Şriftin ölçüsü :

Saytın rəngi :

ŞƏHİD LEYTENANT MƏHƏRRƏMOV ÜLVİ TAHİR OĞLUNUN ANIM GÜNÜ

21 oktyabr 2025 | 09:30

21 oktyabr 2025-ci il tarixdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Qubadlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Sumqayıt şəhər Şəhidlər Xiyabanında 27 sentyabr 2020-ci ildə başlanmış Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda igidlik göstərərək şəhid olmuş leytenant Məhərrəmov Ülvi Tahir oğlunun, eyni zamanda Mustafalı Əlizamin Namiq oğlu və Əliyev Sərxan İslam oğlunun anım günü qeyd olundu.

Tədbirdə Qubadlı Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haxverdiyev, RİH-nin məsul işçiləri, idarə, müəssisə, təşkilat rəhbərləri, RİHB-nın inzibati ərazi dairəsi üzrə nümayəndələri, Sumqayıt cümə məscidinin axundu Hacı Rauf Sərdarov, şəhid ailələri, Qazilər, Şəhidimizin ailə üzvləri, yaxınları, ictimaiyyət nümayəndələri iştirak edirdilər.

Tədbir iştirakçıları tərəfindən torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş vətən oğullarının xatirəsini bir dəqiqəlik sükutla yad edildi. Şəhidimizin məzarı üzərinə gül dəstələri qoyuldu, dualar oxundu. Eyni zamanda vətənpərvərlik mövzusunda və şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş şeirlər səsləndirildi.

Tədbirdə çıxış edən Qubadlı Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haxverdiyev qeyd etdi ki, 44 gün davam edən və işğal altındakı torpaqlarımızın azad olunması ilə nəticələnən Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Azərbaycan xalqı öz liderinin- Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Öz xalqı ilə vəhdətdə olan Lider kimi mübarizlik rəmzinə çevrildi, 30 ilə yaxın davam edən münaqişədə qalib tərəf oldu və tarixi ədaləti bərpa etdi.

Digər çıxış edənlər vurğuladılar ki, bizim Qələbəmiz tarixi Qələbədir. Azərbaycan əsgəri qəhrəmanlıq nümunəsidir. Azərbaycan Ordusu döyüşlər zamanı öz dözüm və peşəkarlığını nümayiş etdirdi. Bütün bunlar Ali Baş Komandan, Prezident İlham Əliyevin uzaqgörən, məqsədyönlü siyasətinin nəticəsidir.

Şəhidimizin atası Tahir Məhərrəmov göstərdikləri diqqət və qayğıya görə Ali Baş Komandan Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqova minnətdarlığını bildirdi.

Qubadlı rayonunun Sarıyataq kənd sakini Məhərrəmov Ülvi Tahir oğlu 05 iyul 1997-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. 2012-ci ildə Mahruzlu kənd tam orta məktəbin 9-cu sinfini bitirdikdən sonra Cəmşid Naxçıvanski adına Hərbi məktəbə qəbul olmuş, 2015-ci ildə hərbi məktəbi bitirdikdən sonra Heydər Əliyev adına Ali Hərbi Akademiyaya qəbul olmuş, 2019-cu ildə akademiyanı bitirib leytenant hərbi rütbəsi alaraq Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində tağım komandiri vəzifəsinə təyin olunmuşdur. 2020-ci ilin sentyabr ayından bölük komandiri vəzifəsinə təyin olunmuşdur. Vətən müharibəsində vətənin müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 14 oktyabr 2020-ci ildə Xocavənd rayonu ərazisində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmışdır. Sumqayıt şəhər “Şəhidlər xiyabanı"nda dəfn olunmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Məhərrəmov Ülvi Tahir oğlu ölümündən sonra “Vətən uğrunda” medalı, 25 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Xocavəndin azad olunmasına görə” medalı, 29 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Şuşanın azad olunmasına görə” medalı, 24 iyun 2021-ci il tarixli Sərəncamı ilə “Cəsur döyüşçü”medalı, 05 noyabr 2021-ci il tarixli Sərəncamı ilə “Füzulinin azad olunmasına görə” medalı, və III dərəcə “Rəşadət” ordeni ilə təltif edilmişdir.

Subay idi.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Keçidlər