Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Mehman Vəliş oğlu Əliyevin anim günü

21 noyabr 2025 | 11:55

Qubadlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 20 noyabr 2025-ci il tarixdə, ”Konstitusiya və Suverenlik İli” çərçivəsində Sumqayıt şəhər Şəhidlər xiyabanında şəhid Əliyev Mehman Vəliş oğlunun anım günü ilə əlaqədar tədbir keçirildi.

Tədbirdə Qubadlı Rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən Müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Sənan Həsənov, RİH-in məsul işçiləri, idarə, müəssisə, təşkilat rəhbərləri, RİHB-nin inzibati ərazi dairəsi üzrə nümayəndələri, şəhidimizin ailə üzvləri, yaxınları, döyüş yoldaşları, eyni zamanda ictimaiyyət nümayəndələri iştirak edirdilər.

Tədbir iştirakçıları tərəfindən torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş vətən oğullarının xatirəsini bir dəqiqəlik sükutla yad edildi. Şəhidimizin məzarı üzərinə gül dəstələri qoyuldu, ruhuna dualar oxundu.

Vətənpərvərlik mövzusunda və şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş şeirlər səsləndirildi.

Tədbirdə çıxış edən Qubadlı Rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən Müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Sənan Həsənov qeyd etdi ki, I Qarabağ müharibəsində Qubadlı rayonundan 238 nəfər Şəhid olmuşdur. Onlardan 11 nəfəri Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.

I Qarabağ müharibəsi zamanı 100 nəfərdən çox sakinimiz isə itkin düşmüşdür.

Sənan Həsənov Ümummilli lider Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ötən illər ərzində böyük inkişaf yolu keçdiyini, Azərbaycanın dünyanın sürətlə inkişaf edən ölkələri sırasında olduğunu, eyni zamanda da 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsini, ölkəmizin regionda və dünyada mövqelərini daha da möhkəmləndirdiyini diqqətə çatdıraraq, bunu həyata keçirilən uğurlu siyasətin nəticəsi olduğunu vurğuladı.

Qeyd olundu ki, Vətən müharibəsində igid oğullarımızın göstərdiyi qəhrəmanlıq sayəsində Şəhidlərimizin qanı yerdə qalmadı, qisası alındı. Qubadlı rayonu 25 oktyabr 2020-ci ildə şəhidlərimizin qanı və canı bahasına işğaldan azad olundu. 44 günlük Vətən müharibəsində qəhrəmanlar içərisində canından və qanından keçən Qubadlı rayonundan 12 şəhid və 60-dan çox yaralı öz adlarını tarixə yazdılar.

Digər çıxış edənlər keçmiş batalyon komandiri Dağbəyi Məhyəddinov, şəhidimizin müəllimi Kamil Təhməzov, şair Elburus Qayalı, həm kəndlisi ehtiyatda olan Polis Polkovniki Adığözəl Adıgözəlov Şəhidimizlə bağlı öz xatirələrini bölüşdülər. Qeyd etdilər ki, Dövlətimiz Şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi üçün mütəmadi tədbirlər görür. Onlara təyin edilən Prezident təqaüdü, mənzil şəraitlərinin yaxşılaşması üçün atılan addımlar həmin ailələrin maddi rifah halının yaxşılaşmasına göstərilən dövlət qayğısının bariz nümunəsidir.

Şəhidin oğlu Nurlan Əliyev göstərdiyi diqqət və qayğıya görə Ali Baş Komandan Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqova minnətdarlıqlarını bildirdilər.

