Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Alıyev Elçin Bayram oğlunun Anım günü

12 noyabr 2022 | 16:37

Qubadlı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 2022-ci il 12noyabr tarixində  Bakı şəhəri, II Fəxri Xiyabanda 27 sentyabr 2020-ci il tarixində başlanmış Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda igidlik göstərənVətən Müharibəsinin şəhidi, Azərbaycan Silahlı Qüvvələrinin mayoru Alıyev Elçin Bayram oğlunun Anım günü tədbiri keçirilmişdir. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov,hüquq-mühafizə orqanları, Müdafiə Nazirliyinin əməkdaşları,idarə, müəssisə və təşkilat rəhbərləri, YAP Qubadlı rayon təşkilatının rəhbərliyi, İcra Hakimiyyətinin məsul işçiləri, Şəhidlərimizin ailə üzvləri, yaxınları, döyüş yoldaşları və ictimaiyyət nümayəndələri iştirak edirdilər. Əvvəlcə torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi, hərbi orkestrin ifasında Dövlət Himni səsləndirildi.Şəhidimizin ziyarətinə gələnlər məzarı üzərinə əklil və gül dəstələri qoydular. Şəhidimizin ruhuna dualar oxundu. Eyni zamanda vətənpərvərlik mövzusunda və şəhidlərimizin ruhuna həsr olunmuş şeirlər səsləndirildi.

Tədbirdə qeyd olundu ki, sentyabrın 27-dən başlayan, 44 gün davam edən işğal altındakı torpaqlarımızın azad olunması ilə nəticələnən Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Azərbaycan Silahlı Qüvvələri 44 günlük müharibə zamanı əsl vətənpərvərlik və qəhrəmanlıq göstərmiş, düşmənin canlı qüvvəsini, texnikasını məhv edərək Qələbə qazandı və tarixi ədalət bərpa olundu.Uzun illərdən bəri düşmən tapdağı altında qalmış torpaqlarımızı işğaldan azad etdi, Azərbaycan xalqının özünə inamını qaytardı, xalqın öz liderinə, onun gücünə etibarını daha da möhkəmləndirdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi.

Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib. 44 günlük Vətən müharibəsində canı və qanı bahasına ərazi bütövlüyümüzü bərpa edən hər bir əsgər və zabitimiz bizim qürurumuzdur.

Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Müzəffər Ordumuzun igidliyi, qəhrəmanlığı sayəsində torpaqlarımız, həmçinin 30 ilə yaxın həsrətində olduğumuz Qubadlı rayonu 25 oktyabr 2020-ci ildə işğaldan azad olundu. 27.09.2020-ci il tarixdən başlayan İkinci Qarabağ müharibəsində rayonumuzun sakinlərindən 300 nəfərə yaxını könüllü olaraq iştirak etmişdir. 44 günlük Vətən müharibəsində  qəhrəmanlar içərisində canından və qanından keçən Qubadlı rayonundan 11 şəhid və 40-dan çox qazimiz öz adlarını tarixə yazdılar. Şəhidlərimizin qisası alındı, qanı yerdə qalmadı.    

Şəhidimizin anası Adilə Alıyeva göstərdikləri diqqət və qayğıya görə Ali Baş Komandan Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqova minnətdarlığını bildirdi.

Alıyev Elçin Bayram oğlu 16 iyul 1975-ci ildə Qubadlı şəhərindəanadan olub. 1992-ci ildə Qubadlı Şəhər 1 saylı orta məktəbin məzunu olmuşdur.

1992-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə qəbul olmuş, 1993-cü ildə isə Ali Hərbi məktəbə yerdəyişmə etmiş, Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinin Tank Artilleriya fakültəsinin 1-ci kursuna qəbul olmuşdur. 1997-ci ildə Taktiki Yerüstü Artilleriya Komandiri və Artilleriya Silahlarının İstismarı üzrə mühəndis ixtisasına yiyələnmişdir. 1997-2005-ci illərdə N saylı hərbi hissədə Artilleriya batareyasının komandiri və briqadanın kəşfiyyat rəisi, 2006-2010-cu illərdə N saylı hərbi hissədə Artilleriya rəisinin köməkçisi, 2010- 2011-ci illərdə N saylı hərbi hissədə Artilleriya rəisinin baş köməkçisi, 2014 sentyabr - 2015 yanvar tarixinə qədər H.Əliyev adına Azərbaycan Ali Hərbi məktəbində müəllim, 2015-ci il yanvar ayından 2017-ci il aprel ayınadək N saylı hərbi hissədə Artilleriya bölməsi rəisinin baş köməkçisi vəzifəsində xidmət etmişdir. 2016-cı ilin aprel döyüşlərində “Lələ təpə”nin azad olunmasında öndə gedənlərimizdən biri olmuşdur.

Azərbaycan Respublikası Prezidenti adından Azərbaycan Respublikası Müdafiə Nazirinin müxtəlif tarixli əmri ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 10,90 və 95 illiyi” yubiley medalları, III, II dərəcəli “Qüsursuz xidmətə görə” medalları və “Azərbaycan Ordusunun100 illiyi” yubley medalı ilə təltif edilmişdir.

2017-ci il aprel ayından öz arzusu ilə hərbi xidmətdən ehtiyata buraxılmışdır. Təqaüdə çıxmasına baxmayaraq, 01 oktyabr 2020-ci ildə N saylı hərbi hissədən könüllü olaraq Vətən müharibəsinə yollanmışdır. Döyüş yolu ilk əvvəl Ağcabədi rayonunda əsgərlərə təlim keçməklə başlayır. Sonra isə əsgərləri ilə birgə Füzulidə döyüşə qatılır. Hadrutda, Xocavənddə, Şuşada gedən döyüşlərdə fəal iştrak edən igidlərdən biri olur.

Müharibə zamanı ayağından yaralanmasına baxmayaraq, döyüşə davam etmişdir.

7 noyabr 2020-ci ildə sinəsindən 3 güllə yarası alsa da, 1 gün yaralı vəziyyətdə döyüşür. O, 9 noyabr 2020-ci ildə Şuşada gedən döyüşlərdə qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalmışdır. Bakı şəhəri, II Fəxri Xiyabanda dəfn olunmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görəAzərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə mayor Alıyev Elçin Bayram oğlu ölümündən sonra “Vətən uğrunda”, 18 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Döyüşdə fərqlənməyə görə”, 29 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Qubadlının azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları və “Rəşadət” ordeni medalları ilə təltif edilmişdir.

Ailəli idi, 3 övladı var.

Allah rəhmət eləsin!

Keçidlər