Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Məhərrəmov Ülvi Tahir oğlunun doğum günü

05 iyul 2023 | 17:17

05 iyul 2023-cü il tarixdə Qubadlı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Sumqayıt şəhər Şəhidlər Xiyabanında Şəhid Məhərrəmov Ülvi Tahir oğlunun doğum günü münasibətilə tədbir keçirildi. TədbirdəQubadlı rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haxverdiyev, YAP Qubadlı rayon təşkilatının sədri Təhmasib Rüstəmov, Şəhidin döyüş yoldaşları, Şəhidin ailə üzvləri və yaxınları iştirak edirdilər.

Əvvəlcə Sumqayıt şəhərində yerləşən Şəhidlər Xiyabanında Şəhidin məzarına ziyarət olundu və gül dəstələri qoyuldu.

Şəhidin ruhuna dualar oxundu.

Daha sonra Qubadlı rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haxverdiyev qeyd etdi ki, sentyabrın 27-dən başlayan, 44 gün davam edən işğal altındakı torpaqlarımızın azad olunması ilə nəticələnən Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələri 44 günlük müharibə zamanı əsl vətənpərvərlik və qəhrəmanlıq göstərmiş, düşmənin canlı qüvvəsini, texnikasını məhv edərək Qələbə qazandı və tarixi ədalət bərpa olundu.Uzun illərdən bəri düşmən tapdağı altında qalmış torpaqlarımızı işğaldan azad etdi, Azərbaycan xalqının özünə inamını qaytardı, xalqın öz liderinə, onun gücünə etibarını daha da möhkəmləndirdi.

Çıxış edən YAP Qubadlı rayon təşkilatının sədri Təhmasib RüstəmovAli Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Müzəffər Ordumuzun igidliyi, qəhrəmanlığı sayəsində torpaqlarımız, həmçinin 30 ilə yaxın həsrətində olduğumuz Qubadlı rayonu 25 oktyabr 2020-ci ildə işğaldan azad olundu. 44 günlük Vətən müharibəsində  qəhrəmanlar içərisində canından və qanından keçən Qubadlı rayonundan 11 şəhid və 40-dan çox qazimiz öz adlarını tarixə yazdılar. Şəhidlərimizin qisası alındı, qanı yerdə qalmadı.

Şəhidlərimiz heç vaxt unudulmur, biz hər birimiz onlara  borcluyuq. Tarix yazan qəhrəmanlarımızı daim fəxr və iftixarla anacağıq.

Daha sonra Şəhidin atası Tahir Məmmədov və şair Elbrus Qayalıçıxış edərək göstərdikləri diqqət və qayğıya görə Ali Baş Komandan Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqova minnətdarlıqlarını bildirdilər.

Tədbirdən sonra “Şəfa” mərasim evində ehsan süfrəsi verildi.

Qubadlı rayonunun Sarıyataq kənd sakini Məhərrəmov Ülvi Tahir  oğlu  05 iyul 1997-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur.

2012-ci ildə Mahruzlu kənd tam orta məktəbinin 9-cu sinfini bitirmiş və Bakı şəhəri Naxçıvanski adına Hərbi Məktəbə qəbul olmuş, 2015-ci ildə bitirmişdir. Hərbi məktəbi bitirdikdən sonra Heydər Əliyev adına Ali Hərbi Akademiyaya qəbul olmuş, 2019-cu ildə akademiyanı bitirib leytenat hərbi rütbəsi alaraqMüdafiə Nazirliyinin N saylı hərbi hissəsində tağım komandiri vəzifəsinə təyin olunmuşdur, 

2020-ci ilin sentyabr ayından bölük komandiri vəzifəsinə təyin olunmuşdur.  

Vətən müharibəsində vətənin müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak etmiş və 14 oktyabr 2020-ci ildə Xocavənd rayonu ərazisində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmış və Sumqayıt şəhər “Şəhidlər xiyabanı"nda dəfn olunmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Məhərrəmov Ülvi Tahir  oğlu ölümündən sonra “Vətən uğrunda” medalı, 25 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Xocavəndin azad olunmasına görə” medalı, 29 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Rəşadət ordeni”, “Cəsur döyüşçü” medalları ilə təltif edilmişdir.Subay idi.

Allah rəhmət eləsin!

Keçidlər