Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Aslanov Fazil Xanış oğlunun 60 illik yubiley tədbiri keçirildi

27 may 2025 | 16:04

2025-ci il 27 may tarixdə Qubadlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Sumqayıt şəhərində yerləşən rayonunHafiz Quliyev adına Çaytumas kənd məktəb-liseyində 06 yanvar 1994-cü il tarixdə Ağdam rayonunun Güllücə kəndində şəhid olmuş Aslanov Fazil Xanış oğlunun 60 illik yubiley tədbiri keçirildi. Tədbirdə Qubadlı Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haxverdiyev, RİH-in məsul işçiləri, idarə, müəssisə, təşkilat rəhbərləri, RİHB-nın inzibati ərazi dairəsi üzrə nümayəndələri, şəhidimizin ailə üzvləri, yaxınları, döyüş yoldaşları və ictimaiyyət nümayəndələri iştirak edirdilər.

Əvvəlcə tədbir iştirakçıları tərəfindən Sumqayıt şəhər Şəhidlər Xiyabanında şəhidin məzarı ziyarət olundu,məzarı üzərinə əklil və gül dəstələri qoyuldu, ruhuna dualar oxundu.

Daha sonra tədbir rayonunHafiz Quliyev adına Çaytumas kənd məktəb-liseyində davam etdirildi.

Torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Dövlət Himni səsləndirildi.

Eyni zamanda vətənpərvərlik mövzusunda və şəhidlərimizin xatirəsinə həsr olunmuş şeirlər səsləndirildi.

Tədbirdə çıxış edən Qubadlı Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haxverdiyev qeyd etdi ki, I Qarabağ müharibəsində Qubadlı rayonundan 238 nəfər Şəhid olmuşdur. I Qarabağ müharibəsi zamanı 274 nəfər əlil olmuş, 100 nəfərdən çox sakinimiz isə itkin düşmüşdür.Şəhidlərimizdən 8 nəfəri 06.01.1994-cü il tarixində Ağdamın Güllücə kəndində eyni gündə şəhid olmuşdur. Ümumilikdə 20 nəfər Qubadlı rayon sakini Ağdamın Güllücə kəndində gedən döyüşlərdə Şəhid olmuşdur.

44 günlük Vətən Müharibəsində Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etmişdir. Ermənistanın Azərbaycana qarşı təcavüzünün qarşısını almaq məqsədi ilə 27 sentyabrda bütün cəbhə boyu əks-hücuma keçən Azərbaycan Ordusu 1990-cı illərin əvvəlində baş vermiş Birinci Qarabağ Müharibəsi zamanı Ermənistan tərəfindən işğal edilmiş əraziləri işğaldan azad etməyə başladı. 44 gün davam edən Vətən Müharibəsi Şanlı Azərbaycan Ordusunun gücünü göstərdi və Azərbaycanın qələbəsi ilə başa çatdı.

30 ilə yaxın həsrətində olduğumuz Qubadlı rayonu 25 oktyabr 2020-ci ildə işğaldan azad olundu. Vətən müharibəsində qəhrəmanlar içərisində canından və qanından keçən Qubadlı rayonundan 12 şəhid və 40-dan çox qazimiz öz adlarını tarixə yazdılar. Şəhidlərimizin qisası alındı, qanı yerdə qalmadı.

Həmçinin19-20 sentyabr 2023-cü il tarixində Azərbaycanın Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə aparılan antiterror tədbirləri nəticəsində Azərbaycan öz suverenliyini tam bərpa etdi.

Digər çıxış edənlər şəhidimizlə bağlı öz xatirələrini bölüşərək qeyd etdilər ki, şəhidlərimizin ailələri həmişə dövlət tərəfindən diqqət mərkəzində olmuşdur. Son illər Respublikamızda Şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına yönəlmiş tədbirlər bunun bariz nümunəsidir.

Sonda şəhidin qardaşı Filman Aslanov göstərdikləri diqqət və qayğıya görə Ali Baş Komandan Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqova minnətdarlığını bildirdi.

Aslanov Fazil Xanış oğlu 27 may 1965-ci ildə Zəngəzur mahalı Qubadlı rayonunun Xəndək kəndində anadan olmuşdur. 1980-cı ildə Qubadlı rayonu Qaracallı kənd orta məktəbinin 8-ci sinfini əla qiymətlərlə bitirərək, Sumqayıt Politexnik Texnikumuna qəbul olmuş, 1984-cü il tarixdə bitirmişdir. O, 1986-ci ildə Almaniya Demokratik Respublikasındakı Sovet Ordusunda hərbi xidməti başa vurduqdan sonra, Vətənə qayıtmış, rayon Qaz-istismarı idarəsində usta vəzifəsində işləmişdir.

Qarabağ hadisələri ilə əlaqədar, erməni terorçularının törətdikləri qanlı hadisələrə dözə bilməyən Fazil Aslanov, 1991-ci ildə Dağbəyi Məhyəddinovun komandir olduğu tabora könüllü olaraq qəbul olunub, erməni quldurlarına qarşı hərbi əməliyyatlara qoşulmuşdur. Qubadlının Ermənistanla sərhəd kəndlərinin mühafizəsi, Laçın rayonunun işğalda olan Səfiyan, Türklər, Yuxarı və Aşağı Fərəcan, Suarası, Xanalılar və başqa kəndlərinin azad olması uğrunda gedən şiddətli döyüşlərdə mərdliklə vuruşmuşdur. Cəsur döyüşçü Fazil Aslanov Qubadlının işğalından sonra, 1994-cü ildə Ağdam ərazisində də qəhrəmanlıqla vuruşur və həmin il yanvar ayının 6-da Ağdamın Güllücə kəndi uğrunda gedən qanlı döyüşdə qəhrəmancasına Şəhid olmuşdur.

Azərbaycan Respublikası Prezidentiinin, hərbi qulluqçuların təltif edilməsi haqqında Fərmanı :

Erməni işğalçılarına qarşı aparılan döyüş əməliyyatlarında öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən Xüsusilə fərqlənmiş Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçuları “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilsinlər: Kiçik leytenant Aslanov Fazil Xanış oğlu (ölümündən sonra).

Fazil Aslanovun məzarı Sumqayıt şəhərindəki "Şəhidlər xiyabanı"ndadır. 

Subay idi. 

Keçidlər