Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid İbrahimov Şaiq Müseyib oğlunun doğum günü qeyd olundu

14 may 2026 | 17:48

  Qubadlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə, 14 may 2026-cı il tarixdə Qarabağ Müharibəsi zamanı torpaqlarımızın müdafiəsi uğrunda qəhrəmancasına şəhid olmuş, rayonun Tarovlu kənd sakini İbrahimov Şaiq Müseyib oğlunun doğum günü ilə əlaqədar məzarı ziyarət olundu.

 Tədbirdə Qubadlı Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haxverdiyev, RİH-in məsul işçiləri, idarə, müəssisə, təşkilat rəhbərləri, RİHB-nın inzibati ərazi dairəsi üzrə nümayəndələri, şəhidimizin ailə üzvləri, yaxınları və İctimaiyyət nümayəndələri iştirak edirdilər.

  Əvvəlcə Sumqayıt şəhər “Şəhidlər xiyabanı”nda şəhidimizin məzarı ziyarət olundu, məzarı üzərinə əklil və gül dəstələri qoyuldu. Torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi və dualar oxundu.

Vətənpərvər şair Elbrus Qayalı tərəfindən vətənpərvərlik mövzusunda və şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş şeirlər səsləndirildi.

  Tədbirdə çıxış edən Qubadlı Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haxverdiyev, ehtiyatda olan mayor Dağbəyi Məhyəddinov, Əməkdar Müəllim Elşad Eyvazov, İcra Nümayəndəsi Oktay Əsədov və digər çıxış edənlər Şəhidimizlə bağlı öz xatirələrini bölüşərək qeyd etdilər ki, I Qarabağ müharibəsində Qubadlı rayonundan 238 nəfər Şəhid olmuş, 274 nəfər əlil, 100 nəfərdən çox sakinimiz isə itkin düşmüşdür.

Qeyd olundu ki, 44 günlük Vətən Müharibəsində Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etmişdir. Ermənistanın Azərbaycana qarşı təcavüzünün qarşısını almaq məqsədi ilə 27 sentyabrda bütün cəbhə boyu əks-hücuma keçən Azərbaycan Ordusu 1990-cı illərin əvvəlində baş vermiş Birinci Qarabağ Müharibəsi zamanı Ermənistan tərəfindən işğal edilmiş əraziləri işğaldan azad etməyə başladı. 44 gün davam edən, “Vətən Müharibəsi” adlandırılan müharibə Şanlı Azərbaycan Ordusunun gücünü göstərərək Azərbaycanın qələbəsi ilə başa çatdı.

  Həmçinin 30 ilə yaxın həsrətində olduğumuz Qubadlı rayonu 25 oktyabr 2020-ci ildə işğaldan azad olundu. Eyni zamanda bildirildi ki, 19-20 sentyabr 2023-cü il tarixlərində Azərbaycanın Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə aparılan antiterror tədbirləri nəticəsində Azərbaycan öz suverenliyini tam bərpa etdi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən həmin ərazilərdə - Xocavənd, Əsgəran, Xocalı, Ağdərə, Xankəndi şəhərlərində Azərbaycan bayrağı qaldırıldı. Bu gün Azərbaycan Bayrağı işğaldan azad olunmuş bütün ərazilərimizdə qürurla dalğalanır.

44 günlük Vətən müharibəsində və antiterror tədbirləri nəticəsində qəhrəmanlar içərisində canından və qanından keçən Qubadlı rayonundan 12 şəhid və 60-dan çox qazimiz öz adlarını tarixə yazdılar. Şəhidlərimizin qisası alındı, qanı yerdə qalmadı. Şəhidlərimizin ailələri həmişə dövlət tərəfindən diqqət mərkəzində olmuşdur. Son illər Respublikamızda Şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına yönəlmiş tədbirlər bunun bariz nümunəsidir.

  Sonda Şəhidimizin qardaşı İbrahim Akif Museyib oğlu göstərdikləri diqqət və qayğıya görə Ali Baş Komandan Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqova minnətdarlığını bildirdi.

   İbrahimov Şaiq Müseyib oğlu 16 may 1972-ci il tarixdə, Zəngəzur mahalı Qubadlı rayonunun Tarovlu kəndində anadan olmuşdu. 1987-ci ildə doğma kənddə səkkizillik məktəbi bitirdikdən sonra təhsilini Xanlıq kəndindəki 126 saylı Texniki Peşə Məktəbində davam etdirmişdi. 1990-cı ildə həmin məktəbi

bitirib, sürücülük peşəsinə yiyələndikdən sonra sovet ordusu sıralarına çağırılmışdı. O, 1992-ci ildə hərbi xidməti başa çatdırdıqdan sonra erməni təcavüzünə məruz qalan Vətənin ağır günlərini görərək, iki il Almaniya və Rusiyadakı ağır hərbi təlimlərdən yorulmasına baxmayaraq bir gün belə dincəlmədən doğma torpaqların müdafiəsi uğrunda silaha sarılmışdı. Mahir bir topçu kimi yoldaşları ilə birlikdə Goyyal, Tarovlu kəndlərindəki yüksəkliklərdə torpaqlarımızı göz bəbəyi kimi qoruyurdular.

1993-cü ilin qara avqust günlərində Tarovlu, Çardaxlı, Əyin, Yuxarı Cibikli, Aşağı Cibikli və başqa kəndlərdə əhalinin təhlükəsiz yerlərə çıxarılmasında Qubadlı topçularının böyük fədakarlığı olmuşdur.

Şaiqin son döyüşü 1993-cü ilin sentyabrında olmuşdur. Beləki sentyabr ayının 1-də Qubadlının Hal kəndində ağır yaralanır. Şaiqin həyatını xilas etmək üçün onu helikopterlə Bakıya gətirirlər. Hospitalın həkimləri düz on doqquz gün koma vəziyyətdə saxlamalarına baxmayaraq, onun həyatını xilas edə bilməyiblər. Şaiq Museyib oğlu İbrahimov 20 sentyabr 1993-cü il tarixdə həyatını itirərək şəhidlik zirvəsinə ucalır. Məzarı Sumqayıt şəhərindəki "Şəhidlər Xiyabanı"nındadır, Subay idi.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Keçidlər