Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Həsənzadə Məhəmmədəli Hörmət oğlunun doğum günü ilə əlaqədar tədbir keçirildi

01 may 2026 | 12:45

 Qubadlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə, 1 may 2026-cı il tarixdə Sumqayıt şəhər "Şəhidlər Xiyabanı"nda, torpaqlarımızın azadlığı uğrunda igidlik göstərərək şəhid olmuş Həsənzadə Məhəmmədəli Hörmət oğlunun doğum günü ilə əlaqədar tədbir keçirildi.

  Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haxverdiyev, RİH-in məsul işçiləri, idarə, müəssisə, təşkilat rəhbərləri, RİHB-nin inzibati ərazi dairəsi üzrə nümayəndələri, rayonun Qurban Məmmədov adına Yuxarı Mollu kənd tam orta məktəbin kollektivi, şəhidimizin ailə üzvləri və yaxınları, eyni zamanda ictimaiyyət nümayəndələri iştirak edirdilər.

  Əvvəlcə tədbir iştirakçıları tərəfindən torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş vətən oğullarının xatirəsini bir dəqiqəlik sükutla yad edildi. Şəhidimizin məzarı üzərinə əklil və gül dəstələri qoyuldu, ruhuna dualar oxundu.

  Rayonun Qurban Məmmədov adına Yuxarı Mollu kənd tam orta məktəbin şagirdləri tərəfindən vətənpərvərlik mövzusunda və şəhidlərimizə həsr olunmuş şeirlər səsləndirildi.

  Tədbirdə Qubadlı Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haxverdiyev qeyd etdi ki, işğal altındakı torpaqlarımızın azad olunması ilə nəticələnən Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Azərbaycan xalqı öz liderinin- Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Öz xalqı ilə vəhdətdə olan Lider kimi mübarizlik rəmzinə çevrildi, 30 ilə yaxın davam edən münaqişədə qalib tərəf oldu və tarixi ədaləti bərpa etdi.

 Həmçinin 2023-cü il 19-20 sentyabr tarixlərində Azərbaycanın Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə aparılan antiterror tədbirləri nəticəsində Azərbaycan öz suverenliyini tam bərpa etdi. Bu gün Azərbaycan Bayrağı işğaldan azad olunmuş bütün ərazilərimizdə qürurla dalğalanır.

  Daha sonra Qubadlıda Milli Ordunun qurulmasında xüsusi xidmətləri olan, 3-cü batalyonun komandiri Dağbəyi Məhyəddinov,  Yuxarı Mollu kənd tam orta məktəbin direktoru Fəqan Məhərrəmov və digər çıxış edənlər şəhidimizlə bağlı öz xatirələrini bölüşərək qeyd etdilər ki, ölkəmizin son illər əldə etdiyi uğurlar, Vətən müharibəsində qazanılan zəfər, 30 ilə yaxın işğal altında olan torpaqlarımızın azad olunması, ölkə başçısı İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində qazanılan nailiyyətlər Azərbaycanın qüdrətli ölkə olmasının bariz nümunəsidir. Belə ki, Ermənistanın Azərbaycana qarşı təcavüzünün qarşısını almaq məqsədi ilə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu 1990-cı illərin əvvəlində baş verən Birinci Qarabağ Müharibəsi zamanı Ermənistan tərəfindən işğal edilmiş əraziləri işğaldan azad etməyə başladı. Eyni zamanda 30 ilə yaxın həsrətində olduğumuz Qubadlı rayonu 25 oktyabr 2020-ci ildə şəhidlərimizin qanı və canı bahasına işğaldan azad olunmuşdur. 44 günlük Vətən müharibəsində  qəhrəmanlar içərisində canından və qanından keçən Qubadlı rayonundan 12 şəhid və 40-dan çox yaralı öz adlarını tarixə yazdılar.

 Sonda Şəhidimizin atası Hörmət Həsənov göstərdikləri diqqət və qayğıya görə Ali Baş Komandan Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqova minnətdarlığını bildirdi.

  Qubadlı  rayonunun  Qilican  kənd  sakini Həsənzadə Məhəmmədəli Hörmət oglu  01 may 1999-cu ildə Sumqayıt şəhərində anadan olmuşdur. 2016-cı ildə Qubadlı rayon Yuxarı Mollu kənd tam orta məktəbini bitirərək Azərbaycan Dövlət Turizm və Menecment Universitetinin “Biznesin İdarə Edilməsi” fakultəsinə daxil olmuşdur. 2020-ci ilin iyul ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qubadlı Rayon Bölməsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. 2020-ci il 27 sentyabr   

 Vətən Müharibəsi başlayan gündən Həsənzadə Məhəmmədəli Hörmət oğlu əvvəlcə Füzuli rayonu, daha sonra Xocavənd rayonu ərazisində döyüşmüşdür. 2020-ci il 6 noyabr tarixində Xocavənd rayonu ərazisində gedən ağır döyüşdə Həsənzadə Məhəmmədəli Hörmət oğlu torpaqlarımızın işğaldan azad olunması uğrunda qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalıb və Sumqayıt şəhərində yerləşən “Şəhidlər xiyabanı"nda dəfn olunub.

Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Həsənzadə Məhəmmədəli Hörmət oğlu ölümündən sonra “Vətən uğrunda”, 25 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

Subay idi.

 

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Keçidlər