Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid jurnalist Abışov Sirac Abış oğlunun doğum günü qeyd olundu

28 avqust 2026 | 18:37

  Qubadlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 28 avqust 2026-cı il tarixdə Sumqayıt şəhər "Şəhidlər Xiyabanı"nda şəhid Abışov Sirac Abış oğlunun doğum günü ilə əlaqədar tədbir keçirildi.

Tədbirdə Qubadlı Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haxverdiyev, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədr müavini Tural Babayev, AzTV-nin əməkdaşları, RİH-in məsul işçiləri, idarə, müəssisə, təşkilat rəhbərləri, RİHB-nin inzibati ərazi dairəsi üzrə nümayəndələri, şəhidimizin ailə üzvləri, yaxınları, jurnalistlər və ictimaiyyət nümayəndələri iştirak edirdilər.

Tədbir iştirakçıları torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş Vətən oğullarının xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Şəhidimizin məzarı ziyarət olundu, üzərinə əklil və gül dəstələri qoyuldu, ruhuna dualar oxundu. Eyni zamanda, vətənpərvər şair Elbrus Qayalı tərəfindən vətənpərvərlik mövzusunda və şəhidlərimizin xatirəsinə həsr olunmuş şeirlər səsləndirildi.

Qubadlı Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haxverdiyev qeyd etdi ki, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki şəxslər, bütövlükdə xalqımız əzm, iradə, birlik və həmrəylik nümayiş etdirdilər. 44 günlük Vətən müharibəsində Ordumuzun qəhrəmanlığı və Ali Baş Komandanın qətiyyəti ermənilərin və havadarlarının bölgədəki siyasətinin iflası ilə nəticələndi. Azərbaycan Qələbə qazandı və tarixi ədalət bərpa olundu.

Həmçinin 25 oktyabr 2020-ci ildə Qubadlı rayonu şəhidlərimizin qanı və canı bahasına işğaldan azad olundu. Vətən müharibəsinin qəhrəmanları içərisində canından və qanından keçən Qubadlı rayonundan 12 şəhid və 40-dan çox yaralı öz adlarını tarixə yazdılar. Şəhidlərimizin qanı yerdə qalmadı, qisası alındı.

Sonra tədbirdə çıxış edən “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədr müavini Tural Babayev Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ötən illər ərzində böyük inkişaf yolu keçdiyini, dünyanın sürətlə inkişaf edən ölkələri sırasında olduğunu diqqətə çatdırdı. O, Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsini, ölkəmizin regionda və dünyada mövqelərinin daha da möhkəmlənməsini həyata keçirilən uğurlu siyasətin nəticəsi kimi qiymətləndirdi. Ulu Öndərin ənənələrinə daim sadiq qalan Azərbaycan Prezidenti İlham Əliyev onun arzu və ideyalarını müvəffəqiyyətlə həyata keçirərək müasir Azərbaycanı inkişaf etmiş qüdrətli dövlətə çevirmişdir.

Digər çıxış edənlər şəhidimizin yaxınlarına başsağlığı verdilər və Sirac Abışov barədə xatirələrini bölüşdülər.

Şəhidimizin atası Abış Abışov göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqova minnətdarlığını bildirdi.

Abışov Sirac Abış oğlu 1989-cu il avqustun 29-da Qubadlı rayonunun Dondarlı kəndində anadan olmuşdur. 1996-cı ildə Sumqayıt şəhər Ç.Mustafayev adına 40 saylı tam orta məktəbə daxil olmuş, 2007-ci ildə həmin məktəbin məzunu olmuşdur. Elə həmin il Azərbaycan Dəniz Balıq Sənayesi Texnikumuna daxil olmuş, 2009-cu ildə gömrük ekspertizası ixtisası üzrə tam kursu bitirmişdir.

Media sahəsinə olan marağı onun yolunu 2010-cu ildən etibarən Azərbaycan Dövlət Televiziyası və Radiosu Qapalı Səhmdar Cəmiyyətindən salmışdır. O, bir müddət “Yurd TV”-də çalışmış, 2020-ci ilin noyabr ayından etibarən işğaldan azad olunmuş rayonlarda yaradılmış Xüsusi Çəkiliş Qrupunun tərkibində yer almışdır. Ordumuzun nəzarətində olan Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Hadrut, Xocalı və Xocavənd rayonlarının bütün ərazilərində dövlət əhəmiyyətli çəkilişlər etmişdir.

Əsrarəngiz təbiətə malik Kəlbəcərdə növbəti çəkiliş 2021-ci il iyunun 4-də Susuzluq kəndindən başlayacaqdı. Lakin kənd ərazisinə daxil olarkən heyəti daşıyan “Kamaz” markalı nəqliyyat vasitəsi mənfur düşmənlərin tank əleyhinə basdırdığı minaya düşür. Sirac Abışov həmin hadisə nəticəsində dünyasını dəyişərək şəhidlik zirvəsinə ucalır. Şəhid jurnalist Sumqayıt Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 14 iyun tarixli Sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görө” ordeni, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimovun əmri ilə isə “Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə” medalı ilə təltif edilmişdir. Türkiyə Xəbər Video-operatorları Cəmiyyəti tərəfindən Məhərrəm İbrahimov və Sirac Abışovun adına xüsusi mükafat təsis olunub.

“Sərhədsiz Reportyorlar” Təşkilatı (SRT) 2021-ci ildə vəzifə borcunu yerinə yetirərkən öldürülən jurnalistlərin siyahısına Məhərrəm İbrahimovun və Sirac Abışovun adlarını daxil etmişdir. Onların adları “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin ərazisində Azərbaycan mətbuatı şəhidlərinin xatirəsinə yaradılmış memorial abidə kompleksinin anım lövhəsinə həkk olunub.

2022-ci il avqustun 25-də AzTV sədri Rövşən Məmmədovun təşəbbüsü ilə xatirəsini əbədiləşdirmək üçün Sirac Abışov adına mükafat təsis edilib. 2025-ci il avqustun 27-də Azərbaycan Respublikası müdafiə nazirinin müvafiq əmrinə əsasən, şəhid jurnalist Məhərrəm İbrahimov və operator Sirac Abışov ölümündən sonra “Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə” medalı ilə təltif olunmuşdur.

Ailəli idi, Özgür adında bir övladı yadigar qalıb.

  Şəhidimiz Sirac Abışova və bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik, məkanları cənnət olsun!

Keçidlər