Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Haqverdiyev Etibar Yelmar oğlunun doğum günüdür

05 avqust 2025 | 11:43

2025-ci il 05 avqust tarixdə Qubadlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Sumqayıt şəhər Şəhidlər Xiyabanında I Qarabağ Müharibəsində torpaqlarımızın müdafiəsi uğrunda qəhrəmancasına şəhid olmuş Haqverdiyev Etibar Yelmaroğlunun 50 illik yubiley tədbiri keçirildi. Tədbirdə Qubadlı Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haxverdiyev, RİH-in məsul işçiləri, idarə, müəssisə, təşkilat rəhbərləri, RİHB-nın inzibati ərazi dairəsi üzrə nümayəndələri, şəhidimizin ailə üzvləri, yaxınları, döyüş yoldaşları və ictimaiyyət nümayəndələri iştirak edirdilər.

Əvvəlcə torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Şəhidimizin məzarı üzərinə əklil və gül dəstələri qoyuldu, ruhuna dualar oxundu. Vətənpərvərlik mövzusunda və şəhidlərimizin xatirəsinə həsr olunmuş şeirlər səsləndirildi.

Tədbirdə çıxış edən Qubadlı Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haxverdiyev qeyd etdi ki, I Qarabağ müharibəsində Qubadlı rayonundan 238 nəfər şəhid, 274 nəfər əlil olmuşdur. 100 nəfərdən çox sakinimiz itkin düşmüşdür.

27 sentyabrda Ermənistanın Azərbaycana qarşı təcavüzünün qarşısını almaq məqsədi ilə bütün cəbhə boyu əks-hücuma keçən Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Birinci Qarabağ Müharibəsi zamanı Ermənistan tərəfindən işğal edilmiş əraziləri işğaldan azad etməyə başladı və 44 gün davam edən  Vətən Müharibəsi Azərbaycanın qələbəsi ilə başa çatdı.

Həmçinin 30 ilə yaxın həsrətində olduğumuz Qubadlı rayonu 25 oktyabr 2020-ci ildə işğaldan azad olundu. Vətən müharibəsində qəhrəmanlar içərisində canından və qanından keçən Qubadlı rayonundan 12 şəhid və 40-dan çox qazimiz öz adlarını tarixə yazdılar.

Şəhidlərimizin qisası alındı, qanı yerdə qalmadı.

Digər çıxış edənlər qürur hissi ilə Vətən Müharibəsində qazanılan zəfərdən danışdılar, eyni zamanda şəhidimizlə bağlı xatirələrini bölüşərək qeyd etdilər ki, şəhid ailələri həmişə dövlət tərəfindən diqqət mərkəzində olmuşdur. Onların sosial müdafiəsinin gücləndirilməsi, mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına yönəlmiş tədbirlər bunun bariz nümunəsidir.

Şəhidimizin atası Yelmar Haqverdiyev göstərdikləri diqqət və qayğıya görə Ali Baş Komandan Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqova minnətdarlığını bildirdilər.

Sonda Sumqayıt şəhərində yerləşən “Şəfa” mərasim evində şəhidin adına ehsan süfrəsi verildi.

Haqverdiyev Etibar Yelmar oğlu, 05 avqust 1975-ci il tarixdə Zəngəzur mahalı Qubadlı rayonunun Mərdanlı kəndində anadan olmuşdur. 1992-ci ildə Yuxarı Mollu kənd orta məktəbini bitirmişdir. 1993-cü ildə Milli Ordu sıralarında erməni işğalçılarına qarşı döyüşə başlamış, qısa vaxt ərzində əlaçı atici adını qazanmışdır. Qubadlının işğalından sonra vətənpərvər Etibar Haqverdiyev 1994-cü ilin yanvar ayının ilk günlərindən Ağdam torpaqlarının azad edilməsi uğrunda gedən qızğın döyüşlərdə öndə gedərək, mərdliklə vuruşmuş, bir neçə gün davam edən üzbəüz şiddətli döyüşdə fədakarlıq göstərmişdir. 1994-cu il yanvar ayının 19-da Ağdamın Güllücə kəndi uğrunda gedən döyüşdə Etibar Yelmar oğlu Haqverdiyev şəhid olmuşdur. Məzarı Sumqayıt şəhərindəki "Şəhidlər xiyabanı"ndadır.

Subay idi. 

 

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Keçidlər