Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Mehdiyev Bəhmən Mehdi oğlunun 65 illik yubileyi qeyd olundu

07 may 2026 | 19:16

  Qubadlı Rayon İcra Hakimiyyəti təşkilatçılığı ilə, 7 may 2026-ci il tarixdə Sumqayıt şəhərində fəaliyyət göstərən şəhidimizin adını daşıyan  Qubadlı şəhər-2 saylı tam orta məktəbdə, rayonun Göyərcik kənd sakini, Qarabağ müharibəsi zamanı qəhrəmancasına şəhid olmuş polis starçinası Bəhmən Mehdi oğlu Mehdiyevin anadan olmasının 65 illik yubileyi ilə əlaqədar tədbir keçirildi.

Tədbirdə Qubadlı Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haxverdiyev, YAP Qubadlı rayon təşkilatının sədri Təhmasib Rüstəmov, RİH-in məsul işçiləri, idarə, müəssisə, təşkilat rəhbərləri, RİHB-nın inzibati ərazi dairəsi üzrə nümayəndələri, Qubadlı şəhər-2 saylı tam orta məktəbinin kollektivi, şəhidimizin ailə üzvləri, yaxınları, şəhidimizin iş yoldaşları olmuş keçmiş polis əməkdaşları,  döyüş yoldaşları və ictimaiyyət nümayəndələri iştirak edirdilər.

Əvvəlcə tədbir iştirakçıları tərəfindən torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçmiş vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Dövlət Himni səsləndirildi.

  Şəhid polis Bəhmən Mehdiyevin döyüş yolundan bəhs edən Vidoçarx nümaiş olundu.

 Eyni zamanda şair Elbrus Qayalı və Qubadlı şəhər-2 saylı tam orta məktəbinin şagirdləri tərəfindən vətənpərvərlik mövzusunda və şəhidlərimizin xatirəsinə həsr olunmuş musiqilər və şeirlər səsləndirildi.

  Tədbirdə çıxış edən Qubadlı rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haxverdiyev qeyd etdi ki, I Qarabağ müharibəsində Qubadlı rayonundan 238 nəfər Şəhid olmuşdur. Onlardan 9 nəfəri Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür. Şəhidlərimizdən 12 nəfəri Polis əməkdaşı olmuşdur, onlardan Mirzəyev Kərəm Ərşad oğlu və Əliyev Vasili Əhməd oğlu Azərbaycanın Milli Qəhrəmanıdır. I Qarabağ müharibəsi zamanı 117 nəfərdən çox sakinimiz isə itkin düşmüşdür.

 Sonra tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Qubadlı rayon təşkilatının sədri Təhmasib Rüstəmov qeyd etdi ki, 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etmişdir. Ermənistanın Azərbaycana qarşı təcavüzünün qarşısını almaq məqsədi ilə 27 sentyabrda bütün cəbhə boyu əks-hücuma keçən Azərbaycan Ordusu 1990-cı illərin əvvəlində baş verən Birinci Qarabağ Müharibəsi zamanı Ermənistan tərəfindən işğal edilmiş əraziləri işğaldan azad etməyə başladı. 44 gün davam edən və “Vətən Müharibəsi” olaraq adlandırılan müharibə Şanlı Azərbaycan Ordusunun gücünü göstərərək Azərbaycanın tam qələbəsi ilə başa çatmışdır. Xalqın birliyi və ədalətli mövqeyi “Dəmir yumruq”da birləşərək işğalçıya sarsıdıcı zərbə vurmuşdur.

Bütün təzyiqlərə, təhdidlərə baxmayaraq Azərbaycan Qələbə qazandı və tarixi ədalət bərpa olundu. 30 ilə yaxın həsrətində olduğumuz Qubadlı rayonu 25 oktyabr 2020-ci ildə şəhidlərimizin qanı və canı bahasına işğaldan azad olunmuşdur. 44 günlük Vətən müharibəsində qəhrəmanlar içərisində canından və qanından keçən Qubadlı rayonundan 12 şəhid və 60-dan çox yaralı öz adlarını tarixə yazdılar. Şəhidlərimizin qisası alındı, qanları yerdə qalmadı.     

 Digər çıxış edənlər - Qubadlıda Milli Ordunun qurulmasında xüsusi xidmətləri olan, 3-cü batalyonun komandiri olmuş, ehtiyatda olan mayor Dağbəyi Məhyəddinov, keçmiş polis işçiləri Azim Abbasov, Rövşən Mustafayev,  şəhidimizlə  bağlı öz xatirələrini bölüşdülər və qeyd etdilər ki, şəhidlərimizin ailələri həmişə dövlət tərəfindən diqqət mərkəzində olmuşdur. Son illər Respublikamızda Şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına yönəlmiş tədbirlər bunun bariz nümunəsidir.

  Sonda çıxış edən şəhidimizin ailə üzvləri göstərdikləri diqqət və qayğıya görə Ali Baş Komandan Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqova minnətdarlıqlarını bildiriblər.

  Mehdiyev Bəhmən Mehdi oğlu 1961-ci il may ayının 7-də Zəngəzur mahalı Qubadlı rayonunun Göyərcik kəndində ziyalı ailəsində doğulmuşdur. 1978-ci ildə orta məktəbi bitirib, ordu sıralarında həqiqi hərbi xidmətə yollanmışdı. Vətənə xidmət borcunu başa vurduqdan sonra 1982-ci ildə Xankəndi Pedaqoji İnstituna daxil olmuş, oranı bitirdikdən sonra isə doğma Göyərcik kəndinə qayıtmış və pedaqoji fəaliyyətə başlamışdır. 1988 -ci ildə isə müəllimlik fəaliyyətini hal -hazırda onun adını daşıyan Qubadlı rayon 2 saylı tam orta məktəbdə davam etdirmişdir. Bəhmən Mehdiyevin müəllimlik fəaliyyəti bundan sonra daha uzun illər davam edəcəkdir....

Lakin Qarabağ müharibəsinin başlanması və ardınca 1989 -cu ildə Bəhmən Mehdiyevin atası Novlu kənd Sovet sədri Mehdiyev Mehdi Qasım oğlunun ermənilər tərəfindən əsir götürülməsi və 4 aydan sonra vəhşicəsinə qətlə yetirilməsi onun ürəyində ata intiqamını almaq diləyi ilə müəllimlik fəaliyyətindən uzaqlaşdırmış, Qubadlı rayon polis şöbəsi sıralarına qatılmağa vadar etmişdir. O , rayon polis şöbəsinin ayrılıqda və ordu ilə birlikdə keçirdiyi hərbi əməliyyatların əksəriyyətində iştirak etmiş və igidlik nümunəsi göstərmişdir. Qəhrəman polis əməkdaşı Bəhmən Mehdiyev bütün əməliyyatlarda öz bacarığı, fərasəti, qorxmazlığı ilə seçilmiş, demək olar ki, bütün əməliyyatlarda iştirak etmişdi. Bunun müqabilində o, dəfələrlə Daxili İşlər Nazirliyinin mükafatlarına və nazirin “Əla xidmətə görə” döş nişanına laiq görülmüşdür. Çox təəssüflər olsun ki, 1992-ci ilin oktyabr ayının 26-da Topağac uğrunda gedən döyüşlərdə Bəhmən Mehdiyev qəhrəmancasına vuruşaraq şəhid olmuşdur. Cəsur döyüşçü doğma kəndlərinin yaxınlığındakı “İmamzadə” qəbristanlığında şəhid atasının yanında torpağa tapşırıldı. O, Ölümündən sonra “Vətən uğrunda”medalı ilə təltif edilmişdir.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Keçidlər