Şəhid İsgəndərov İlkin Camal oğlunun anım günüilə əlaqədar tədbir keçirildi
25 oktyabr 2025-ci il tarixində “Konstitusiya və Suverenlik İli” çərçivəsində Qubadlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Sumqayıt şəhər Şəhidlər xiyabanında 27 sentyabr 2020-ci il tarixində başlanmış Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına şəhid olmuş İsgəndərov İlkin Camal oğlunun anım günü ilə əlaqədar tədbir keçirildi.
Tədbirdə Qubadlı Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, RİHB-nin inzibati ərazi dairəsi üzrə nümayəndələri, döyüş yoldaşları, şəhidimizin ailə üzvləri, yaxınları, eyni zamanda ictimaiyyət nümayəndələri iştirak edirdilər.
Tədbir iştirakçıları əvvəlcə torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş vətən oğullarının xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Şəhidimizin ziyarətinə gələnlər məzarı üzərinə gül dəstələri qoydular. Şəhidimizin ruhuna dualar oxundu.
Tədbirdə çıxış edən Qubadlı Rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi və Şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Sənan Həsənov qeyd etdi ki, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki şəxslər, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirdilər. 44 günlük Vətən Müharibəsində Ordumuzun qəhrəmanlığı, Müzəffər Ali Baş Komandanın qətiyyəti ermənilərin və havadarlarının bölgədəki siyasətinin iflası ilə nəticələndi. Bütün təzyiqlərə, təhdidlərə baxmayaraq Azərbaycan Qələbə qazandı və tarixi ədalət bərpa olundu.
Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Müzəffər Ordumuzun igidliyi, qəhrəmanlığı sayəsində torpaqlarımız, həmçinin 30 ilə yaxın həsrətində olduğumuz Qubadlı rayonu 25 oktyabr 2020-ci ildə işğaldan azad olundu. 44 günlük Vətən müharibəsində qəhrəmanlar içərisində canından və qanından keçən Qubadlı rayonundan 12 şəhid və 60-dan çox qazimiz öz adlarını tarixə yazdılar. Şəhidlərimizin qisası alındı, qanı yerdə qalmadı.
Keçmiş batalıyon komandiri Dağbəyi Məhyəddinov bildirdi ki, Şəhidlərimizin ailələri həmişə dövlət tərəfindən diqqət mərkəzində olmuşdur. Son illər Respublikamızda Şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına yönəlmiş tədbirlər bunun bariz nümunəsidir.
Şəhidimizin atası Camal İsgəndərov göstərdikləri diqqət və qayğıya görə Ali Baş Komandan Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqova minnətdarlığını bildirdi.
Qubadlı şəhər sakini İsgəndərov İlkin Camal oğlu 18 mart 1999-cu ildə Sumqayıt şəhərində anadan olmuşdur. 2016-cı ildə Qubadlı rayon Kavdadıq kənd tam orta məktəbinibitimişdir. 2018-2019-cu illərdə Gəncə şəhərində yerləşən N saylı hərbi hissədə həqiqi hərbi xidmətdə olmuşdur.
Vətən müharibəsi başlayan zaman könüllü olaraq döyüşlərə qatılmışdır.
Füzuli və Cəbrayıl rayonlarında gedən döyüşlərdə fəal iştirak etmiş və döyüşlərdə fəal iştirak etdiyinə görə ona çavuş hərbi rütbəsi verilmişdir.
25 oktyabr 2020-ci il tarixində Cəbrayıl rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş və Sumqayıt şəhər “Şəhidlər xiyabanı"nda dəfn olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə İsgəndərov İlkin Camal oglu ölümündən sonra “Vətən uğrunda” və 25 dekabr 2020-ci il tarixli Sərəncamı ilə "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.
Subay idi.
Allah bütün şəhidlərimizərəhmət eləsin!






