Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Həsənzadə Məhəmmədəli Hörmət oğlunun anım günü

08 noyabr 2025 | 11:39

Qubadlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 07 noyabr 2025-ci il tarixdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Sumqayıt şəhər Şəhidlər Xiyabanında torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına şəhid olmuş Həsənzadə Məhəmmədəli Hörmət oğlunun anım günü ilə əlaqədar tədbir keçirildi. Tədbirdə Qubadlı Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haxverdiyev, RİH-nin məsul işçiləri, RİHB-nin inzibati ərazi dairəsi üzrə nümayəndələri, döyüş yoldaşları, şəhidimizin ailə üzvləri, yaxınları, eyni zamanda ictimaiyyət nümayəndələri iştirak edirdilər.

Tədbir iştirakçıları tərəfindən torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Şəhidimizin məzarı üzərinə gül dəstələri qoyuldu, ruhuna dualar oxundu.

Rayonun Yuxarı Mollu kənd tam orta məktəb şagirdləri tərəfindən vətənpərvərlik mövzusunda və şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş şeirlər səsləndirildi.

Tədbirdə çıxış edən Qubadlı Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haxverdiyev bildirdi ki, 44 gün davam edən işğal altındakı torpaqlarımızın azad olunması ilə nəticələnən Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Azərbaycan Silahlı Qüvvələri 44 günlük müharibə zamanı əsl vətənpərvərlik və qəhrəmanlıq göstərmiş, düşmənin canlı qüvvəsini, texnikasını məhv edərək Qələbə qazandı və tarixi ədalət bərpa olundu.

Qalib Ali Baş Komandan, Prezident İlham Əliyevin apardığı daxili və xarici siyasəti, həmçinin müzəffər Azərbaycan ordusunun şücayəti, gücü sayəsində işğalda olan ərazilərimiz azad olundu, eyni zamanda 30 ilə yaxın həsrətində olduğumuz Qubadlı rayonu 25 oktyabr 2020-ci ildə şəhidlərimizin qanı və canı bahasına işğaldan azad olunmuşdur. 44 günlük Vətən müharibəsində qəhrəmanlar içərisində canından və qanından keçən Qubadlı rayonundan 12 şəhid və 40-dan çox yaralı öz adlarını tarixə yazdılar.

Həmçinin 2023-cü il 19-20 sentyabr tarixlərində Azərbaycanın Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə aparılan antiterror tədbirləri nəticəsində Azərbaycan öz suverenliyini tam bərpa etdi. Bu gün Azərbaycan Bayrağı işğaldan azad olunmuş bütün ərazilərimizdə qürurla dalğalanır.

Yuxarı Mollu kənd tam orta məktəbin direktoru Fəqan Məhərrəmov və digər çıxış edənlər Vətən Müharibəsində qazanılan zəfərlə bağlı öz fikirlərini və şəhidimizlə bağlı xatirələrini bölüşərək qeyd etdilər ki, Ermənistanın Azərbaycana qarşı təcavüzünün qarşısını almaq məqsədi ilə 27 sentyabrda bütün cəbhə boyu əks-hücuma keçən Azərbaycan Ordusu 1990-cı illərin əvvəlində baş verən Birinci Qarabağ Müharibəsi zamanı Ermənistan tərəfindən işğal edilmiş əraziləri işğaldan azad etməyə başladı. 44 gün davam edən və “Vətən Müharibəsi” olaraq adlandırılan müharibə Şanlı Azərbaycan Ordusunun gücünü göstərərək Azərbaycanın qələbəsi ilə başa çatdı.

Şəhidimizin atası Hörmət Həsənov göstərdikləri diqqət və qayğıya görə Ali Baş Komandan Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqova minnətdarlığını bildirdi.

Qubadlı rayonunun Qilican kənd sakini Həsənzadə Məhəmmədəli Hörmət oglu 01 may 1999-cu ildə Sumqayıt şəhərində anadan olmuşdur. 2016-cı ildə Qubadlı rayon Yuxarı Mollu kənd tam orta məktəbini bitirərək Azərbaycan Dövlət Turizm və Menecment Universitetinin “Biznesin İdarə Edilməsi” fakultəsinə daxil olmuşdur.

2020-ci ilin iyul ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qubadlı Rayon Bölməsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. 2020-ci il 27 sentyabr - Vətən Müharibəsi başlayan gündən Həsənzadə Məhəmmədəli Hörmət oğlu əvvəlcə Füzuli rayonu, daha sonra Xocavənd rayonu ərazisində döyüşmüşdür.

2020-ci il 6 noyabr tarixində Xocavənd rayonu ərazisində gedən ağır döyüşdə Həsənzadə Məhəmmədəli Hörmət oğlu torpaqlarımızın işğaldan azad olunması uğrunda qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalıb və Sumqayıt şəhərində yerləşən “Şəhidlər xiyabanı"nda dəfn olunub.

Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Həsənzadə Məhəmmədəli Hörmət oğlu ölümündən sonra “Vətən uğrunda”, 25 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

Subay idi.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Keçidlər