Şəhid Əhmədov İlqar Adil oğlunun anım günü
25 yanvar 2025-ci il tarixdə, Qubadlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə əslən Qubadlı rayonunun Çaytumas kəndindən olan şəhid Əhmədov İlqar Adil oğlunun anım günü ilə əlaqədar tədbir keçirildi.
Tədbirdə Qubadlı Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haxverdiyev, RİH-nin məsul işçiləri, idarə, müəssisə, təşkilat rəhbərləri, RİHB-nın inzibati ərazi dairəsi üzrə nümayəndələri, şəhidimizin ailə üzvləri, yaxınları, döyüş yoldaşları, Hafiz Quliyev adına Çaytumas kənd məktəb-liseyinin kollektivi, eyni zamanda ictimaiyyət nümayəndələri iştirak edirdilər.
Əvvəlcə tədbir iştirakçıları tərəfindən Sumqayıt şəhər qəbiristanlığında yerləşən Şəhidimizin məzarı ziyarət olundu, məzarı üzərinə gül dəstələri qoyuldu, ruhuna dualar oxundu. Torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş vətən oğullarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Tədbir Qubadlı rayon Hafiz Quliyev adına Çaytumas kənd məktəb-liseyində davam etdirildi, Şəhidimizin adına Çaytumas məktəb liseyində sinif otağının açılışı oldu. Şair Elburus Qayalı, Şərqi Zəngəzur Regional Mədəniyyət idarəsinin rayon nümayəndəliyinin və Məktəb-liseyinin şagirdləri tərəfindən vətənpərvərlik mövzusunda, eyni zamanda şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş şeirlər səsləndirildi.
Tədbirdə çıxış edən Qubadlı Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haxverdiyev qeyd etdi ki, Sentyabrın 27-dən başlayan, 44 gün davam edən və Dağlıq Qarabağ da daxil olmaqla işğal altındakı torpaqlarımızın qaytarılması ilə nəticələnən Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Azərbaycan xalqı öz Liderinin- Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Müzəffər Ordumuzun igidliyi, qəhrəmanlığı sayəsində torpaqlarımız, həmçinin 30 ilə yaxın həsrətində olduğumuz Qubadlı rayonu 25 oktyabr 2020-ci ildə işğaldan azad olundu. 44 günlük Vətən müharibəsində qəhrəmanlar içərisində canından və qanından keçən Qubadlı rayonundan 12 şəhid və 40-dan çox qazimiz öz adlarını tarixə yazdılar. Şəhidlərimizin qisası alındı, qanı yerdə qalmadı.
Qeyd olundu ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuzun qısa zamanda əldə etdiyi nailiyyətlər, peşəkar idarəçilik, döyüş hazırlığının və hərbi vətənpərvərlik ruhunun daima yüksək olması imkan verdi ki biz torpaqlarımızı düşmənlərdən azad edək. Hər bir Azərbaycan vətəndaşı artıq əmindir ki, hazırkı mürəkkəb tarixi şəraitdə ölkəmizin ərazi bütövlüyünün bərpası Ali Baş Komandanın güclü siyasəti və iradəsi, ordumuzun əzmi və qətiyyəti, xalqımızın həmrəyliyi sayəsində mümkündür. Müzəffər Azərbaycan ordusunun hər bir uğurlu əməliyyatı, xalqımızın qələbə ruhlu və qətiyyətli millət kimi dünya tarixinin heç zaman unudulmayacaq səhifələrinə həkk olunmasına səbəb oldu.
Digər çıxış edənlər Vətən Müharibəsində qazanılan zəfərlə bağlı öz fikirlərini və şəhidimizlə bağlı xatirələrini bölüşdülər.
Şəhidimizin anası Leyla Əhmədova göstərdikləri diqqət və qayğıya görə Ali Baş Komandan Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə minnətdarlığını bildirdi.
Qeyd edək ki, Qubadlının Çaytumas kəndindən olan Əhmədov İlqar Adil oğlu 1978-ci ilin aprel ayının 6-da Bakı şəhəri Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində dünyaya göz açmışdır. İlqar 8-ci sinifə qədər yaşadıqları Rəsulzadə qəsəbəsində yerləşən Namiq Fərəczadə adına 100 nömrəli tam orta məktəbdə oxumuş, 9-cu sinifi isə evdə ata anasına çox təkid etdikdən sonra doğma kəndləri Çaytumasa qayıtmış və Azərbaycan Bayrağı Ordenli şəhid Hafiz Quliyevin adı verilən Çaytumas kənd orta məktəbində bitirmişdir. 1993-cü ilə qədər Çaytumasda təhsil aldıqdan sonra yenidən Bakı şəhərinə qayıdır. 1993-cü ildə Texniki Peşə Liseyinə daxil olaraq təhsilini davam etdirir.
Hərbi peşəyə yüksək dərəcədə həvəsi olan İlqar Peşə təhsilini yarımçıq qoyaraq 1995-ci ildə Azərbaycan Hərbi Dənizçilik Akademiyasının “Elektromexanika” fakültəsinə daxil olur. Əla qiymət və fərqlənmə ilə təhsil alan İlqar həmdə idmanla məşğul idi. Qiyabi təhsil alan İlqar Bakıda yeni yaradılmış Xüsusi Təyinatlı Qüvvələrdə kursa yazılır. Kursda hər növ silahla atəş açmaq, əlbəyaxa döyüş üsulları, həmçinin müdafiə olunmaq sirlərini öyrənmişdir. Hərbi Dənizçilik Akademiyasında sonuncu kursda təhsilini yarımçıq qoyaraq könüllü olaraq hərbi xidmətə yola düşdü. Əvvəlcə Gəncə şəhərində sonradan isə Tərtər rayonunda N saylı hərbi hissədə xidmət keçən İlqar xüsusi şücaəti və fərasəti ilə yaşıdlarından fərqlənirdi. Dəfələrlə xidməti dövründə nümunəvi hərəkətinə və qorxmazlığına görə yuxarı komandanlıq tərəfindən Fəxri fərman və Təltifnamələrlə mükafatlandırılmışdır. O, kəşfiyyatçı idi. 26 yanvar 2000-ci il tarixində hərbi tapşırığı yerinə yetirmək üçün növbəti əməliyyata gedərkən düşmən tərəfindən basdırılan minaya tuş gələrək şəhid olmuşdur. Məzarı Sumqayıt şəhər qəbristanlığındadır.
Yaşadığı evin qarşısında şəhid İlqarın adına xatirə kompleksi qoyulmuş və yaşıllıq sahəsi salınmışdır.
Subay idi.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!