Şəhid Həsənzadə Məhəmmədəli Hörmət oğlu anıldı
2023-cü il 01 may tarixində Qubadlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Sumqayıt şəhər Şəhidlər Xiyabanında, 27 sentyabr 2020-ci il tarixində başlanmış Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda igidlik göstərərək şəhid olmuş Həsənzadə Məhəmmədəli Hörmət oğlunun Doğum gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haxverdiyev, YAP Qubadlı rayon təşkilatının sədri Təhmasib Rüstəmov, RİH-in məsul işçiləri, AVMVİB-nin Qubadlı rayon şöbəsi, idarə, müəssisə, təşkilat rəhbərləri, RİHB-nin inzibati ərazi dairəsi üzrə nümayəndələri, Q.Məmmədov adına Y.Mollu kənd tam orta məktəbinin kollektivi, M. Ağayarov adına Kavdadıq kənd tam orta məktəbinin kollektivi, döyüş yoldaşları, şəhidimizin ailə üzvləri və yaxınları, eyni zamanda ictimaiyyət nümayəndələri iştirak edirdilər. Tədbir iştirakçıları əvvəlcə torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş vətən oğullarının xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Şəhidimizin məzarı üzərinə əklil və gül dəstələri qoyuldu, ruhuna dualar oxundu. Sumqayıt Regional Mədəniyyət idarəsinin Qubadlı rayon nümayəndəliyi və məktəblərin şagirdləri tərəfindən vətənpərvərlik mövzusunda və şəhidlərimizin ruhuna həsr olunmuş şeirlər səsləndirildi.
Tədbir iştirakçıları qeyd etdilər ki, Sentyabrın 27-dən başlayan, 44 gün davam edən işğal altındakı torpaqlarımızın azad olunması ilə nəticələnən Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Azərbaycan Silahlı Qüvvələri 44 günlük müharibə zamanı əsl vətənpərvərlik və qəhrəmanlıq göstərmiş, düşmənin canlı qüvvəsini, texnikasını məhv edərək Qələbə qazandı və tarixi ədalət bərpa olundu.Azərbaycan xalqı öz Liderinin - Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Prezident İlham Əliyev öz xalqı ilə vəhdətdə olan lider kimi mübarizlik rəmzinə çevrildi.
30 ilə yaxın həsrətində olduğumuz Qubadlı rayonu 25 oktyabr 2020-ci ildə şəhidlərimizin qanı və canı bahasına işğaldan azad olunmuşdur. 44 günlük Vətən müharibəsində qəhrəmanlar içərisində canından və qanından keçən Qubadlı rayonundan 11 şəhid və 40-dan çox yaralı öz adlarını tarixə yazdılar.
Şəhidimizin atası Hörmət Həsənov göstərdikləri diqqət və qayğıya görə Ali Baş Komandan Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqova minnətdarlığını bildirdi.
Qubadlı rayonunun Qilican kənd sakini Həsənzadə Məhəmmədəli Hörmət oglu 01 may 1999-cu ildə Sumqayıt şəhərində anadan olmuşdur. 2016-cı ildə Qubadlı rayon Yuxarı Mollu kənd tam orta məktəbini bitirərək Azərbaycan Dövlət Turizm və Menecment Universitetinin “Biznesin İdarə Edilməsi” fakultəsinə daxil olmuşdur. 2020-ci ilin iyul ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qubadlı Rayon Bölməsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. 2020-ci il 27 sentyabr - Vətən Müharibəsi başlayan gündən Həsənzadə Məhəmmədəli Hörmət oğlu əvvəlcə Füzuli rayonu, daha sonra Xocavənd rayonu ərazisində döyüşmüşdür. 2020-ci il 6 noyabr tarixində Xocavənd rayonu ərazisində gedən ağır döyüşdə Həsənzadə Məhəmmədəli Hörmət oğlu torpaqlarımızın işğaldan azad olunması uğrunda qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalıb və Sumqayıt şəhərində yerləşən “Şəhidlər xiyabanı"nda dəfn olunub. Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Həsənzadə Məhəmmədəli Hörmət oğlu ölümündən sonra “Vətən uğrunda”, 25 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Subay idi.
Allah rəhmət eləsin!