ŞƏHİD ABBASOV ZAMİN XAQANİ OĞLUNUN DOĞUM GÜNÜ MÜNASİBƏTİLƏ TƏDBİR KEÇİRİLDİ.
08 mart 2024 | 14:51
2024-cü il 8 mart tarixində Qubadlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Sumqayıt şəhər Şəhidlər Xiyabanında Qarabağda lokal xarakterli antiterror tədbirlərinin keçirilməsi zamanı 20.09.2023-cü il tarixdə Xocavənd rayonunda Şəhid olmuş Qubadlı şəhər sakini baş leytenant Abbasov Zamin Xaqani oğlunun doğum günü tədbiri keçirildi.
Tədbirdə Qubadlı Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haxverdiyev, RİH-in məsul işçiləri, idarə, müəssisə, təşkilat rəhbərləri, RİHB-nın inzibati ərazi dairəsi üzrə nümayəndələri, şəhidimizin ailə üzvləri, yaxınları, döyüş yoldaşları və ictimaiyyət nümayəndələri iştirak edirdilər.
Tədbir iştirakçıları əvvəlcə torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş vətən oğullarının xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Şəhidimizin ziyarətinə gələnlər məzarı üzərinə əklil və gül dəstələri qoydular. Şəhidimizin ruhuna dualar oxundu. Eyni zamanda vətənpərvərlik mövzusunda və şəhidlərimizin haqqında şeirlər səsləndirildi.
Tədbirdə çıxış edən Qubadlı Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haxverdiyev qeyd etdi ki, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizin qəhrəmanlığı, xalqın birliyi və ədalətli mövqeyi “dəmir yumruq”da birləşərək işğalçıya sarsıdıcı zərbə vurdu. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki şəxslər, bütövlükdə xalqımız birlik və həmrəylik nümayiş etdirdi. Bütün təzyiqlərə, təhdidlərə baxmayaraq Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Şanlı Azərbaycan Ordusu gücünü göstərərək Qələbə qazandı.
Daha sonra çıxış edənlər vurğuladılar ki, 44 gün davam edən və işğal altındakı torpaqlarımızın azad olunması ilə nəticələnən Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Azərbaycan xalqı öz liderinin- Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Öz xalqı ilə vəhdətdə olan Lider kimi mübarizlik rəmzinə çevrildi, 30 ilə yaxın davam edən münaqişədə qalib tərəf oldu və tarixi ədaləti bərpa etdi.
Həmçinin 2023-cü il 19-20 sentyabr tarixlərində Azərbaycanın Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə aparılan antiterror tədbirləri nəticəsində Azərbaycan öz suverenliyini tam bərpa etdi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən həmin ərazilərdə - Xocavənd, Əsgəran, Xocalı, Ağdərə, Xankəndi şəhərlərində Azərbaycan bayrağı qaldırıldı. Xankəndində bayrağımızın qaldırılması ədalətin bərpası idi. Bu gün Azərbaycan Bayrağı Xankəndidə, Xocalıda və işğaldan azad olunmuş bütün ərazilərimizdə qürurla dalğalanır.
Digər çıxışlarda vurğulandı ki, 30 ilə yaxın həsrətində olduğumuz Qubadlı rayonu 25 oktyabr 2020-ci ildə şəhidlərimizin qanı və canı bahasına işğaldan azad olunmuşdur. 44 günlük Vətən müharibəsində qəhrəmanlar içərisində canından və qanından keçən Qubadlı rayonundan 12 şəhid və 40-dan çox yaralı öz adlarını tarixə yazdılar.
Sonda şəhidimizin atası Xaqani Abbasov göstərdikləri diqqət və qayğıya görə Ali Baş Komandan Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqova minnətdarlığını bildirdi.
Tədbirdən sonra şəhid Abbasov Zamin Xaqani oğlunun adına Şəhanə şadlıq sarayının kiçik zalında ehsan süfrəsi verildi.
Şəhid Abbasov Zamin Xaqani oğlu 08.03.1993-cü ildə Qubadlı şəhərində anadan olmuşdur. 31 avqust 1993-cü ildə Qubadlı rayonunun erməni silahlı qüvvələri tərəfindən işğal olunması nəticəsində məcburi köçkün kimi Sumqayıt şəhərində müvəqqəti məskunlaşmışdır. 2000-ci il tarixdə Qubadlı rayon Mehman Ağayarov adına Kavdadıq kənd tam orta məktəbinə daxil olmuşdur. 2008-ci ildə 8-ci sinfi bitirən Zamin C.Naxçıvanski adına Hərbi Liseyə daxil olmuş, 2011-ci ildə oranı bitirdikdən sonra Heydər Əliyev adına Ali Hərbi Akademiyaya daxil olmuşdur. 2015-ci ildə Akademiyanı bitirdikdən sonra peşəkar kadr kimi hərbi sənətə yiyələnmişdir. Ermənistanla şərti sərhəddə, ön xətt briqadasında xidmət keçmişdir. Xidməti dövründə dəfələrlə komandanlıq tərəfindən Fəxri Fərman və döş nişanları ilə təltif edilmişdir. 2016-cı il aprel döyüşləri zamanı xüsusi şücaət göstərmiş, komandanlıq tərəfindən “Döyüşdə fərqlənməyə görə” medalı ilə təltif edilmişdir. 2020-ci il 44 günlük 44 günlük Vətən Müharibəsi zamanı Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın rayonları uğrunda gedən döyüşlərdə xüsusilə fərqlənmiş, tabeçiliyində olan hərbi qulluqçuları birinin belə burnu qanamadan müharibənin sonunadək sağ-salamat aparıb çıxarmışdır. Azərbaycanın Milli Qəhrəmanı Şükür Həmidov tərəfindən, həmçinin korpus komandiri tərəfindən təşəkkürnamə və Fəxri Fərmanlarla təltif edilmişdir. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Sərəncamı ilə Abbasov Zamin Xaqani oğlu Hərbi xidmətdə fərqlənməyə görə III dərəcəli, “Vətən Müharibəsi iştirakçısı”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları və III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təttif edilmişdir.
Şəhid Abbasov Zamin Xaqani oğlu həmçinin 2021-2022-ci illərdə qısamüddətli əməliyyatlar zamanı tabeçiliyində olan hərbi qulluqçularla birgə xüsusi şücaətlər göstərmişdir.
20.09.2023-cü il tarixdə Azərbaycan Respublikasının Qarabağda lokal xarakterli antiterror tədbirlərinin keçirilməsi zamanı Abbasov Zamin Xaqani oğlu Xocavənd rayonunda düşmən snayperindən açılan atəş nəticəsində aldığı yaradan Şəhid olmuşdur. Sumqayıt şəhər “Şəhidlər xiyabanı"nda dəfn olunub.
Ailəli idi, bir övladı var.
ALLAH BÜTÜN ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN!