Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid mayor Alıyev Elçin Bayram oğlunun 50 yaşının tamam olması münasibəti ilə tədbir keçirildi.

16 iyul 2025 | 09:21

Qubadlı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik ili” çərçivəsində,16 iyul 2025-ci il tarixdə Abşeron rayonu Stansı Sumqayıt Ərazisində  məcburi köçkünlər üçün salınmış şəhərcikdə yerləşən Qubadlı şəhər Əbülfəz Mehdiyev adına uşaq musiqi məktəbində, 44 günlük Vətən müharibəsi zamanı qəhrəmancasına şəhid olmuş mayor Alıyev Elçin Bayram oğlunun 50 illik yubileyi  münasibətilə tədbir keçirildi.

 Tədbirdə Qubadlı Rayon İcra Hakimiyyəti başçısının müavinləri Allahverdi Haxverdiyev, Xoşqədəm Alıyeva, RİH-in məsul işçiləri, idarə, müəssisə, təşkilat rəhbərləri, RİHB-nın inzibati ərazi dairəsi üzrə nümayəndələri, şəhidlərimizin ailə üzvləri, yaxınları, döyüş yoldaşları və ictimaiyyət nümayəndələri iştirak edirdilər.

Tədbirdə əvvəlcə torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Dövlət Himni səsləndirildi, Şəhidimizin xatirəsinə həsr olunmuş videoçarx nümayiş olundu.

Şair Elbrus Qayalı, Qubadlı rayon Mədəniyyət idarəsi və orta məktəb şagirdləri tərəfindən  Şəhidlərimizin xatirəsinə həsr olunmuş şeirlər və Vətənpərlik mövzusunda musiqilər səsləndirildi.  

Tədbirdə çıxış edən Qubadlı rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haxverdiyev bildirdi ki, Sentyabrın 27-dən başlayan, 44 gün davam edən işğal altındakı torpaqlarımızın azad olunması ilə nəticələnən Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Azərbaycan Silahlı Qüvvələri 44 günlük müharibə zamanı əsl vətənpərvərlik və qəhrəmanlıq göstərmiş, düşmənin canlı qüvvəsini, texnikasını məhv edərək Qələbə qazandı və tarixi ədaləti bərpa olundu.

  Azərbaycan xalqı öz Liderinin - Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Prezident İlham Əliyev öz xalqı ilə vəhdətdə olan lider kimi mübarizlik rəmzinə çevrildi. Azərbaycan 30 ilə yaxın davam edən münaqişədə qalib tərəf oldu, ərazi bütövlüyümüz bərpa olundu. Ölkəmizdəki Xalq-İqtidar birliyi sözün əsl mənasında "dəmir yumruğa” çevrildi.

  Allahverdi Haxverdiyev qeyd etdi ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuzun qısa zamanda əldə etdiyi nailiyyətlər, peşəkar idarəçilik, döyüş hazırlığının və hərbi vətənpərvərlik ruhunun daima yüksək olması imkan verdi ki biz torpaqlarımızı düşmənlərdən azad edək. Hər bir Azərbaycan vətəndaşı artıq əmindir ki, hazırkı mürəkkəb tarixi şəraitdə ölkəmizin ərazi bütövlüyünün bərpası cənab Ali Baş Komandanın güclü siyasəti və iradəsi, ordumuzun əzmi və qətiyyəti, xalqımızın həmrəyliyi sayəsində mümkündür. Müzəffər Azərbaycan ordusunun hər bir uğurlu əməliyyatı, xalqımızın qələbə ruhlu və qətiyyətli millət kimi dünya tarixinin heç zaman unudulmayacaq səhifələrinə həkk olunmasına səbəb oldu.

  Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki şəxslər, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək düşmənə sarsıdıcı zərbələr endirmişdir. Prezident İlham Əliyev hərbi sahədə olduğu kimi diplomatik və informasiya savaşı cəbhəsində də misilsiz rəşadət göstərmiş, Azərbaycana qarşı informasiya blokadasını yarmış, müharibənin gedişində və müharibədən sonra onlarla aparıcı xarici KİV-ə müsahibələr vermişdir. Son 30 ildə havadarlarına arxalanan Ermənistandakı hərbi-siyasi xuntalar güman edirdilər ki, “xilaskar”ları bu dəfə də onların köməyinə gələcək. Lakin 44 günlük müharibədə ordumuzun qəhrəmanlığı, Ali Baş Komandanın qətiyyəti ermənilərin və havadarlarının bölgədəki siyasətinin iflası ilə nəticələndi. Həmçinin 30 ilə yaxın həsrətində olduğumuz Qubadlı rayonu 25 oktyabr 2020-ci ildə şəhidlərimizin qanı və canı bahasına işğaldan azad olunmuşdur. 44 günlük Vətən müharibəsində  qəhrəmanlar içərisində canından və qanından keçən Qubadlı rayonundan 12 şəhid və 60-dan çox yaralı öz adlarını tarixə yazdılar. Şəhidlərimizin qisası alındı, qanı yerdə qalmadı.