Əliyev Mehman Vəliş oğlu 30 aprel 1960-cı ildə Qubadlı rayonunun Qarağac kəndində zəhmətkeş ailədə anadan olmuşdu. Mehman orta məktəbi bitirdikdən sonra doğma kəndlərindəki kolxozda sürücü işləyirdi. Ermənilərin Azərbaycan torpaqlarına göz dikməsi Mehman və Mehmanın timsalında ürəyində Vətən eşqi olan igidləri bir yumruq altında birləşdirərək, vətən torpaqlarının müdafiəsinə səslədi. Özünümüdafiə dəstələrinin könüllüləri sırasına ilk adını yazdıranlardan biri də Mehman idi. Mehman sürücü işlədiyinə görə rayonun hər bir qarışını əlinin içi kimi tanıyır, hər daşına hər qayasına bələd döyüşçü kimi özünü göstərirdi. Onun ilk xidmət yeri 855 saylı hərbi hissədə olmuşdur. Hərbi hissədə xidiməti ilə bərabər kolxozda da işini davam etdirirdi.

Əliyev Mehman Vəliş oğlu 30 avqust 1993-cü ildə ermənilərin Qubadlıya qəfil hücumları zamanı qeyri bərabər döyüşlərdə Çaytumas kəndinin ərzisində yaralı halda əsir düşmüşdür . Mehman Əliyev bir ay Xankəndi şəhərində əsir həyatı yaşamışdır. O, bir ay erməni əsirliyində qaldıqdan sonra, özündən başqa əsirlikdə olan Bayram Rüstəmovla birlikdə ermənilərə hünər göstərərək əsirlikdən qaçmağı bacarmışdılar. Onlar Laçın istiqamətində qaçıb Həkəri çayına çatdıqdan sonra çayın axını istiqamətində qarşılarına çıxan kəndlərdə gecələyərək yollarına davam edib Cəbrayıl rayonu ərazisində Araz çayına qədər gəlib çatmışdılar. Mehman Vəliş oğlu Əliyev Araz çayını keçdikdən sonra yaralı olduğuna görə güclü qan itirdiyinə görə hətyatını itirərək şəhidlik zirvəsinə ucalmışdır.

Mehmanla birlikdə əsirlikdən qaçan yoldaşı isə ondan biraz kənarda halsız vəziyyətdə yerə yıxılmışdır. Ətrafdan keçən İran vətəndaşları onu təcili xəstəxanaya çatdırır. Gözünü xəstəxanada açan yoldaşı Mehmanın yerini onlara deyir. Mehmanın cansız bədənini İran xəstəxanasına çatdırsalar da artıq hər şey gec idi. Onu islam qaydaları ilə torpağa tapşırmışdılar.

Üstündən bir müddət keçdikdən sonra İranda müalicə alan Mehmanın əsirlik yoldaşı Vətənə qayıdaraq Sumqayıta gəlir və Qubadlıların kompakt yaşadıqları ərazilərdə Mehmanın adını soraqlayır. Bundan xəbər tutan Mehmanın həkim qardaşı Nəriman Əliyev 1993-cü ilin noyabr ayında İrana qardaşının dalınca getmiş, bir neçə gündən sonra noyabr ayının 20-də onun mübarək nəşini Vətənə gətirərək Sumqayıt şəhər “Şəhidlər Xiyabanında” dəfn ediblər.

Mehman ailəli idi, onun iki oğlu yadigar qalıb.

Onuda qeyd edək ki, Şəhid Əliyev Mehman Vəliş oğlunun övladı Azərbaycan Ordusunun Baç çavuşu Əliyev Nurlan Mehman oğlu 44 günlük Vətən muharibəsində Füzulinin, Cəbrayılın, Xocavənd rayonlarının azad olunmasında igidlik göstərmişdir. Atası ilə eyni taleyi yaşayan Nurlan Əliyev Xocavənd uğrunda gedən döyüşlərdə yaralanaraq ermənilərə əsir düşmüş, İrəvanda bir ay əsir saxlanılmışdır. Döyüşlər bitdikdən sonra Ali Baş Komandan İlham Əliyevin siyasəti hesabına Nurlan əsirlikdən xilas olaraq Azərbaycana təhvil verilmişdir. Nurlan Əliyev Ailəlidir, 2 övladı var. Hal hazırda ehtiyatda olan hərbiçidir, II qrup müharibə əlilidir.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Keçidlər