəfail Əlirzayev adına Xocahan, İşıqlı və Əliquluuşağı kənd tam orta məktəblərinin müəllim və yuxarı sinif şagirdləri qatılıblar.

  Qara İlyasov adına Qubadlı Şəhər 1 saylı tam orta məktəbin direktoru Aynurə Şahmuradova tədbiri açıq elan etdikdən sonra, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirin əsas məqsədi şagirdlərin rəqəmsal savadlılığının artırılması, informasiya təhlükəsizliyi mədəniyyətinin erkən yaşlardan formalaşdırılması və məktəblərdə kibertəhdidlərə qarşı daha dayanıqlı təhsil mühitinin yaradılmasına töhfə verməkdir.

  Tədbirdə məktəbin informatika müəllimi Lalə İsayeva uşaqların internet təhlükəsizliyinin təmin olunması, qlobal şəbəkənin və rəqəmsal resursların müsbət və mənfi cəhətləri barədə geniş təqdimatla çıxış edib.

  Daha sonra çıxış edən digər qonaqlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə informasiya texnologiyaları və uşaq hüquqlarının müdafiəsi istiqamətində görülən işləri diqqətə çatdırıblar. Natiqlər qeyd ediblər ki, yeniyetmələrin hər şeyi öyrənmək istəyi onların internetdə saatlarla vaxt keçirməsinə səbəb olur. Bu isə uşaqların real ünsiyyətdən uzaqlaşıb virtual münasibətlərə qapanması, cəmiyyətdən izolyasiya olunması və ciddi sağlamlıq problemlərinin yaranması ilə nəticələnir. Bu baxımdan, virtual məkanda təhlükəsizlik qaydalarına riayət olunması həyati əhəmiyyət kəsb edir.

  Tədbirin bədii hissəsində Q.İlyasov adına Qubadlı Şəhər 1 saylı tam orta məktəbin şagirdlərinin və “Uşaq Səfirlər Məclisi”nin rayon fəallarının mövzuya uyğun hazırladıqları maraqlı səhnəcik, rəqəmsal təhlükəsizlik qaydalarını əks etdirən videoçarx və qısametrajlı film nümayiş olunub.

Keçidlər