Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid İsgəndərov İlkin Camal oğlunun doğum günü münasibətilə məzarı ziyarət olundu

18 mart 2026 | 17:06

 Qubadlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 18 mart 2026-cı il tarixdə 27 sentyabr 2020-ci il tarixində başlanmış Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına şəhid olmuş İsgəndərov İlkin Camal oğlunun doğum günü ilə əlaqədar Sumqayıt şəhər "Şəhidlər Xiyabanı"nında  məzarı ziyarət olundu. Tədbirdə Rayon İcra Hakimiyyətinin məsul işçiləri,  RİHB-nin inzibati ərazi dairəsi üzrə nümayəndələri, şəhidimizin ailə üzvləri, yaxınları, döyüş yoldaşları, eyni zamanda ictimaiyyət nümayəndələri iştirak edirdilər.

Tədbir iştirakçıları əvvəlcə torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş vətən oğullarının xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Şəhidimizin ziyarətinə gələnlər məzarı üzərinə əklil və gül dəstələri qoydular. Şəhidimizin ruhuna dualar oxundu. Eyni zamanda şair Elbrus Qayalı, Şəhidimizin təhsil aldığı Qubadlı Rayonu Kavdadıq kənd orta məktəbinin şagirdləri tərəfindən vətənpərvərlik mövzusunda və şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş şeirlər səsləndirildi.

  Tədbirdə qeyd olundu ki, İlkin İsgəndərov cəsur, ürəkli, vətənpərvər bir əsgər olub. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki şəxslər, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirdilər. 44 günlük Vətən Müharibəsində Ordumuzun qəhrəmanlığı, Müzəffər Ali Baş Komandanın qətiyyəti ermənilərin və havadarlarının bölgədəki siyasətinin iflası ilə nəticələndi. Bütün təzyiqlərə, təhdidlərə baxmayaraq Azərbaycan Qələbə qazandı və tarixi ədalət bərpa olundu.

  Oda qeyd olundu ki, Şəhidlərimizin ailələri həmişə dövlət tərəfindən diqqət mərkəzində olmuşdur. Son illər Respublikamızda Şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına yönəlmiş tədbirlər bunun bariz nümunəsidir.

Şəhidimizin atası Camal İsgəndərov göstərdikləri diqqət və qayğıya görə Ali Baş Komandan Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqova minnətdarlığını bildirdi.

  Qubadlı şəhər sakini İsgəndərov İlkin Camal oğlu  18  mart 1999-cu ildə Sumqayıt şəhərində anadan olmuşdur. 2016-cı ildə Qubadlı rayon Kavdadıq kənd tam orta məktəbini bitimişdir. 2018-2019-cu illərdə  Gəncə şəhərində yerləşən N saylı hərbi hissədə həqiqi hərbi xidmətdə olmuşdur. 

 Vətən müharibəsi  başlayan zaman könüllü olaraq döyüşlərə qatılmışdır.

 Füzuli və Cəbrayıl rayonlarında gedən döyüşlərdə fəal iştirak etmiş və döyüşlərdə fəal iştirak etdiyinə görə ona çavuş hərbi rütbəsi verilmişdir.

 25 oktyabr 2020-ci il tarixində Cəbrayıl rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş və Sumqayıt şəhər “Şəhidlər xiyabanı"nda dəfn olunmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə İsgəndərov İlkin Camal oglu ölümündən sonra “Vətən uğrunda” və 25 dekabr 2020-ci il tarixli Sərəncamı ilə "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.

Subay idi.

 

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Keçidlər