Şəhid leytenant Ülvi Tahir oğlu Məhərrəmovun anım günü qeyd olundu
Qubadlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Sumqayıt şəhərindəki "Şəhidlər Xiyabanı"nda 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda qəhrəmanlıq göstərərək şəhid olmuş leytenant Məhərrəmov Ülvi Tahir oğlunun eyni zamanda Mustafalı Əlizamin Namiq oğlu və Əliyev Sərxan İslam oğlunun anım günü qeyd olundu.
Tədbirdə Qubadlı Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haxverdiyev, YAP Qubadlı rayon təşkilatının sədri Təhmasib Rüstəmov, RİH-in məsul işçiləri, idarə, müəssisə və təşkilat rəhbərləri, RİHB-nin inzibati ərazi dairələri üzrə nümayəndələri, şəhid ailələri, Ülvi Məhərrəmovun doğmaları və ictimaiyyət nümayəndələri iştirak edirdilər.
Mərasim iştirakçıları əvvəlcə ərazi bütövlüyümüz uğrunda canından keçmiş vətən övladlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Şəhidimizin məzarı üzərinə gül dəstələri qoyuldu, ruhuna dualar oxundu.
Şair Elbrus Qayalı və məktəblilər tərəfindən vətənpərvərlik mövzusunda və şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş şeirlər səsləndirildi.
Tədbirdə çıxış edən Qubadlı Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haxverdiyev vurğuladı ki, 44 gün davam edən və torpaqlarımızın işğaldan azad olunması ilə nəticələnən Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə, xalqımızın iftixar və qürur mənbəyinə çevrildi.
Tədbirdə YAP Qubadlı rayon təşkilatının sədri Təhmasib Rüstəmov bildirib ki, Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək öz gücünü, mətinliyini və mübarizliyini bütün dünyaya nümayiş etdirdi. Lideri ilə bir olan xalqımız 30 ilə yaxın davam edən münaqişədə qalib gələrək tarixi ədaləti bərpa etdi.
Digər çıxış edənlər də Qələbəmizin tarixi əhəmiyyətini, Azərbaycan əsgərinin döyüşlərdə göstərdiyi peşəkarlıq və fədakarlığı qeyd edərək, bu zəfərin Ali Baş Komandan, Prezident İlham Əliyevin uzaqgörən və məqsədyönlü siyasətinin məntiqi nəticəsi olduğunu vurğuladılar.
Şəhidimizin atası Tahir Məhərrəmov göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqova minnətdarlığını bildirdi.
Daha sonra tədbir iştirakçıları Vətən müharibəsində "Qorxmaz" ləqəbi ilə könüllü iştirak etmiş, ağır kəllə-beyin travması aldıqdan sonra səhhəti pisləşərək vəfat edən Mahmudlu kənd sakini, 1989-cu il təvəllüdlü Qəribov Nəriman İlham oğlunun dəfn mərasiminə qatıldılar.
Qeyd edək ki, Əslən Qubadlı rayonunun Sarıyataq kəndindən olan Məhərrəmov Ülvi Tahir oğlu 5 iyul 1997-ci ildə Sumqayıt şəhərində anadan olub. 2012-ci ildə Mahruzlu kənd tam orta məktəbinin 9-cu sinfini bitirdikdən sonra Cəmşid Naxçıvanski adına Hərbi Məktəbə daxil olub. 2015-ci ildə buranı bitirərək Heydər Əliyev adına Ali Hərbi Akademiyaya qəbul olub.
2019-cu ildə akademiyanı leytenant rütbəsi ilə bitirən Ülvi Məhərrəmov Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində tağım komandiri, 2020-ci ilin sentyabr ayından isə bölük komandiri vəzifəsinə təyin edilib.
Vətən müharibəsində rəşadətlə döyüşən leytenant Məhərrəmov 14 oktyabr 2020-ci ildə Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Sumqayıt şəhər Şəhidlər Xiyabanında dəfn olunub. Subay idi.
Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə Ülvi Məhərrəmov ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni, eləcə də "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə", "Cəsur döyüşçü" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!