Daha sonra çıxış edənlər Sumqayıt şəhər 16 saylı məktəbin direktoru Sevil müəllimə, döyüş yoldaşları Seymur Zahidoğlu, Anar Baxışlı , Şəhidimizin dayısı Cəlal müəllim  qəhrəman şəhidimiz Elçin Alıyev haqqında öz xatirələrini bölüşərək bütün şəhidlərimizə Allahdan rəhmət dilədilər.

Sonda Şəhidimizin qardaşı Abbasəli Alıyev göstərdikləri diqqət və qayğıya görə Ali Baş Komandan Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqova minnətdarlığını bildirdi.

Qubadlı şəhər sakini Alıyev Elçin Bayram oğlu 16 iyul 1975-ci ildə Abşeron rayonu Saray qəsəbəsində anadan olub. 1992-ci ildə Qubadlı Şəhər 1 saylı orta məktəbin məzunu olmuşdur.

1992-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə qəbul olmuş, 1993-cü ildə isə Ali Hərbi məktəbə yerdəyişmə etmişdir. 1993-cü ildə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinin Tank Artilleriya fakültəsinin 1-ci kursuna qəbul olmuşdur. 1997-ci ildə Taktiki Yerüstü Artilleriya Komandiri və Artilleriya Silahlarının İstismarı üzrə mühəndis ixtisasma yiyələnmişdir. 1997-2005-ci illərdə N saylı hərbi hissədə Artilleriya batareyasının komandiri və briqadanın kəşfiyyat rəisi, 2006-2010-cu illərdə N saylı hərbi hissədə Artilleriya rəisinin köməkçisi, 2010- 2011-ci illərdə N saylı hərbi hissədə Artilleriya rəisinin baş köməkçisi, 2014 sentyabr - 2015 yanvar tarixə qədər H.Əliyev adına Azərbaycan Ali Hərbi məktəbində müəllim, 2015-ci il yanvar ayından 2017-ci il aprel ayınadək N saylı hərbi hissədə Artilleriya bölməsi rəisinin baş köməkçisi vəzifəsində xidmət etmişdir. 2016- cı ilin aprel döyüşlərində “Lələ təpə”nin azad olunmasında öndə gedənlərimizdən biri olmuşdur.

Azərbaycan Respublikası Prezidenti adından Azərbaycan Respublikası Müdafiə Nazirinin müxtəlif tarixli əmrləri ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 10,90 və 95 illiyi” yubiley medalları və  III, II dərəcəli  “Qüsursuz xidmətə görə” medalları ilə təltif edilmişdir.

2017-ci il aprel ayından öz arzusu ilə hərbi xidmətdən ehtiyata buraxılmışdır. Təqaüdə çıxmasına baxmayaraq, 01 oktyabr 2020-ci ildə N saylı hərbi hissədən könüllü olaraq Vətən müharibəsinə yollanmışdır. Döyüş yolu ilk əvvəl Ağcabədi rayonunda əsgərlərə təlim keçməklə başlayır. Sonra isə əsgərləri ilə birgə Füzulidə döyüşə qatılır. Hadrutda, Xocavənddə, Şuşada gedən döyüşlərdə fəal iştrak edən igidlərdən biri olur.

Müharibə zamanı ayağından yaralanmasına baxmayaraq, döyüşə davam etmişdir.07 noyabr 2020-ci ildə sinəsindən 3 güllə yarası alsa da, 1 gün yaralı vəziyyətdə döyüşür.O, 09 noyabr 2020-ci ildə Şuşada gedən döyüşlərdə qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalmışdır.  Bakı şəhər “2-ci Fəxri Xiyaban"da dəfn olunmuşdur.

 Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Elçin Alıyev ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elçin Alıyev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə, Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elçin Alıyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə , Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamına əsasən Elçin Alıyev ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalları ilə təltif edildi.

Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamına əsasən Elçin Alıyev ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edilib.

Ailəli idi, 3 övladı var.

  Cənnətdəki doğum günü mübarək olsun Şəhidimizin!

Allah bütün Şəhidlərimizə rəhmət eləsin !

Keçidlər