Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Abbasov Zamin Xaqani Oğlunun Anım Günü Qeyd Olundu

23 sentyabr 2026 | 17:31

Qubadlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə, 2026-cı il 23 sentyabr tarixində Qarabağda lokal xarakterli antiterror tədbirlərinin keçirilməsi zamanı 20.09.2023-cü il tarixində Xocavənd rayonunda şəhid olmuş Qubadlı şəhər sakini, baş leytenant Abbasov Zamin Xaqani oğlunun anım günü ilə əlaqədar Sumqayıt şəhərində yerləşən “Şəhidlər Xiyabanı”nda tədbir keçirildi.

  Tədbirdə Qubadlı Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haxverdiyev, RİH-in məsul işçiləri, idarə, müəssisə və təşkilat rəhbərləri, RİHB-nın inzibati ərazi dairəsi üzrə nümayəndələri, Qubadlı rayon Mehman Ağayarov adına Kavdadıq kənd tam orta məktəbinin kollektivi, şəhidimizin ailə üzvləri və yaxınları, həmçinin ictimaiyyət nümayəndələri iştirak etdilər.

  Tədbir iştirakçıları əvvəlcə torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş Vətən oğullarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər, şəhidimizin məzarı üzərinə əklil və gül dəstələri qoydular. Şəhidimizin ruhuna dualar oxundu. Eyni zamanda, rayonun Mehman Ağayarov adına Kavdadıq kənd tam orta məktəbinin şagirdləri tərəfindən vətənpərvərlik mövzusunda və şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş şeirlər səsləndirildi.

  Tədbirdə çıxış edən Qubadlı Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haxverdiyev qeyd etdi ki, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilmiş torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizin qəhrəmanlığı, xalqın birliyi və ədalətli mövqeyi “Dəmir Yumruq”da birləşərək işğalçıya sarsıdıcı zərbə vurdu. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki şəxslər, bütövlükdə xalqımız birlik və həmrəylik nümayiş etdirdi. Bütün təzyiqlərə və təhdidlərə baxmayaraq, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Şanlı Azərbaycan Ordusu öz gücünü göstərərək qələbə qazandı.

  Qeyd olundu ki, 2023-cü il sentyabrın 19-20-də Azərbaycanın Qarabağ bölgəsində Azərbaycan Silahlı Qüvvələri tərəfindən lokal xarakterli “antiterror tədbirləri” həyata keçirildi. Bu əməliyyatlar bölgədə erməni silahlı qruplaşmalarının tərk-silah edilməsi və Azərbaycanın suverenliyinin tam bərpası məqsədilə həyata keçirildi. Əməliyyatlar bir neçə strateji istiqamətdə, o cümlədən erməni silahlı birləşmələrinin mövqelərinə qarşı dəqiq zərbələrlə həyata keçirildi.

  Bu hadisələr uzun müddət davam edən Azərbaycan-Ermənistan münaqişəsinin, xüsusən də 2020-ci il Vətən müharibəsi nəticəsində əldə edilmiş sülh razılaşmalarının tam yerinə yetirilməməsi və Qarabağ bölgəsində erməni silahlı qüvvələrinin hələ də mövcud olmasına qarşı cavab tədbiri idi.

  Nəticədə, bu əməliyyatlar erməni qüvvələrinin silahsızlaşdırılması və onların təslim olması ilə nəticələndi.

2023-cü il 19-20 sentyabr tarixlərində Azərbaycanın Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə aparılan antiterror tədbirləri nəticəsində Azərbaycan öz suverenliyini tam bərpa etdi. Cəmi 23 saat 43 dəqiqə ərzində erməni separatçıları ağ bayraq qaldırmağa məcbur oldular. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən həmin ərazilərdə – Xocavənd, Əsgəran, Xocalı, Ağdərə və Xankəndi şəhərlərində Azərbaycan bayrağı qaldırıldı. Bu gün Azərbaycan Bayrağı işğaldan azad olunmuş bütün ərazilərimizdə qürurla dalğalanır.

