ŞƏHİD ƏLİYEV SƏFALI MALİK OĞLUNUN ANIM GÜNÜ İLƏ ƏLAQƏDAR TƏDBİR KEÇİRİLDİ
Qubadlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 07 may 2024-cü il tarixdə Sumqayıt şəhər Şəhidlər Xiyabanında I Qarabağ müharibəsi zamanı Füzuli uğrunda gedən döyüşlərdə şəhid olmuş Əliyev Səfalı Malik oğlunun şəhidlik zirvəsinə ucalmasının 30-cu ildönümü ilə əlaqədar tədbir keçirildi.
Tədbirdə Rayon İcraHakimiyyəti başçısının müavini Allahverdi Haxverdiyev, RİH-nin məsul işçiləri, AVMVİB-nin Qubadlı rayon şöbəsi, idarə, müəssisə, təşkilat rəhbərləri, RİHB- nın inzibati ərazi dairəsi üzrə nümayəndələri, şəhidin təhsil aldığı Qubadlı rayon Cəlal Həşimov adına Mərdanlı kənd tam orta məktəbin kollektivi, Şəhidimizin ailə üzvləri, yaxınları, döyüş yoldaşları, eyni zamanda ictimaiyyət nümayəndələri iştirak edirdilər. Tədbir iştirakçıları torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş vətən oğullarının xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.Şəhidimizin ziyarətinə gələnlər məzarı üzərinə əklil və gül dəstələri qoydular.Şəhidimizin ruhuna dualar oxundu. Eyni zamanda Mərdanlı kənd tam orta məktəbin şagirdləri tərəfindən vətənpərvərlik mövzusunda şeirlər səsləndirildi.
Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haxverdiyev qeyd etdiki, I Qarabağ müharibəsində Qubadlı rayonundan 238 nəfər Şəhid olmuşdur. Onlardan 11 nəfəri Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür. 44 günlük Vətən müharibəsində qəhrəmanlar içərisində canından və qanından keçən Qubadlı rayonundan 11 şəhid və 40-dan çox qazimiz öz adlarını tarixə yazdılar. Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Müzəffər Ordumuzun igidliyi, qəhrəmanlığı sayəsində torpaqlarımız, həmçinin 30 ilə yaxın həsrətində olduğumuz Qubadlı rayonu 25 oktyabr 2020-ci ildə işğaldan azad olundu. Şəhidlərimizin qisası alındı, qanı yerdə qalmadı.
Qubadlı özünümüdafiə Taborunun komandiri olmuş Dağbəyi Məhyəddinov şəhidimizin döyüş yolundan bəhs edərək öz xatirələrini bölüşdü.
Çıxış edən Şəhidin qardaşı Əliyar Əliyev göstərdikləri diqqət və qayğıya görə Ali Baş Komandan, cənab Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqova minnətdarlıqlarını bildirdilər .
Əliyev Səfalı Malik oğlu, 24 iyun 1971-ci ildə Zəngəzur mahalı Qubadlı rayonunun Xocik kəndində anadan olmuşdu.1988-ci ildə Qubadlı rayonunun Balasoltanlı kənd orta məktəbini bitirmiş, təhsilini Sumqayıt şəhərində Texniki-peşə məktəbində davam etdirərək, radio-televiziyamexaniki peşəsinə yiyələnmişdir. 1989-1991-ci illərdə Sovet ordusunda xidmət etmişdir. Səfalı Əliyev Qarabağ hadisələri ilə əlaqədar 1992-ci il iyun ayının 1-də Milli Ordu sıralarına qəbul edilmiş, Laçın rayonunun işğalda olan kəndləri və "Susuzdağ", "Qızartı" yüksəklikləri uğrunda gedən döyüşlərdə fədakarlıqla vuruşub.
Cəsur kəşfiyyatçı Səfalı Əliyevin son döyüşü 1995-ci il may ayının 6-da Füzuli bölgəsində olmuşdur. Həmin gün, kəşfiyyatçılarımız erməni kəşfiyyatçıları ilə qarşılaşmış, üzbəüz döyüş başlamışdır. Səfalı Əliyev yoldaşlarını xilas etmək üçün fədakarlıq göstərmiş və bu döyüşdə qəhrəmancasına şəhid olmuşdur. Məzarı Sumqayıt şəhərində yerləşən “Şəhidlər Xiyabanı”ndadır. Subay idi.
Allah rəhmət eləsin!