Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid jurnalist Abışov Sirac Abış oğlunun anım günü ilə əlaqədar tədbir keçirildi

05 iyun 2026 | 17:04

   Qubadlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 5 iyun 2026-cı il tarixdə, Sumqayıt şəhər "Şəhidlər Xiyabanı"nda Şəhid jurnalist Abışov Sirac Abış oğlunun anım günü ilə əlaqədar tədbir keçirildi.

  Tədbirdə Qubadlı Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haxverdiyev, Yeni Azərbaycan Partiyası Qubadlı rayon təşkilatının sədri Təhmasib Rüstəmov, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədr müavini Rafiq Həşimov, AzTv-nin məsul əməkdaşları, RİH-in məsul işçiləri, idarə, müəssisə, təşkilat rəhbərləri, RİHB-nin inzibati ərazi dairəsi üzrə nümayəndələri, şəhidimizin ailə üzvləri, yaxınları, jurnalistlər, eyni zamanda ictimaiyyət nümayəndələri iştirak edirdilər.

 Tədbir iştirakçıları tərəfindən torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Şəhidimizin məzarı ziyarət olundu, məzarı üzərinə əklil və gül dəstələri qoyuldu, ruhuna dualar oxundu.

 Eyni zamanda vətənpərvərlik mövzusunda və şəhidlərimizin xatirəsinə həsr olunmuş şeirlər səsləndirildi.

  Qubadlı Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haxverdiyev qeyd etdi ki, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki şəxslər, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirdilər. 44 günlük Vətən müharibəsində Ordumuzun qəhrəmanlığı, Ali Baş Komandanın qətiyyəti ermənilərin və havadarlarının bölgədəki siyasətinin iflası ilə nəticələndi. Azərbaycan Qələbə qazandı və tarixi ədalət bərpa olundu.

Həmçinin 25 oktyabr 2020-ci ildə Qubadlı rayonu şəhidlərimizin qanı və canı bahasına işğaldan azad olundu. Vətən müharibəsində  qəhrəmanlar içərisində canından və qanından keçən Qubadlı rayonundan 12 şəhid və 60-dan çox yaralı öz adlarını tarixə yazdılar.

 Şəhidlərimizin qanı yerdə qalmadı, qisasları alındı.

  Tədbirdə çıxış edən “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədr müavini Rafiq Həşimov Ümummilli lider Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ötən illər ərzində böyük inkişaf yolu keçdiyini, Azərbaycanın dünyanın sürətlə inkişaf edən ölkələri sırasında olduğunu, eyni zamanda Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsini, ölkəmizin regionda və dünyada mövqelərini daha da möhkəmləndirdiyini diqqətə çatdıraraq, bunu həyata keçirilən uğurlu siyasətin nəticəsi olduğunu vurğuladı. Ulu Öndərin ənənələrinə daim sadiq qalan Azərbaycan Prezidenti İlham Əliyev onun arzu və ideyalarını müvəffəqiyyətlə həyata keçirərək Müasir Azərbaycanı inkişaf etmiş qüdrətli dövlətə çevirmişdir.   

 Sonra tədbirdə YAP Qubadlı rayon təşkilatının sədri Təhmasib Rüstəmov və digər çıxış edənlər şəhidimizin yaxınlarına başsağlığı verdilər və Sirac Abışov barədə xatirələrini bölüşdülər.

  Qeyd olundu ki,  Ermənistanın Azərbaycana qarşı təcavüzünün qarşısını almaq məqsədi ilə 27 sentyabrda bütün cəbhə boyu əks-hücuma keçən Azərbaycan Ordusu 1990-cı illərin əvvəlində baş verən Birinci Qarabağ Müharibəsi zamanı Ermənistan tərəfindən işğal edilmiş əraziləri işğaldan azad etməyə başladı. 44 gün davam edən və “Vətən Müharibəsi” olaraq adlandırılan müharibə Şanlı Azərbaycan Ordusunun gücünü göstərərək Azərbaycanın tam qələbəsi ilə başa çatmışdır. Xalqın birliyi və ədalətli mövqeyi “Dəmir yumruq”da birləşərək işğalçıya sarsıdıcı zərbə vurmuşdur.

Bütün təzyiqlərə, təhdidlərə baxmayaraq Azərbaycan Qələbə qazandı və tarixi ədalət bərpa olundu.

