Şəhid Məhərrəmov Ülvi Tahir oğlunun anım günü ilə əlaqədar tədbir keçirildi
21 oktyabr 2024-cü il tarixdə Qubadlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Sumqayıt şəhər Şəhidlər Xiyabanında, 27 sentyabr 2020-ci il tarixində başlanmış Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda igidlik göstərərək şəhid olmuş Məhərrəmov Ülvi Tahir oğlunun və silahdaşı Sərxan İslam oğlu Əliyevin Anım günü tədbiri keçirildi. Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haxverdiyev, RİH-nin məsul işçiləri, idarə, müəssisə, təşkilat rəhbərləri, RİHB-nın inzibati ərazi dairəsi üzrə nümayəndələri, Qubadlı rayonunun Süleyman Rəhimov adına Mahruzlu kənd tam orta məktəbin kollektivi, Sumqayıt şəhər 7 saylı tam orta məktəbin kollektivi,döyüş yoldaşları, Şəhidimizin ailə üzvləri, yaxınları, eyni zamanda ictimaiyyət nümayəndələri iştirak edirdilər.
Tədbir iştirakçıları əvvəlcə torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş vətən oğullarının xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Şəhidimizin ziyarətinə gələnlər məzarı üzərinə əklil və gül dəstələri qoydular, ruhuna dualar oxundu. Eyni zamanda vətənpərvərlik mövzusunda və şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş şeirlər səsləndirildi.
Tədbirdə çıxış edən Qubadlı Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haxverdiyev qeyd etdi ki, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizin qəhrəmanlığı, xalqın birliyi və ədalətli mövqeyi “dəmir yumruq”da birləşərək işğalçıya sarsıdıcı zərbə vurdu. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki şəxslər, bütövlükdə xalqımız birlik və həmrəylik nümayiş etdirdi. Bütün təzyiqlərə, təhdidlərə baxmayaraq Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Şanlı Azərbaycan Ordusu gücünü göstərərək Qələbə qazandı.
44 gün davam edən və işğal altındakı torpaqlarımızın azad olunması ilə nəticələnən Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Azərbaycan xalqı öz liderinin- Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Öz xalqı ilə vəhdətdə olan Lider kimi mübarizlik rəmzinə çevrildi, 30 ilə yaxın davam edən münaqişədə qalib tərəf oldu və tarixi ədaləti bərpa etdi.
Digər çıxışlarda vurğulandı ki, 30 ilə yaxın həsrətində olduğumuz Qubadlı rayonu 25 oktyabr 2020-ci ildə şəhidlərimizin qanı və canı bahasına işğaldan azad olunmuşdur. 44 günlük Vətən müharibəsində qəhrəmanlar içərisində canından və qanından keçən Qubadlı rayonundan 12 şəhid və 40-dan çox yaralı öz adlarını tarixə yazdılar.
Şəhidlırimizin ataları Tahir Məhərrəmov və İslam Əliyev göstərdikləri diqqət və qayğıya görə Ali Baş Komandan Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqova minnətdarlığını bildirdi.
Sonda Sumqayıt şəhərində yerləşən “Green Park” restoranında şəhidin adına ehsan süfrəsi verildi.
Qubadlı rayonunun Sarıyataq kənd sakini Məhərrəmov Ülvi Tahir oğlu 05 iyul 1997-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur.
2012-ci ildə Mahruzlu kənd tam orta məktəbinin 9-cu sinfini bitirdikdən sonra Bakı şəhər Cəmşid Naxçıvanski adına Hərbi məktəbə qəbul olmuş, 2015-ci ildə həmin hərbi məktəbi bitirmişdir. Hərbi məktəbi bitirdikdən sonra Heydər Əliyev adına Ali Hərbi Akademiyaya qəbul olmuş, 2019-cu ildə akademiyanı bitirib leytenant hərbi rütbəsi alaraq Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində tağım komandiri vəzifəsinə təyin olunmuşdur.
2020-ci ilin sentyabr ayından bölük komandiri vəzifəsinə təyin olunmuşdur.
Vətən müharibəsində vətənin müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak etmişdir.
14 oktyabr 2020-ci ildə Xocavənd rayonu ərazisində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmışdır.
Sumqayıt şəhər “Şəhidlər xiyabanı"nda dəfn olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Məhərrəmov Ülvi Tahir oğlu ölümündən sonra “Vətən uğrunda” medalı, 25 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Xocavəndin azad olunmasına görə” medalı, 29 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Şuşanın azad olunmasına görə” medalı, 24 iyun 2021-ci il tarixli Sərəncamı ilə “Cəsur döyüşçü”medalı, 05 noyabr 2021-ci il tarixli Sərəncamı ilə “Füzulinin azad olunmasına görə” medalı, və III dərəcə “Rəşadət” Ordeni ilə təltif edilmişdir.
Subay idi.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!