Şəhid leytenant-cərrah Qərib Müzəffər oğlu Həsənovun 70 illik yubileyi qeyd olundu
Qubadlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə"Konstitusiya və Suverenlik İli" çərçivəsində 26dekabr 2025-ci il tarixdə,Sumqayıt şəhəri 12-ci mikrorayon Çerkassi küçəsində yerləşən Qubadlı rayon Hafiz Quliyev adına Çaytumas kənd məktəb-liseyində, Qarabağ müharibəsi zamanı Ağdamın Sırxavənd kəndi istiqamətində gedən ağır döyüşlərdə itkin düşmüş, əslən Qubadlı rayonunun Eyvazlı kəndindən olan şəhid leytenant-cərrah Həsənov Qərib Müzəffər oğlunun 70 illik yubileyi münasibəti ilə tədbir keçirildi.
Tədbirdə Qubadlı Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haxverdiyev, RİH-in məsul işçiləri, idarə, müəssisə, təşkilat rəhbərləri, RİHB-nın inzibati ərazi dairəsi üzrə nümayəndələri, müharibə veteranları, qazilər, şəhidimizin ailə üzvləri, yaxınları, döyüş yoldaşları və ictimaiyyət nümayəndələri iştirak edirdilər.
Əvvəlcə tədbir iştirakçıları tərəfindən torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçmiş vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Dövlət Himni səsləndirildi.
Şəhidimizin xatirəsinə həsr olunmuş videoçarx nümayiş etdirildi, eyni zamanda vətənpərvərlik mövzusunda və şəhidlərimizin xatirəsinə həsr olunmuş musiqilər və şeirlər səsləndirildi.
Tədbirdə çıxış edən Qubadlı Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haxverdiyev qeyd etdi ki, I Qarabağ müharibəsində Qubadlı rayonundan 238 nəfər Şəhid olmuşdur. I Qarabağ müharibəsi zamanı 281 nəfər əlil olmuş, 115 nəfərdən çox sakinimiz isə itkin düşmüşdür. 44 günlük Vətən Müharibəsində Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etmişdir. Ermənistanın Azərbaycana qarşı təcavüzünün qarşısını almaq məqsədi ilə 27 sentyabrda bütün cəbhə boyu əks-hücuma keçən Azərbaycan Ordusu 1990-cı illərin əvvəlində baş vermiş Birinci Qarabağ Müharibəsi zamanı Ermənistan tərəfindən işğal edilmiş əraziləri işğaldan azad etməyə başladı. 44 gün davam edən Vətən Müharibəsi Şanlı Azərbaycan Ordusunun gücünü göstərdi və Azərbaycanın qələbəsi ilə başa çatdı. 30 ilə yaxın həsrətində olduğumuz Qubadlı rayonu 25 oktyabr 2020-ci ildə işğaldan azad olundu.
Vətən müharibəsində qəhrəmanlar içərisində canından və qanından keçən Qubadlı rayonundan 12 şəhid və 66-dan çox qazimiz öz adlarını tarixə yazdılar. Şəhidlərimizin qisası alındı, qanı yerdə qalmadı. Həmçinin 19-20 sentyabr 2023-cü il tarixində Azərbaycanın Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə aparılan antiterror tədbirləri nəticəsində Azərbaycan öz suverenliyini tam bərpa etdi.
Tədbirdə Qubadlı özünümüdafiə batalyonun keçmiş komandiri mayor Dağbəyi Məhyəddinov,Sumqayıt şəhər İcra Hakimiyyəti aparatında Vətən Müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşı Zaur Süleymanlı və digər çıxış edənlər şəhidimizlə bağlı öz xatirələrini bölüşdülər və qeyd etdilər ki, Şəhidlərimizin ailələri həmişə dövlət tərəfindən diqqət mərkəzində olmuşdur. Son illər Respublikamızda Şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına yönəlmiş tədbirlər bunun bariz nümunəsidir.
Şəhidimizin həyat yoldaşı Kifayət Həsənova və övladları göstərdikləri diqqət və qayğıya görə Ali Baş Komandan, Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqova minnətdarlıqlarını bildirdi.
Əslən Qubadlı rayonunun Eyvazlı kəndindən olan Həsənov Qərib Müzəffər oğlu 1955-ci il dekabr ayının 29-da Sumqayıt şəhərində anadan olmuşdu. Orta təhsilini Sumqayıt şəhər 18 saylı məktəbdə əla qiymətlərlə başa vurduqdan sonra, tibb təhsilini Rusiya Federasiyasında alaraq həkim ixtisasına yiyələnmişdi. Ali təhsilini başa vurduqdan sonra Azərbaycana qayıdan Qərib Həsənov uzun illər Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən hərbi hissədə hərbi həkim kimi fəaliyyət göstərmişdir.
Peşəkarlığı və insani keyfiyyətləri ilə hərkəsin dərin hörmətini qazanmışdır.
Qərib Həsənov 1987-ci il fevral ayının 13-də ailə həyatı qurmuş, 1991-ci il mart ayının 11-də birinci qızı Aytac dünyaya gəlmişdi.
1992-ci il fevral ayında Xocalı soyqırımı baş verdikdən sonra, Qərib Həsənov qisas eşqi ile yaşamağa başlayır və könüllü olaraq Azərbaycan Milli Ordusuna yazılmağa qərar verir. 1992-ci ilin aprel ayında Milli Ordunun tərkibində döyüşlərə qatılaraq xidmət göstərmiş salamat geri qayıtmışdır. Qərib, 1992-ci il iyun ayının 2-də sonuncu dəfə ailəsi ilə vidalaşaraq yenidən cəbhəyə yollanmışdır.
O, Ağdam rayonunun Sırxavənd kəndi istiqamətində gedən ağır döyüşlərdə iştirak etmişdir. Həmin döyüşlər zamanı, 13 yaralı əsgərin həyatını təkbaşına xilas edən Qərib Həsənov mühasirədə olan digər əsgərlərin həyatını xilas etmək üçün onların ardınca gedərək bir daha geri qayıtmamışdı.
Sonradan həmin ərazidə hərbi texnikanın vurulduğu xəbəri verilir. Qərib Müzəffər oğlu Həsənov bu hadisədən sonra itkin düşmüş və rəsmi olaraq şəhid elan edilmişdir. Onun Şəhid xəbəri ailəsinə 1992-ci il iyun ayının 17-də verilmişdi.
Qərib Həsənovun 1993-cü il fevral ayının 10-da ikinci qız övladı dünyaya gəlir. Ailəsi onun sağ qayıdacağına ümid edərək yeni doğulan körpəyə Ümidə adını vermişdir.
Qərib Həsənovun adı qəhrəmanlıqla yanaşı çəkilir. O, öz canını fəda edərək Vətənin sabahını yaşatdı. Bu gün azad nəfəs aldığımız hər an onun kimi igidlərin sayəsindədir.
Qərib Həsənovun həyatı bizə bir həqiqəti xatırladır: Vətəni sevmək təkcə silahla deyil, qəlblə, biliklə, fədakarlıqla mümkündür. O, yaşatmaq üçün yaşayanlardan idi—özü itkin düşsə də, ruhu xalqının qəlbindədir.
Xatirən əzizdir, igid həkim-əsgər. Adın daim ehtiramla anılacaq, yolun nurla xatırlanacaq.
Allah bütün şəhidlərimizə rəhmət eləsin !






