Şəhid Mehdiyev Əbülfəz Bəbir oğlunun 60 illik yubileyi qeyd olundu.
Qubadlı Rayon İcra Hakimiyyəti və Ə.Mehdiyev adına Qubadlı uşaq musiqi məktəbinin birgə təşkilatçılığı ilə, "Konstitusiya və Suverenlik İli" çərçivəsində 01 noyabr 2025-ci il tarixdə Abşeron rayonu Stansı Sumqayıt ərazisində Məcburi köçkünlər üçün salınmış şəhərcikdə yerləşən şəhidimizin adını daşıyan Qubadlı uşaq musiqi məktəbində, rayonun Tarovlu kənd sakini şəhid Əbülfəz Bəbir oğlu Mehdiyevin 60 yaşının tamam olması münasibətilə tədbir keçirildi.
Tədbirdə Qubadlı Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haxverdiyev, RİH-in məsul işçiləri, idarə, müəssisə, təşkilat rəhbərləri, RİHB-nın inzibati ərazi dairəsi üzrə nümayəndələri, Musiqi məktəbinin kollektivi, şəhidimizin ailə üzvləri, yaxınları, döyüş yoldaşları və ictimaiyyət nümayəndələri iştirak edirdilər.
Əvvəlcə tədbir iştirakçıları tərəfindən torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçmiş vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Dövlət Himni səsləndirildi. Eyni zamanda musiqi məktəbinin kollektivi tərəfindən vətənpərvərlik mövzusunda və şəhidlərimizin xatirəsinə həsr olunmuş musiqilər və şeirlər səsləndirildi.
Tədbirdə çıxış edən Qubadlı Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haxverdiyev qeyd etdi ki, I Qarabağ müharibəsində Qubadlı rayonundan 238 nəfər Şəhid olmuşdur. I Qarabağ müharibəsi zamanı 274 nəfər əlil olmuş, 100 nəfərdən çox sakinimiz isə itkin düşmüşdür. 44 günlük Vətən Müharibəsində Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etmişdir. Ermənistanın Azərbaycana qarşı təcavüzünün qarşısını almaq məqsədi ilə 27 sentyabrda bütün cəbhə boyu əks-hücuma keçən Azərbaycan Ordusu 1990-cı illərin əvvəlində baş vermiş Birinci Qarabağ Müharibəsi zamanı Ermənistan tərəfindən işğal edilmiş əraziləri işğaldan azad etməyə başladı. 44 gün davam edən Vətən Müharibəsi Şanlı Azərbaycan Ordusunun gücünü göstərdi və Azərbaycanın qələbəsi ilə başa çatdı. 30 ilə yaxın həsrətində olduğumuz Qubadlı rayonu 25 oktyabr 2020-ci ildə işğaldan azad olundu.
Vətən müharibəsində qəhrəmanlar içərisində canından və qanından keçən Qubadlı rayonundan 12 şəhid və 60-dan çox qazimiz öz adlarını tarixə yazdılar. Şəhidlərimizin qisası alındı, qanı yerdə qalmadı. Həmçinin 19-20 sentyabr 2023-cü il tarixində Azərbaycanın Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə aparılan antiterror tədbirləri nəticəsində Azərbaycan öz suverenliyini tam bərpa etdi.
Tədbirdə Qubadlı RİH Aparatında Vətən Müharibəsi İştirakçıları və Şəhid Ailələri İlə İşin Təşkili şöbəsinin müdiri Sənan Həsənov və digər çıxış edənlər Vətən Müharibəsində qazanılan zəfərlə bağlı öz fikirlərini və şəhidimizlə bağlı xatirələrini bölüşdülər.
Şəhidimizin ailə üzvləri göstərdikləri diqqət və qayğıya görə Ali Baş Komandan Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqova minnətdarlıqlarını bildirdilər.
Onu da qeyd edək ki, rayon Polis şöbəsinin əməkdaşları və şəhidimizin ailə üzvləri tərəfindən Qubadlı rayonunda yerləşən Şəhidlər "Xiyabanı"nda şəhidimizin məzarı ziyarət olunub.