  Şəhidimizin atası Abış Abışov göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqova minnətdarlığını bildirdi.

 Daha sonra tədbir Abşeron rayonu St. Sumqayıt ərazisində Məcburi köçkünlərin məskunlaşdığı şəhərcikdə İcma binasında yerləşən mərasim evində ehsan süfrəsi arxasında davam etdirildi.

 Tədbirdə iştirak edən “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Rövşən Məmmədov şəhidin əziz xatirəsini ehtiramla yad edərək, rəşadətli Azərbaycan ordusunun qəhrəmanlığından və xalq-dövlət birliyindən söz açıb. Sədr vurğulayıb ki, canı və qanı bahasına torpaqlarımızı azad edən şəhidlərimizin xatirəsi hər bir azərbaycanlı üçün müqəddəsdir:

"Bu gün canlarını Vətən naminə fəda etmiş qəhrəman övladlarımızın xatirəsini uca tutmaq, onların ailələrinə dəstək olmaq hər birimizin mənəvi borcudur. Şəhidlərimizin keçdiyi şərəfli döyüş yolu gələcək nəsillər üçün hər zaman örnək və vətənpərvərlik məktəbi olaraq qalacaqdır. Allah bütün şəhidlərimizə rəhmət eləsin."

  Qeyd edək ki, Abışov Sirac Abış oğlu 1989-cu il 29 avqust tarixində Qubadlı rayonunun Dondarlı kəndində anadan olmuşdur. 1996-cı ildə Sumqayıt şəhər Ç.Mustafayev adına 40 saylı tam orta məktəbinə qəbul olmuş , 2007-ci ildə həmin məktəbin məzunu olmuşdur. Elə həmin il Azərbaycan Dəniz Balıq Sənayesi texnikumuna daxil olmuş, 2009-cu ildə Gömrük ekspertizası ixtisası üzrə tam kursu bitirmişdir.

 Media sahəsinə olan marağı onun yolunu 2010-cu ildən etibarən Azərbaycan Dövlət Televiziyası və Radiosu Qapalı Səhmdar Cəmiyyətindən salır. Bir müddət “Yurd tv”-də, daha sonra 2020-ci ilin noyabr ayından etibarən işğaldan azad olunmuş rayonlarda yaradılmış, Xüsusi Çəkiliş Qrupunun tərkibində yer almış, ordumuzun nəzarətində olan Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Hadrut, Xocalı, və Xocavənd rayonlarının bütün ərazilərində dövlət əhəmiyyətli çəkilişlər etmişdir.

 Əsrarəngiz təbiətə malik olan Kəlbəcərdə növbəti çəkiliş 04.06.2021-ci il tarixində Susuzluq kəndindən başlayacaqdı. Lakin kənd ərazisinə daxil olarkən heyəti aparan Kamaz Markalı nəqliyyat vasitəsi mənfur düşmənlərin tank əleyhinə basdırdığı minaya düşür. Sirac Abışov həmin hadisə nəticəsində dünyasını dəyişərək şəhidlik zirvəsinə ucalır. Şəhid jurnalist Sirac Abışov Sumqayıt Şəhidlər Xiyabanında dəfn olunub.

 Azərbaycan Respublikası Prezidentinin 14.06.2021-ci il tarixli Sərəncamı ilə 3-cü dərəcəli Vətənə Xidmətə Görə Ordeni ilə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimovun əmri ilə isə Sirac Abışov “Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə” medalı ilə təltif edilmişdir.

  Türkiyə Xəbər Video–operatorları Cəmiyyəti tərəfindən Məhərrəm İbrahimov və Sirac Abışovun adına xüsusi mükafat təsis olunub.

  Sirac Abışovun və Məhərrəm İbrahimovun adları “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin ərazisində Azərbaycan mətbuatının şəhidlərinin xatirəsinə yaradılmış memorial abidə kompleksinin anım lövhəsinə həkk olunub.

  25 avqust 2022-ci ildə AzTV sədri Rövşən Məmmədovun təşəbbüsü ilə xatirəsini əbədiləşdirmək üçün Sirac Abışov adına mükafat təsis edilib.

Ailəli idi, Özgür adında bir övladı yadigar qalıb.

   Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Keçidlər