Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Baxşəliyev Natiq Əliş oğlunun anım günü qeyd olundu

08 may 2026 | 19:35

  Qubadlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə, 8 may 2026-cı il tarixdə Qarabağ Müharibəsi zamanı torpaqlarımızın müdafiəsi uğrunda qəhrəmancasına şəhid olmuş, rayonun Mollabürhan kənd sakini Baxşəliyev Natiq Əliş oğlunun doğum günü ilə əlaqədar məzarı ziyarət olundu.

 Tədbirdə Qubadlı Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haxverdiyev, RİH-in məsul işçiləri, idarə, müəssisə, təşkilat rəhbərləri, RİHB-nın inzibati ərazi dairəsi üzrə nümayəndələri, rayonunun Qurban Məmmədov adına Yuxarı Mollu məktəbinin kollektivi, şəhidimizin ailə üzvləri, yaxınları, döyüş yoldaşları iştirak edirdilər.

Əvvəlcə Sumqayıt şəhər “Şəhidlər xiyabanı”nda şəhidimizin məzarı ziyarət olundu, məzarı üzərinə əklil və gül dəstələri qoyuldu. Torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi və dualar oxundu.

Şair Elbrus Qayalı və Q.Məmmədov adına Yuxarı Mollu məktəbinin şagirdləri tərəfindən vətənpərvərlik mövzusunda və şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş şeirlər səsləndirildi.

  Tədbirdə çıxış edən Qubadlı Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haxverdiyev, ehtiyatda olan mayor Dağbəyi Məhyəddinov və digər çıxış edənlər Şəhidimizlə bağlı öz xatirələrini bölüşərək qeyd etdilər ki, I Qarabağ müharibəsində Qubadlı rayonundan 238 nəfər Şəhid olmuş, 274 nəfər əlil, 100 nəfərdən çox sakinimiz isə itkin düşmüşdür.

Qeyd olundu ki, 44 günlük Vətən Müharibəsində Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etmişdir. Ermənistanın Azərbaycana qarşı təcavüzünün qarşısını almaq məqsədi ilə 27 sentyabrda bütün cəbhə boyu əks-hücuma keçən Azərbaycan Ordusu 1990-cı illərin əvvəlində baş vermiş Birinci Qarabağ Müharibəsi zamanı Ermənistan tərəfindən işğal edilmiş əraziləri işğaldan azad etməyə başladı. 44 gün davam edən, “Vətən Müharibəsi” adlandırılan müharibə Şanlı Azərbaycan Ordusunun gücünü göstərərək Azərbaycanın qələbəsi ilə başa çatdı.

  Həmçinin 30 ilə yaxın həsrətində olduğumuz Qubadlı rayonu 25 oktyabr 2020-ci ildə işğaldan azad olundu. Eyni zamanda bildirildi ki, 19-20 sentyabr 2023-cü il tarixlərində Azərbaycanın Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə aparılan antiterror tədbirləri nəticəsində Azərbaycan öz suverenliyini tam bərpa etdi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən həmin ərazilərdə - Xocavənd, Əsgəran, Xocalı, Ağdərə, Xankəndi şəhərlərində Azərbaycan bayrağı qaldırıldı. Bu gün Azərbaycan Bayrağı işğaldan azad olunmuş bütün ərazilərimizdə qürurla dalğalanır.

44 günlük Vətən müharibəsində və antiterror tədbirləri nəticəsində qəhrəmanlar içərisində canından və qanından keçən Qubadlı rayonundan 12 şəhid və 40-dan çox qazimiz öz adlarını tarixə yazdılar. Şəhidlərimizin qisası alındı, qanı yerdə qalmadı. Şəhidlərimizin ailələri həmişə dövlət tərəfindən diqqət mərkəzində olmuşdur. Son illər Respublikamızda Şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına yönəlmiş tədbirlər bunun bariz nümunəsidir.

  Sonda Şəhidimizin həyat yoldaşı Nəzakət Baxşəliyeva göstərdikləri diqqət və qayğıya görə Ali Baş Komandan Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqova minnətdarlığını bildirdi.

  Şəhid Baxşəliyev Natiq Əliş oğlu

9 may 1969-cü il tarixdə Zəngəzur mahalı Qubadlı rayonunun Mollabürhan kəndində anadan olmuşdur. 1986-cı ildə Qubadlı rayonu Yuxarı Mollu kənd orta məktəbini bitirmiş, 1989 -cü il tarixdə rayon Hərbi Komissarlığının göndərişi əsasında Gəncə şəhərində sürücülük kursunu bitirib və bir ildən sonra hərbi xidmətə göndərilmişdir.

Natiq Baxşəliyev 1990 - 1992- ci illərdə sovet ordusu sıralarında hərbi xidmətini başa vurub vətənə qayıtmış, 1993- cü il yanvar ayının 27- də cəbhəyə yollanıb. Qubadlı, Laçın, Ağdam, və Füzuli rayonları uğrunda gedən döyüşlərdə fəal iştirak edib. Son döyüşü 1994-cü il noyabr ayının 28-də Füzuli bölgəsində olub. Həmin gün qanlı döyüşdə Natiq şücaətlər göstərərək, xeyli sayda erməni terrorçularının məhv edilməsində iştirak edib. Natiq Baxşəliyev Füzulidə gedən şiddətli döyüşlərin birində qəhrəmancasına şəhid olub. Natiq evli idi, onun Xəyal adlı bir oğul yadigarı qalıb. Şəhidin həyat yoldaşı Nəzakət xanımın himayəsində Xəyal ata həsrətilə böyümüşdü. Şəhid Natiq Əliş oğlu Baxşəliyevin məzarı Sumqayıt şəhərindəki "Şəhidlər Xiyabanı"ndadır.

      Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Keçidlər