Şəhid Ələkbərov Cavid Fazil oğlunun 50 illik yubileyi münasibətilə tədbir keçirildi
25 aprel 2025-ci il tarixdə Sumqayıt şəhər Şəhidlər Xiyabanında I Qarabağ Müharibəsi zamanı 16 fevral 1994-cü il tarixində torpaqlarımızın müdafiəsi uğrunda gedən döyüşlərdə Murovdağ yüksəkliyində itkin düşmüş, hazırda nəşi tapılan Qubadlı rayon Novlu kənd sakini şəhid Ələkbərov Cavid Fazil oğlunun 50 illik yubileyi ilə əlaqədar tədbir keçirildi.Tədbirdə Qubadlı Rayon İcra Hakimiyyətinin başçısının müavini Allahverdi Haxverdiyev, YAP Qubadlı rayon təşkilatının sədri Təhmasib Rüstəmov, RİH-in məsul işçiləri, idarə, müəssisə, təşkilat rəhbərləri, RİHB-nın inzibati ərazi dairəsi üzrə nümayəndələri, Şəhidimizin ailə üzvləri, yaxınları, döyüş yoldaşları, Novlu kənd sakinləri, eyni zamanda ictimaiyyət nümayəndələri iştirak edirdilər.
Əvvəlcə torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Şəhidimizin məzarı üzərinə əklil və gül dəstələri qoyuldu, ruhuna dualar oxundu.
Şair Elburus Qayalı, Şərqi Zəngəzur Regional Mədəniyyət idarəsinin Qubadlı rayon nümayəndəliyi və rayonun İşıqlı kənd tam məktəbinin şagirdləri tərəfindən vətənpərvərlik mövzusunda və şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş şeirlər səsləndirildi.
Tədbirdə çıxış edən Qubadlı Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haxverdiyev Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqovun adından Şəhidin ailəsinə və yaxınlarına baş sağlığı verərək, Allahdan ailəsinə səbr dilədi.
Qeyd etdi ki, I Qarabağ müharibəsi zamanı Qubadlı rayonundan 238 nəfər Şəhid, 274 nəfər əlil olmuşdur, 100 nəfərdən çox sakinimiz isə itkin düşmüşdür.
Ermənistanın Azərbaycana qarşı təcavüzünün qarşısını almaq məqsədi ilə 27 sentyabrda bütün cəbhə boyu əks-hücuma keçən Azərbaycan Ordusu 1990-cı ilin əvvəlində baş vermiş Birinci Qarabağ Müharibəsi zamanı Ermənistan tərəfindən işğal edilmiş əraziləri işğaldan azad etməyə başladı.
Vətən müharibəsi nəticəsində düşmən tapdağı altında olan torpaqlarımız 44 gün ərzində işğaldan azad edildi. Müzəffər Ali Baş Komandan, rəşadətli ordu və iradəli xalq birliyi nəticəsində qazanılmış Qələbə nəinki Azərbaycan tarixində, eləcə də bütün dünyada görünməmiş hadisə idi. Azərbaycan xalqı öz Liderinin ətrafında daha möhkəm birləşərək bu möhtəşəm zəfərə imza atdı.
Vətən müharibəsi Prezident İlham Əliyevin yenilməz iradəsini, Ali Baş Komandan kimi rəhbərlik etdiyi ordunun qüdrətini və döyüş bacarığını bütün dünyaya nümayiş etdirdi.
YAP Qubadlı rayon təşkilatının sədri Təhmasib Rüstəmovbildirdi ki, 44 gün davam edən və işğal altındakı torpaqlarımızın azad olunması ilə nəticələnən Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Azərbaycan xalqı öz liderinin- Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Öz xalqı ilə vəhdətdə olan Lider kimi mübarizlik rəmzinə çevrildi, 30 ilə yaxın davam edən münaqişədə qalib tərəf oldu və tarixi ədaləti bərpa etdi.İşğal altında olan torpaqlarımız, eyni zamanda 30 ilə yaxın həsrətində olduğumuz Qubadlı rayonu 25 oktyabr 2020-ci ildə işğaldan azad olundu. Vətən müharibəsində qəhrəmanlar içərisində canından və qanından keçən Qubadlı rayonundan 12 şəhid və 60-dan çox qazimiz öz adlarını tarixə yazdılar. Şəhidlərimizin qisası alındı, qanı yerdə qalmadı.
Həmçinin 19-20 sentyabr 2023-cü il tarixində Azərbaycanın Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə aparılan antiterror tədbirləri nəticəsində Azərbaycan öz suverenliyini tam bərpa etdi.
Digər çıxış edənlərşəhid ailəsi Hüseyn Hüseynov, Vəli Hümbətəliyev, Bəhmən Mehdiyev adına Qubadlı Şəhər 2 saylı tam orta məktəbin direktoru Rəhminə Mehdiyeva və kənd sakini Aydın Şahbazov şəhidimizlə bağlı öz xatirələrini bölüşərək qeyd etdilər ki, şəhid ailələri həmişə dövlət tərəfindən diqqət mərkəzində olmuşdur. Şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına yönəlmiş tədbirlər bunun bariz nümunəsidir.
Sonda şəhidin qardaşı oğlu Turqut Ələkbərov göstərdikləri diqqət və qayğıya görə Ali Baş Komandan Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqova minnətdarlığını bildirdi.
Ələkbərov Cavid Fazil oğlu 1975-ci il aprelin 25-də Zəngəzur mahalı Qubadlı rayonunun Novlu kəndində anadan olmuşdur. 1992-ci ildə rayonun ilk şəhidlərindən olan uzun illər Nəzər Heydərov adına sovxozun direktoru vəzifəsində çalışmışbabası Ələkbərov Qaçay Məcid oğlunun adını daşıyan Novlu kənd orta məktəbini bitirmişdir. 1993-cü ildə Millli Ordu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. Cavid Ələkbərov Kəlbəcərdə, Murovdağ və ətraf yüksəkliklər uğrunda erməni işğalçılarına qarşı gedən şiddətli döyüşlərdə əsl igidlik və fədakarlıq nümunəsi göstərmiş, düşmənə sarsıdıcı zərbələr vurmuşdur. Son döyüşü 1994-cü il fevralın 16-da Murovdağ yüksəkliyində olmuşdur.
Həmin gün Murovdağının ətəklərində və yüksəkliklərində şiddətli döyüşlər gedirdi,qəhrəman əsgərlərimiz düşmənə sarsıdıcı zərbələr endirdilər. Lakin səriştəsiz,təcrübəsiz komandirlərin günahı ucbatından biz də böyük itgilərə məruz qaldıq.Şəhidlərimiz də oldu itgin düşənlərimiz də. Xalqımızın igid oğlu Cavid Ələkbərov da həmin döyüşdə itgin düşmüşdür.Aparılan axtarışlar bir nəticə verməmişdir.
Həmçinin Birinci Qarabağ müharibəsi zamanı əmisi Ələkbərov Rafiq Qaçay oğlu və əmisioğlu Ələkbərov Füzuli Hidayət oğlu Azərbaycanın ərazi bütövlüyü uğrunda erməni quldurlarına qarşı gedən döyüşlərdə şəhid olmuşlar. Sumqayıt şəhər Şəhidlər Xiyabanında dəfn olunmuşlar.
Şəhidin adını daşıyan Birinci Qarabağ Müharibəsi veteranı Aqil Ələkbərovun oğlu Cavid Ələkbərov 44 günlük Vətən Müharibəsində Hadrut istiqamətində gedən döyüşlərdə ağır yaralanmışdır. Vətən Müharibəsi veteranıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Subay idi.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!