Əbülfəz Bəbir oğlu Mehdiyev 1965-ci il noyabr ayının 1-də, Zəngəzur mahalı Qubadlı rayonunun Tarovlu kəndində anadan olmuşdu. 1971-ci ildə Qubadlı qəsəbəsində orta məktəbin birinci sinfinə daxil olmuşdu. 1979-cu ildə səkkizillik təhsil alandan sonra Şuşa şəhərindəki Musiqi məktəbinə qəbul olmuş, 1982-ci ildə musiqi məktəbini müvəffəqiyyətlə başa çatdırandan sonra Qubadlıya qayıtmış və qəsəbə musiqi məktəbində müəllim işləməyə başlamışdı. 1983-cü ildə Əbülfəz sovet ordusu sıralarına çağırılmış və hərbi xidməti qurtardıqdan sonra Vətənə qayıtmış, Qubadlı qəsəbə musiqi məktəbində müəllimlik fəaliyyətini davam etdirmişdi.
Əbülfəz Mehdiyev 1987-ci ildə Bakı şəhər Kooperativ Texnikumunun qiyabi şöbəsinə daxil olmuş və 1991-ci ildə texnikumu bitirdikdən sonra rayon İstehlak Cəmiyyəti sistemində işləməyə başlamışdı. Lakin Qarabağ hadisələri, erməni xəyanətkarlığı, daşnakların haqsız iddiaları, onları dəstəkləyənlərin ədalətsizlikləri gənc Əbülfəzin səbrin tükəndirmiş, işdən əl-qolunu soyutmuşdu.
Əbülfəz Mehdiyev, elə həmin (1987-ci) il Azərbaycanın dilbər guşələrindən sayılan Qubadlı torpaqlarının müdafiəsinə qalxmış və bu məqsədlə xalqımızın qeyrətli oğlu Əliyar Əliyevin başçılıq etdiyi ərazi özünümüdafiə taboruna qəbul edilmişdi.
O, az vaxt ərzində istedadlı bir topçu kimi şöhrət qazanmışdı. Əbülfəz 18 nəfərlik bir dəstə ilə Ermənistanla sərhəd olan Əyin, Aşağı Cibikli ,Yuxarı Cibikli , Çardaqlı və Tarovlu kəndlərinin müdafiəsində böyük igidliklər göstərmiş, ermənilərin basqınlarının qarşısını almışdı.
Cəsur topçularımız sərrast zərbələri ilə dəfələrlə düşmənin atəş nöqtələrini susdurmuş, bir çox postlarını darmadağın etmiş, hərbi sursat və zirehli maşınlarını qənimət kimi ələ keçirmişdilər. Eşidəndə ki, ermənilərin Davudbek kəndindən onun doğulub boya başa çatdığı Tarovlu kəndinə növbəti hücum olacaq, o öz silahdaşları ilə birlikdə doğma kəndin müdafiəsinə gedir.
1992-ci il iyun ayının 30-da, doğma Tarovlu kəndinin müdafiəsi uğrunda gedən döyüş igid topçunun son döyüşü olmuşdu. Həmin gün, düşmən böyük qüvvə ilə, Tarovlu kəndinə hücum etmişdi. Əlavə qüvvə, köməyə gələnə qədər Əbülfəz dostu İrşad Həsənquliyevlə cəsarətlə döyüşə atılmışdı. Arxa-arxaya verən iki dost sayca xeyli üstün olan düşmənə qarşı mərdliklə vurulmuşdur. Bir neçə saat davam edən bu qanlı döyüşdə Əbülfəz sinəsindən ağır yaralanmış və qəhrəmancasına Şəhid olmuşdur.
Azərbaycan Respublikası Prezidentinin, 2008-ci il 25 iyun tarixli 2905 nömrəli Sərəncamı ilə Mehdiyev Əbülfəz Bəbir oğlu ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif olunmuşdur.
Qubadlı rayon uşaq musiqi məktəbi şəhid Əbülfəz Mehdiyevin adını daşıyır. Əbülfəz ailəli idi.
Mənsum adlı bir oğlu yadigar qalıb.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!