  Tədbirdə digər çıxış edənlər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuzun qısa zamanda əldə etdiyi nailiyyətlərin, peşəkar idarəçiliyin, döyüş hazırlığının və hərbi-vətənpərvərlik ruhunun daim yüksək olmasının imkan verdiyini qeyd etdilər ki, biz torpaqlarımızı düşmənlərdən azad edək. Hər bir Azərbaycan vətəndaşı artıq əmindir ki, hazırkı mürəkkəb tarixi şəraitdə ölkəmizin ərazi bütövlüyünün bərpası Ali Baş Komandanın güclü siyasəti və iradəsi, ordumuzun əzmi və qətiyyəti, xalqımızın həmrəyliyi sayəsində mümkün oldu. Müzəffər Azərbaycan Ordusunun hər bir uğurlu əməliyyatı xalqımızın qələbə ruhlu və qətiyyətli millət kimi dünya tarixinin heç zaman unudulmayacaq səhifələrinə həkk olunmasına səbəb oldu. 44 günlük Vətən müharibəsində əks-hücum əməliyyatları müvəffəqiyyətlə başa çatdı. Vətən müharibəsi bizim böyük zəfərimizlə bitdi. Azərbaycan Ordusunun əldə etdiyi tarixi zəfər dövlət və xalqın mənafeyi baxımından xüsusi əhəmiyyətə malikdir. Uzun illərdən bəri düşmən tapdağı altında qalmış torpaqlarımızın işğaldan azad edilməsi, ilk növbədə, Azərbaycan xalqının özünə inamını qaytardı, xalqın öz Liderinə və onun gücünə etibarını daha da möhkəmləndirdi.

  Çıxışlarda vurğulandı ki, 30 ilə yaxın həsrətində olduğumuz Qubadlı rayonu 25 oktyabr 2020-ci ildə şəhidlərimizin qanı və canı bahasına işğaldan azad olunmuşdur. 44 günlük Vətən müharibəsində qəhrəmanlar içərisində canından və qanından keçən Qubadlı rayonundan 12 şəhid və 60-dan çox yaralı öz adlarını tarixə yazdılar.

  Şəhidimizin əmisi Əkbər Abbasov və anası Sevda Abbasova göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan, Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqova minnətdarlıqlarını bildirdilər.

  Qeyd edək ki, şəhid Abbasov Zamin Xaqani oğlu 08.03.1993-cü ildə Qubadlı şəhərində anadan olmuşdur. 31 avqust 1993-cü ildə Qubadlı rayonunun erməni silahlı qüvvələri tərəfindən işğal olunması nəticəsində məcburi köçkün kimi Sumqayıt şəhərində müvəqqəti məskunlaşmışdır. 2000-ci ildə Qubadlı rayon Mehman Ağayarov adına Kavdadıq kənd tam orta məktəbinə daxil olmuşdur. 2008-ci ildə 8-ci sinfi bitirən Zamin C. Naxçıvanski adına Hərbi Liseyə daxil olmuş, 2011-ci ildə oranı bitirdikdən sonra Heydər Əliyev adına Ali Hərbi Akademiyaya daxil olmuşdur. 2015-ci ildə Akademiyanı bitirdikdən sonra peşəkar kadr kimi hərbi sənətə yiyələnmişdir. Ermənistanla şərti sərhəddə, ön xətt briqadasında xidmət keçmişdir. Xidməti dövründə dəfələrlə komandanlıq tərəfindən Fəxri Fərman və döş nişanları ilə təltif edilmişdir. 2016-cı il Aprel döyüşləri zamanı xüsusi şücaət göstərmiş, komandanlıq tərəfindən “Döyüşdə fərqlənməyə görə” medalı ilə təltif edilmişdir. 2020-ci il 44 günlük Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Laçın rayonları uğrunda gedən döyüşlərdə xüsusilə fərqlənmiş, tabeçiliyində olan hərbi qulluqçuları birinin belə burnu qanamadan müharibənin sonunadək sağ-salamat aparıb çıxarmışdır. Azərbaycanın Milli Qəhrəmanı Şükür Həmidov tərəfindən, həmçinin korpus komandiri tərəfindən təşəkkürnamə və Fəxri Fərmanlarla təltif edilmişdir. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Sərəncamı ilə Abbasov Zamin Xaqani oğlu hərbi xidmətdə fərqlənməyə görə III dərəcəli, “Vətən müharibəsi iştirakçısı”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları və III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir.

Şəhid Abbasov Zamin Xaqani oğlu həmçinin 2021-2022-ci illərdə qısamüddətli əməliyyatlar zamanı tabeçiliyində olan hərbi qulluqçularla birgə xüsusi şücaətlər göstərmişdir.

20.09.2023-cü il tarixində Azərbaycan Respublikasının Qarabağda lokal xarakterli antiterror tədbirlərinin keçirilməsi zamanı Abbasov Zamin Xaqani oğlu Xocavənd rayonunda düşmən snayperindən açılan atəş nəticəsində aldığı yaradan şəhid olmuşdur. Sumqayıt şəhərində yerləşən “Şəhidlər Xiyabanı”nda dəfn olunub.

Ailəli idi, bir övladı var.

Keçidlər