Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Abışov Sirac Abış oğlunun anım günü

05 iyun 2023 | 10:21

Qubadlı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə5 iyun 2023-cü il tarixində Sumqayıt şəhər Şəhidlər Xiyabanında Şəhid Abışov Sirac Abış oğlunun anım tədbiri keçirildi. Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haxverdiyev, YAP Qubadlı rayon təşkilatının sədri Təhmasib Rüstəmov, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar cəmiyyətinin sədri Rövşən Məmmədov, Sumqayıt şəhər İcra Hakimiyyəti aparatının Vətən müharibəsi iştirakçıları və Şəhid ailələri ilə işin təşklili şöbəsinin müdiri Tərlan Hacızadə, RİH-in məsul işçiləri, idarə, müəssisə, təşkilat rəhbərləri, Şəhidimizin ailə üzvləri və yaxınları, döyüş yoldaşları, eyni zamanda ictimaiyyət nümayəndələri iştirak edirdilər. Tədbir iştirakçıları əvvəlcə torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş vətən oğullarının xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.

Sonra Şəhidin ruhuna dualar oxundu.

Sumqayıt Regional Mədəniyyət İdarəsinin Qubadlı rayon nümayəndəliyinin işçiləri və Qubadlı rayon Dondarlı kənd tam orta məktəbinin şagirdləri tərəfindən Vətənpərvərlik mövzusunda və şəhidlərimizin ruhuna həsr olunmuş şeirlər səsləndirildi.

Tədbirdə çıxış edənRayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haxverdiyev qeyd etdi ki, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizin qəhrəmanlığı, xalqın birliyi və ədalətli mövqeyi “dəmir yumruq”da birləşərək işğalçıya sarsıdıcı zərbə vurmuşdur. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki şəxslər, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirdilər. Prezident İlham Əliyev hərbi sahədə olduğu kimi diplomatik və informasiya savaşı cəbhəsində də misilsiz rəşadət göstərmişdir. Belə ki, müharibənin gedişində və müharibədən sonra onlarla aparıcı xarici KİV-ə müsahibələr vermişdir. 44 günlük müharibədə Ordumuzun qəhrəmanlığı, Ali Baş Komandanın qətiyyəti ermənilərin və havadarlarının bölgədəki siyasətinin iflası ilə nəticələndi. Bütün təzyiqlərə, təhdidlərə baxmayaraq Azərbaycan Qələbə qazandı və tarixi ədalət bərpa olundu.

Çıxış edən “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar cəmiyyətinin sədri Rövşən Məmmədov Ümummilli lider Heydər Əliyevin ən layiqli davamçısı cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ötən illər ərzində böyük inkişaf yolu keçdiyini, Azərbaycanın dünyanın sürətlə inkişaf edən ölkələri sırasında olduğunu, eyni zamanda da 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsini, ölkəmizin regionda və dünyada mövqelərini daha da möhkəmləndirdiyini diqqətə çatdıraraq, bunu həyata keçirilən uğurlu siyasətin nəticəsi olduğunu vurğulamışdır. Ulu Öndərin ənənələrinə daim sadiq qalan Azərbaycan Prezidenti İlham Əliyev onun arzu və ideyalarını müvəffəqiyyətlə həyata keçirərək Müasir Azərbaycanı inkişaf etmiş qüdrətli dövlətə çevirmişdir. 

Çıxış edən YAP Qubadlı rayon təşkilatının sədri Təhmasib Rüstəmov qeyd etdi ki, Vətən müharibəsində igid oğullarımızın göstərdiyi qəhrəmanlıq sayəsində Şəhidlərimizin qanı yerdə qalmadı, qisası alındı. Qubadlı rayonu 25 oktyabr 2020-ci ildə şəhidlərimizin qanı və canı bahasına işğaldan azad olunmuşdur. 44 günlük Vətən müharibəsində  qəhrəmanlar içərisində canından və qanından keçən Qubadlı rayonundan 11 şəhid və 40-dan çox yaralı öz adlarını tarixə yazdılar.

Çıxış edən Sumqayıt şəhər İcra Hakimiyyəti aparatının Vətən müharibəsi iştirakçıları və Şəhid ailələri ilə işin təşklili şöbəsinin müdiri Tərlan Hacızadəqeyd etdi ki, Dövlətimiz Şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi üçün mütəmadi tədbirlər görür. Onlara təyin edilən Prezident təqaüdü,  mənzil şəraitlərinin yaxşılaşması üçün atılan addımlar həmin ailələrin maddi rifah halının yaxşılaşmasına göstərilən dövlət qayğısının bariz nümunəsidir.

Sonra çıxış edənşəhidin təhsil aldığı Sumqayıt şəhəri 40 saylı məktəbin direktoru İlqar Həbibullayev şəhidin yaxınlarına başsağlığı verdi və Sirac Abişov barədə xatirələrini bölüşdü.

Şəhidin atası Abış Abışovgöstərdiyi diqqət və qayğıya görə Ali Baş Komandan Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqova və Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcova minnətdarlıqlarını bildirdilər.

Sonra Sumqayıt şəhərində yerləşən Qubadlı şadlıq sarayında ehsan süfrəsi verildi.

Abışov Sirac Abış oğlu 1989-cu il 29 avqust tarixində Qubadlı     rayonunun Dondarlı kəndində anadan olmuşdur. 1996-cı ildə Sumqayıt şəhər Ç.Mustafayev adına 40 saylı tam orta məktəbinə qəbul olmuş , 2007-ci ildə həmin məktəbin məzunu olmuşdur. Elə həmin il Azərbaycan Dəniz Balıq Sənayesi texnikumuna daxil olmuş, 2009-cu ildə Gömrük ekspertizası ixtisası üzrə tam kursu bitirmişdir.

 Media sahəsinə olan marağı onun yolunu 2010-cu ildən etibarən Azərbaycan Dövlət Televiziyası və Radiosu Qapalı Səhmdar Cəmiyyətindən salır. Bir müddət “Yurd tv”-də, daha sonra 2020-ci ilin noyabr ayından etibarən işğaldan azad olunmuş rayonlarda yaradılmış, Xüsusi Çəkiliş Qrupunun tərkibində yer almış, ordumuzun nəzarətində olan Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Hadrut, Xocalı, və Xocavənd rayonlarının bütün ərazilərində dövlət əhəmiyyətli çəkilişlər etmişdir.
        Əsrarəngiz təbiətə malik olan Kəlbəcərdə növbəti çəkiliş 04.06.2021-ci il tarixində Susuzluq kəndindən başlayacaqdı. Lakin kənd ərazisinə daxil olarkən heyəti aparan Kamaz Markalı nəqliyyat vasitəsi mənfur düşmənlərin tank əleyhinə basdırdığı minaya düşür. Sirac Abışov həmin hadisə nəticəsində dünyasını dəyişərək şəhidlik zirvəsinə ucalır. Həmin vaxt Sirac Abışovla bərabər Azərtacın müxbiri Məhərrəm İbrahimov və RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev həlak olub. Şəhid jurnalist Sirac Abışov Sumqayıt Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycan Respublikası Prezidentinin 14.06.2021-ci il tarixli Sərəncamı ilə 3-cü dərəcəli Vətənə Xidmətə Görə Ordeni ilə təltif edilmişdir.

Ailəli idi, övladı Özgür adında bir övladı var.

Allah rəhmət eləsin!  

 

Keçidlər