Şəhid Allahverdiyev Vüsal Tahir oğlunun doğum günü qeyd olundu.
Qubadlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 16 avqust 2025-ci il tarixdə, “Konstitusiya və Suverenlik İli” çərçivəsində, Sumqayıt şəhər "Şəhidlər Xiyabanı"nda Vətən Müharibəsi şəhidi Allahverdiyev Vüsal Tahir oğlunun doğum günü münasibəti ilə tədbir keçirildi.
Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haxverdiyev, RİH-nin məsul işçiləri, idarə, müəssisə, təşkilat rəhbərləri, RİHB-nın inzibati ərazi dairəsi üzrə nümayəndələri, Sumqayıt Cümə Məscidinin axundu Hacı Rauf Sərdarov, şəhidimizin ailə üzvləri, yaxınları, döyüş yoldaşları, Qubadlı şəhər sakinləri, eyni zamanda ictimaiyyət nümayəndələri iştirak edirdilər.
Tədbir iştirakçıları torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş vətən oğullarının xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Şəhidimizin məzarı ziyarət olundu, məzarı üzərinə gül dəstələri qoyuldu, ruhuna dualar oxundu.
Vətənpərvərlik mövzusunda və şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş şeirlər səsləndirildi.
Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haxverdiyev qeyd etdi ki, 44 günlük Vətən Müharibəsində Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etmişdir. Ermənistanın Azərbaycana qarşı təcavüzünün qarşısını almaq məqsədi ilə 27 sentyabrda bütün cəbhə boyu əks-hücuma keçən Azərbaycan Ordusu 1990-cı illərin əvvəlində baş vermiş Birinci Qarabağ Müharibəsi zamanı Ermənistan tərəfindən işğal edilmiş əraziləri işğaldan azad etməyə başladı. 44 gün davam edən Vətən Müharibəsi Şanlı Azərbaycan Ordusunun gücünü göstərdi və Azərbaycanın qələbəsi ilə başa çatdı.
30 ilə yaxın həsrətində olduğumuz Qubadlı rayonu 25 oktyabr 2020-ci ildə işğaldan azad olundu. Vətən müharibəsində qəhrəmanlar içərisində canından və qanından keçən Qubadlı rayonundan 12 şəhid və 40-dan çox qazimiz öz adlarını tarixə yazdılar. Şəhidlərimizin qisası alındı, qanı yerdə qalmadı.
Həmçinin 19-20 sentyabr 2023-cü il tarixində Azərbaycanın Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə aparılan antiterror tədbirləri nəticəsində Azərbaycan öz suverenliyini tam bərpa etdi.
Tədbirdə digər çıxış edənlər şəhidimizlə bağlı öz xatirələrini bölüşərək qeyd etdilər ki, şəhidlərimizin ailələri həmişə dövlət tərəfindən diqqət mərkəzində olmuşdur. Son illər Respublikamızda Şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına yönəlmiş tədbirlər bunun bariz nümunəsidir.
Şəhidimizin atası Tahir Allahverdiyev göstərdikləri diqqət və qayğıya görə Ali Baş Komandan, Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqova minnətdarlığını bildirdi.
Daha sonra Tədbir iştirakçıları tərəfindən 44 günlük Vətən müharibəsində şəhid olmuş Tibb Xidməti Rəisi Baş leytenant Qasımov Şöhrət Şakir oğlunun doğum günü ilə əlaqədar məzarı ziyarət olundu .
Qeyd edək ki, Allahverdiyev Vüsal Tahir oğlu 16 avqust 1988-ci ildə Qubadlı şəhərində anadan olub.
2006-cı ildə Qubadlı Şəhər 2 saylı tam orta məktəbini bitirərək Azərbaycan Kooperasiya universitetinin maliyyə və kredit fakültəsinə daxil olmuş və həmin universiteti bitirmişdir. 2010-2011-ci illərdə Gəncə şəhərində yerləşən N saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir.
2012-2015-ci illərdə “UNİBANK” Kommersiya Bankında İstehlak krediti üzrə aparıcı mütəxəssis vəzifəsində çalışmışdır. Daha sonra Kontakt Home mağazalar şəbəkəsində kredit mütəxəssisi kimi çalışmışdır. 2020-ci ildən Kapital Bankda “Birkart Bank olmayan Kredit Təşkilatı” MMC- nin 20 saylı filialının müdiri vəzifəsində işləmişdir. Sonra həmin vəzifədən öz ərizəsi ilə işdən çıxmışdır.
14 iyul 2020-ci ildə - Tovuz hadisələrində general-mayor Polad Həşimov şəhid olduqdan sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qubadlı Rayon Bölməsinə müraciət etmiş və qeydiyyata alınmışdır.
01 oktyabr 2020-ci ildə könüllü olaraq Vətən müharibəsinə getmiş, Cəbrayıl istiqamətində həmlə bölüyünün tərkibində döyüşlərdə olmuşdur.
4 günlük mühasirədə qaldıqları vaxt böyük şücaət göstərərək, yaralı şəhidlərimizi döyüş mövqeyindən çıxartmağa müvəffəq olmuşdur. Sonuncu dəfə yaralı komandirini döyüş mövqeyindən çıxararkən, komandiri ağır yaralı olduğu üçün Vüsala onu buraxıb getməyini desə də, Vüsal bildirib ki, “ya ikimiz bir yerdə şəhid olacağıq, ya da burdan çıxacağıq”.
Həmin döyüşdən sağ-salamat çıxaraq komandiri hərbi hospitala çatdırsalar da, komandir şəhid olur.
Füzulinin Seyidəhmədli kəndi istiqamətində döyüşlərdə iştirak edən Vüsal Allahverdiyev sonra Xocavənddə döyüşmüşdür.
Döyüş yoldaşları Vüsalın onları döyüşə necə ruhlandırması barədə qürurla danışıb deyirlər ki, Vüsal hər zaman deyirdi: “Bir işin sonu şəhid olmaqdırsa, o işdən niyə qorxmalıyıq!".
Vüsalın son döyüşü 30 oktyabr 2020-ci ildə Xocavənd istiqamətində olmuşdur. Hücum zamanı üzbəüz döyüşdə partlayış-qəlpə yarası ilə şəhidlik zirvəsinə ucalan Vüsal Allahverdiyev Sumqayıt şəhər “Şəhidlər xiyabanı"nda dəfn olunub.
Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Allahverdiyev Vüsal Tahir oğlu ölümündən sonra “Vətən uğrunda”, 18 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Döyüşdə fərqlənməyə görə”, 25 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Füzulinin azad olunmasına görə” medalları təltif edilmişdir.
Subay idi.
Allah rəhmət eləsin, ruhu şad olsun!






