Şəhid Hüseynov Namiq Heydər oğlunun 50 yaşı tamam olur
Qubadlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 16 oktyabr 2024-cü il tarixdə I Qarabağ Müharibəsi zamanı torpaqlarımızın müdafiəsi uğrunda qəhrəmancasına şəhid olmuş Hüseynov Namiq Heydər oğlunun 50 illik yubileyi münasibətilə tədbir keçirildi.
Tədbirdə Qubadlı Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haxverdiyev, Sumqayıt Şəhər Polis İdarəsinin rəisi polkovnik Fəqan Azadəliyev, RİH-in işçiləri, idarə, müəssisə, təşkilat rəhbərləri, RİHB-nın inzibati ərazi dairəsi üzrə nümayəndələri, məktəb kollektivi, şəhidimizin ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak edirdilər.
Əvvəlcə Abşeron rayonu, St.Sumqayıt ərazisi, Yeni yaşayış massivində Şəhid Namiq Heydər oğlu Hüseynovun xatirə barelyef lövhəsinin açılış mərasimi oldu.
Sonra isə Sumqayıt şəhər “Şəhidlər xiyabanı”nda şəhidimizin məzarı ziyarət olundu, məzarı üzərinə əklil və gül dəstələri qoyuldu. Torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş vətən oğullarının xatirəsini bir dəqiqəlik sükutla yad edildi və dualar oxundu.
Tədbir Qubadlı rayon Hafiz Quliyev adına Çaytumas kənd məktəb-liseyində davam etdirildi.
Şəhidimizin həyat və döyüş yolundan bəhs edən videoçarx nümayiş olundu.
Şərqi Zəngəzur Regional Mədəniyyət idarəsinin Qubadlı rayon nümayəndəliyivəÇaytumas kənd məktəb-liseyşagirdləri tərəfindənvətənpərvərlik mövzusunda və şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş şeirlər səsləndirildi, muğam parçaları ifa olundu.
Tədbirdə çıxış edən Qubadlı Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haxverdiyev qeyd etdi ki, I Qarabağ müharibəsində Qubadlı rayonundan 238 nəfər Şəhid olmuş,274 nəfər əlil, 100 nəfərdən çox sakinimiz isə itkin düşmüşdür.
Qeyd olundu ki, 44 günlük Vətən Müharibəsində Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etmişdir. Ermənistanın Azərbaycana qarşı təcavüzünün qarşısını almaq məqsədi ilə 27 sentyabrda bütün cəbhə boyu əks-hücuma keçən Azərbaycan Ordusu 1990-cı illərin əvvəlində baş vermiş Birinci Qarabağ Müharibəsi zamanı Ermənistan tərəfindən işğal edilmiş əraziləri işğaldan azad etməyə başladı. 44 gün davam edən, “Vətən Müharibəsi” adlandırılan müharibə Şanlı Azərbaycan Ordusunun gücünü göstərərək Azərbaycanın qələbəsi ilə başa çatdı.
Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Müzəffər Ordumuzun igidliyi, qəhrəmanlığı sayəsində torpaqlarımız, həmçinin 30 ilə yaxın həsrətində olduğumuz Qubadlı rayonu 25 oktyabr 2020-ci ildə işğaldan azad olundu.Eyni zamanda bildirildi ki, 19-20 sentyabr 2023-cü il tarixlərində Azərbaycanın Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə aparılan antiterror tədbirləri nəticəsində Azərbaycan öz suverenliyini tam bərpa etdi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən həmin ərazilərdə - Xocavənd, Əsgəran, Xocalı, Ağdərə, Xankəndi şəhərlərində Azərbaycan bayrağı qaldırıldı. Bu gün Azərbaycan Bayrağı işğaldan azad olunmuş bütün ərazilərimizdə qürurla dalğalanır.
44 günlük Vətən müharibəsində və antiterror tədbirləri nəticəsindəqəhrəmanlar içərisində canından və qanından keçən Qubadlı rayonundan 12 şəhid və 40-dan çox qazimiz öz adlarını tarixə yazdılar. Şəhidlərimizin qisası alındı, qanı yerdə qalmadı.
Sumqayıt Şəhər Polis İdarəsinin rəisi polkovnik Fəqan Azadəliyev və digər çıxış edənlər Şəhidimizlə bağlı öz xatirələrini bölüşərək qeyd etdilər ki, Şəhidlərimizin ailələri həmişə dövlət tərəfindən diqqət mərkəzində olmuşdur. Son illər Respublikamızda Şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına yönəlmiş tədbirlər bunun bariz nümunəsidir.
Sonda Şəhidin qardaşıHüseyn Hüseynov göstərdikləri diqqət və qayğıya görə Ali Baş Komandan Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqova minnətdarlığını bildirdi.
Şəhid Hüseynov Namiq Heydər oğlu 1974-cü il oktyabr ayının 16-da Zəngəzur mahalı Qubadlı rayonunun Novlu kəndində anadan olmuşdu. Dünyaya göz açandan ata üzü görməyən Namiq böyüyəndən sonra ailəsinin qayğısını çəkir, anasına hər cür köməklik göstərir, onu dərd-qəmdən uzaqlaşdırmağa çalışırdı. Amma ailənin əsas ağırlığı el-oba arasında böyük hörmət və nüfuz sahibi olan, həmişə öz vüqarını, mənliyini, əzəmətini saxlayan İdris babanın üzərinə düşürdü. Namiq Heydər oğlu Hüseynov 1990-cı ildə Novlu kənd tam orta məktəbini bitirmişdi. Ailənin maddi vəziyyəti ağır olduğundan təhsilini davam etdirə bilməmişdi. 16 yaşlı Namiq iki il işləyərək ailəyə maddi köməklik göstərdikdən sonra, 1992-ci ilin noyabr ayında torpaqlarımızın erməni təcavüzündən qorunması naminə könüllü olaraq Millli Ordu sıralarına daxil olmuşdur. İki ilə yaxın rayonun Ermənistanla sərhəd kəndlərindəki döyüşlərdə fədakarlıqla vurşmuşdur.1994-cü ilin əvvəllərindən Zəngilan, Ağdam və Tərtər rayonlarının ərazilərində gedən şiddətli döyüşlərdə əsl igidlik nümunələri göstərmiş, erməni təcavüzkarlarının məhv edilməsində iştirak etmişdir.O, göstərdiyi şücaətlərə görə dəfələrlə hərbi hissənin mükafatlarına layiq görülmüşdür. Namiq Hüseynovun xidmət etdiyi tabor 1994-cü ilin may ayında Füzuli rayonuna göndərilmişdir. 1994-cü il oktyabr ayının 3-də Füzuli ərazisində gedən ağır döyüşlərdə döyüş tapşırıqlarını yerinə yetirərkən 20 yaşının tamam olmasına 13 gün qalmış Namiq Hüseynov qəhrəmancasına Şəhid olmuşdur.
Sumqayıt şəhər “Şəhidlər xiyaban”ında dəfn olunub.
Subay idi.
Allah bütün Şəhidlərimizə rəhmət eləsin.