Şəhid Abışov Sirac Abış oğlunun doğum günü
Qubadlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 29 avqust 2024-cü il tarixdə Sumqayıt şəhər Şəhidlər Xiyabanında Şəhid Abışov Sirac Abış oğlunun 35 yaşının tamam olması münasibətilə yubley tədbiri keçirildi. Tədbirdə Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Rövşən Məmmədov,RİH-in məsul işçiləri, idarə, müəssisə, təşkilat rəhbərləri, RİHB-nin inzibati ərazi dairəsi üzrə nümayəndələri, şəhidimizin ailə üzvləri və yaxınları, jurnalistlər, eyni zamanda ictimaiyyət nümayəndələri iştirak edirdilər.
Tədbir iştirakçıları əvvəlcə torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş vətən oğullarının xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Şəhidimizin ruhuna dualar oxundu.
Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsinin Qubadlı rayon nümayəndəliyi, Mədəniyyət evinin bədii qiraət dərnəyinin üzvləri, şair Elbrus Qayalı tərəfindən Vətənpərvərlik mövzusunda şeirlər səsləndirildi.
Tədbirdə çıxış edənQubadlı Rayon İcra Hakimiyyətininbaşçısı Malik İsaqov qeyd etdi ki, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizin qəhrəmanlığı, xalqın birliyi və ədalətli mövqeyi “dəmir yumruq”da birləşərək işğalçıya sarsıdıcı zərbə vurmuşdur. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki şəxslər, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirdilər. 44 günlük Vətən müharibəsində Ordumuzun qəhrəmanlığı, Ali Baş Komandanın qətiyyəti ermənilərin və havadarlarının bölgədəki siyasətinin iflası ilə nəticələndi. Bütün təzyiqlərə, təhdidlərə baxmayaraq Azərbaycan Qələbə qazandı və tarixi ədalət bərpa olundu.
Vətən müharibəsində igid oğullarımızın göstərdiyi qəhrəmanlıq sayəsində Şəhidlərimizin qanı yerdə qalmadı, qisası alındı. Qubadlı rayonu 25 oktyabr 2020-ci ildə şəhidlərimizin qanı və canı bahasına işğaldan azad olunmuşdur. 44 günlük Vətən müharibəsində qəhrəmanlar içərisində canından və qanından keçən Qubadlı rayonundan 12 şəhid və 40-dan çox yaralı öz adlarını tarixə yazdılar.
“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Rövşən Məmmədovçıxış edərək bildirdi ki,Ümummilli lider Heydər Əliyevin ən layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ötən illər ərzində böyük inkişaf yolu keçdiyini, Azərbaycanın dünyanın sürətlə inkişaf edən ölkələri sırasında olduğunu, eyni zamanda da 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsini, ölkəmizin regionda və dünyada mövqelərini daha da möhkəmləndirdiyini diqqətə çatdıraraq, bunu həyata keçirilən uğurlu siyasətin nəticəsi olduğunu vurğulamışdır. Ulu Öndərin ənənələrinə daim sadiq qalan Azərbaycan Prezidenti İlham Əliyev onun arzu və ideyalarını müvəffəqiyyətlə həyata keçirərək Müasir Azərbaycanı inkişaf etmiş qüdrətli dövlətə çevirmişdir.
Digər çıxış edənlər şəhidin yaxınlarına başsağlığı verdilər və Sirac Abışov barədə xatirələrini bölüşdülər.
Şəhidin atası Abış Abışov göstərdiyi diqqət və qayğıya görə Ali Baş Komandan Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqova minnətdarlığını bildirdi.
Tədbir Sumqayıt şəhərində yerləşən “Nur” şadlıq sarayında şəhidimizin adına verilən ehsan süfrəsi ilə davam etdirildi.
Abışov Sirac Abış oğlu 1989-cu il 29 avqust tarixində Qubadlı rayonunun Dondarlı kəndində anadan olmuşdur. 1996-cı ildə Sumqayıt şəhər Ç.Mustafayev adına 40 saylı tam orta məktəbinə qəbul olmuş , 2007-ci ildə həmin məktəbin məzunu olmuşdur. Elə həmin il Azərbaycan Dəniz Balıq Sənayesi texnikumuna daxil olmuş, 2009-cu ildə Gömrük ekspertizası ixtisası üzrə tam kursu bitirmişdir.
Media sahəsinə olan marağı onun yolunu 2010-cu ildən etibarən Azərbaycan Dövlət Televiziyası və Radiosu Qapalı Səhmdar Cəmiyyətindən salır. Bir müddət “Yurd tv”-də, daha sonra 2020-ci ilin noyabr ayından etibarən işğaldan azad olunmuş rayonlarda yaradılmış, Xüsusi Çəkiliş Qrupunun tərkibində yer almış, ordumuzun nəzarətində olan Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Hadrut, Xocalı, və Xocavənd rayonlarının bütün ərazilərində dövlət əhəmiyyətli çəkilişlər etmişdir.
Əsrarəngiz təbiətə malik olan Kəlbəcərdə növbəti çəkiliş 04.06.2021-ci il tarixində Susuzluq kəndindən başlayacaqdı. Lakin kənd ərazisinə daxil olarkən heyəti aparan Kamaz Markalı nəqliyyat vasitəsi mənfur düşmənlərin tank əleyhinə basdırdığı minaya düşür. Sirac Abışov həmin hadisə nəticəsində dünyasını dəyişərək şəhidlik zirvəsinə ucalır. Şəhid jurnalist Sirac Abışov Sumqayıt Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycan Respublikası Prezidentinin 14.06.2021-ci il tarixli Sərəncamı ilə 3-cü dərəcəli Vətənə Xidmətə Görə Ordeni ilə təltif edilmişdir.
Ailəli idi, Özgür adında bir övladı yadigar qalıb.
Şəhidimizi hörmətlə, qürurla anırıq Allah bütün şəhidlərimizə rəhmət eləsin!