Şəhid Alıyev Mübariz Əbdül oğlunun doğum günü
2023-cü il 09 dekabr tarixində Qubadlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Bakı şəhərŞəhidIər Xiyabanında I Qarabağ müharibəsi zamanı şəhid olmuş Azərbaycan Bayrağı ordenli Alıyev Mübariz Əbdül oğlunun doğum günü tədbiri keçirildi. Tədbirdə Qubadlı Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haxverdiyev, YAP Qubadlı rayon təşkilatının fəalları,RİH-nin məsul işçiləri, idarə, müəssisə, təşkilat rəhbərləri, RİHB-nın inzibati ərazi dairəsi üzrə nümayəndələri, Şəhidimizin ailə üzvləri, yaxınları, döyüş yoldaşları, eyni zamanda ictimaiyyət nümayəndələri iştirak edirdilər.
Əvvəlcə axund Mirsədizadə Müntəxəb və Əfəndiyev Həmdullah tərəfindən Şəhidlərimizin ruhuna dualar oxunduqdansonra tədbir iştirakçıları torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş vətən oğullarının xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsinin Qubadlı rayon nümayəndəliyi və şair Elbrus Qayalı tərəfindən vətənpərvərlik mövzusunda və şəhidlərimizin ruhuna həsr olunmuş şeirlər səsləndirildi.
Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haxverdiyev qeyd etdi ki, I Qarabağ müharibəsində Qubadlı rayonundan 238 nəfər Şəhid olmuşdur. Onlardan 11 nəfəri Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.
Eyni zamanda vurğulandı ki, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki şəxslər, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək düşmənə sarsıdıcı zərbələr endirmişdir. 44 günlük Vətən müharibəsində ordumuzun qəhrəmanlığı, Ali Baş Komandanın qətiyyəti ermənilərin və havadarlarının bölgədəki siyasətinin iflası ilə nəticələndi.
Qeyd olundu ki, 44 günlük Vətən müharibəsindən sonra Qubadlı RİH başçısı Malik İsaqovun köməkliyi ilə Qubadlı rayonunda Milli Qəhrəmanlar Əliyar Əliyev, Kərəm Mirzəyev, Vasili Əliyev, Aqil Məmmədov, Bəylər Ağayev və Milli qəhrəman Əliyar Əliyevin sürücüsü Əlisadət Ağayevin və Həsən Qorxmazın qəbirüstü abidələri yenidən götürülüb. Eləcə də Aşağı Mollu kəndində Həcər xanımın qəbirüstü abidəsi bərpa olunub. Qəbirüstü abidələrin bərpası hələ də davam edir, yaxın gələcəkdə digər şəhidlərimiz üçün də nəzərdə tutulur. Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı çox hörmətli cənab Malik İsaqovun diqqət və qayğısı sayəsində Sumqayıt və digər şəhərlərdə də müntəzəm olaraq bu işlər yerinə yetirilir. Vətən müharibəsi şəhidlərinin eləcə də I və II Qarabağ müharibəsi şəhidlərinin xatirəsini əbədiləşdirmək üçün abidələr qoyulur, xatirə lövhələri, baralyeflər hazırlanır.
Qeyd edildi ki, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizin qəhrəmanlığı, xalqın birliyi və ədalətli mövqeyi “dəmir yumruq”da birləşərək işğalçıya sarsıdıcı zərbə vurmuşdur. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Müzəffər Ordumuzun igidliyi, qəhrəmanlığı sayəsində torpaqlarımız, həmçinin 30 ilə yaxın həsrətində olduğumuz Qubadlı rayonu 25 oktyabr 2020-ci ildə işğaldan azad olundu. 44 günlük Vətən müharibəsində qəhrəmanlar içərisində canından və qanından keçən Qubadlı rayonundan 11 şəhid və 40-dan çox qazimiz öz adlarını tarixə yazdılar. Şəhidlərimizin qisası alındı, qanı yerdə qalmadı.
Çıxış edən Şəhidin müəllimi Nadir Həsənov qeyd etdilər ki, Şəhidlərimizin ailələri həmişə dövlət tərəfindən diqqət mərkəzində olmuşdur. Son illər Respublikamızda Şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına yönəlmiş tədbirlər bunun bariz nümunəsidir.
Daha sonraŞəhidin qardaşı Fəxrəddin Alıyev, bacısı Xəzəngül Alıyev göstərdikləri diqqət və qayğıya görə Ali Baş Komandan, cənab Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqova minnətdarlıqlarını bildirdilər.
Alıyev Mübariz Əbdül oğlu 10 dekabr 1964-cü ildə Qubadlı rayonunun Çərəli kəndində anadan olmuşdur. 1978-ci ildə Çərəli kənd tam orta məktəbinin 8-ci sinifini, 1982-ci ildən - 1984-cü ilə qədər isə Sumqayıt şəhər Politexnik Texnikumunu bitirmişdir. 1984-1986-cü illərdə Sovet Ordusunda xidmət etmişdir. Hərbi xidməti bitirdikdən sonra doğma vətəninə qayıdan Mübariz Alıyev Qubadlı rayonunun tikinti idarəsində iş icraçısı işləmişdir. Vətənpərvər Mübariz Əbdül oğlu Alıyev erməni təcavüzkarlarının haqsız hərəkətlərinə dözə bilməyərək 1993-cüil mart ayının 2-də Milli Ordu sıralarına daxil olub, erməni quldurlarına qarşı döyüşlərə qatılmışdır. Rayonun Ermənistanla sərhəd kəndlərinin müdafiəsi uğrunda gedən qızğın döyüşlərdə cəsurluq nümunəsi göstərmişdir.
Qubadlının işğalından sonra Mübariz Alıyev Zəngilan, Füzuli, Cəbrayıl,Ağdamrayonlarında gedən qanlı döyüşlərdə də həmişə öndə olmuşdur. Mübariz Alıyev bütün döyüşlərdə həyatını təhlükədə qoyaraq, yaralı yoldaşlarını arxa xəttə çıxarır, erməni silahlı quldur dəstələrinə ağır zərbələr vururdu. Son döyüşü04.01.1994-cü ildə Ağdam rayonunun Güllücə kəndinin geri qaytarılması zamanı olmuşdur. O, düşmənin 50 nəfərdən çox canlı qüvvəsini məhv edərək, düşmənin atəşi altında döyüş meydanından düşmən tərəfindən vurulmuş texnika və şəhidləri qorxmadan çıxarmış, son nəfəsinədək döyüşmüş və qəhrəmancasına şəhid olmuşdur. Bakı şəhərində yerləşən“Şəhidlər Xiyabanı”nda dəfn olunmuşdur.
Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 25 iyun tarixli, 2305 nömrəli Sərəncamı ilə “Azərbaycan Bayrağı”ordeni ilə təltif edilib.
Ailəli idi, bir qız övladı yadigar qalıb.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!