Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Məmmədov İsa İsgəndər oğlunun 60 illik yubileyi ilə əlaqədar tədbir keçirildi

12 may 2026 | 17:20

  Qubadlı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə, 12 may 2026-cı il tarixdə əvvəlcə Sumqayıt şəhər "Şəhidlər Xiyabanı"nda, sonra isə şəhidimizin adını daşıyan rayonun Aşağı Mollu kənd tam orta məktəbində, qəhrəman şəhidimiz İsa İsgəndər oğlu Məmmədovun 60 illik yubileyi ilə əlaqədar tədbir keçirildi. 

 Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haqverdiyev, Yeni Azərbaycan Partiyası Qubadlı rayon təşkilatının sədri Təhmasib Rüstəmov, RİH-nin məsul işçiləri, RİHB-nin İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliklərinin işçiləri, idarə-müəssisə təşkilat rəhbərləri, müharibə veteranları, Aşağı Mollu kənd tam orta məktəbinin kollektivi, şəhidimizin ailə üzvləri, yaxınları və İctimaiyyət nümayəndələri iştirak edirdilər.

  Tədbir iştirakçıları əvvəlcə Sumqayıt şəhər "Şəhidlər Xiyabanı"nda Şəhidimizin məzarı ziyarət olundu, məzarı üzərinə gül dəstələri qoyuldu, şəhidimizin ruhuna dualar oxundu.

  Tədbir Aşağı Mollu kənd tam orta məktəbində davam etdirildi.

   Əvvəlcə tədbir iştirakçıları tərəfindən torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçmiş vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. 

Dövlət Himni səsləndirildi. 

  Aşağı Mollu kənd tam orta məktəbinin şagirdləri tərəfindən vətənpərvərlik mövzusunda və şəhidlərimizin xatirəsinə həsr olunmuş musiqilər və şeirlər səsləndirildi. 

  Tədbirdə çıxış edən Qubadlı rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haxverdiyev qeyd etdi ki, I Qarabağ müharibəsində Qubadlı rayonundan 238 nəfər Şəhid olmuşdur. Onlardan 9 nəfəri Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür. Qarabağ müharibəsi zamanı 117 nəfərdən çox sakinimiz isə itkin düşmüşdür.

 Sonra tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Qubadlı rayon təşkilatının sədri Təhmasib Rüstəmov qeyd etdi ki, 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etmişdir. Ermənistanın Azərbaycana qarşı təcavüzünün qarşısını almaq məqsədi ilə 27 sentyabrda bütün cəbhə boyu əks-hücuma keçən Azərbaycan Ordusu 1990-cı illərin əvvəlində baş verən Birinci Qarabağ Müharibəsi zamanı Ermənistan tərəfindən işğal edilmiş əraziləri işğaldan azad etməyə başladı. 44 gün davam edən və “Vətən Müharibəsi” olaraq adlandırılan müharibə Şanlı Azərbaycan Ordusunun gücünü göstərərək Azərbaycanın tam qələbəsi ilə başa çatmışdır. Xalqın birliyi və ədalətli mövqeyi “Dəmir yumruq”da birləşərək işğalçıya sarsıdıcı zərbə vurmuşdur. 

Bütün təzyiqlərə, təhdidlərə baxmayaraq Azərbaycan Qələbə qazandı və tarixi ədalət bərpa olundu. 30 ilə yaxın həsrətində olduğumuz Qubadlı rayonu 25 oktyabr 2020-ci ildə şəhidlərimizin qanı və canı bahasına işğaldan azad olunmuşdur. 44 günlük Vətən müharibəsində qəhrəmanlar içərisində canından və qanından keçən Qubadlı rayonundan 12 şəhid və 60-dan çox yaralı öz adlarını tarixə yazdılar. Şəhidlərimizin qisası alındı, qanları yerdə qalmadı.      

 Digər çıxış edənlər şəhidimizlə bağlı öz xatirələrini bölüşdülər və qeyd etdilər ki, şəhidlərimizin ailələri həmişə dövlət tərəfindən diqqət mərkəzində olmuşdur. Son illər Respublikamızda Şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına yönəlmiş tədbirlər bunun bariz nümunəsidir.

  Sonda çıxış edən şəhidimizin qardaşı Azər Məmmədov, şəhidimizin oğlu Fuad Məmmədov göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqova minnətdarlıqlarını bildiriblər.

  Məmmədov İsa İsgəndər oğlu 

10 may 1966-cı ildə Qubadlı rayonunun Aşağı Mollu kəndində dünyaya gəlmişdi. 1983-cü ildə Yuxarı Mollu kənd tam orta məktəbini bitirmiş, 1984-cü ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun baytarlıq fakültəsinə qəbul olmuş, elə həmin il sovet ordusuna xidmətə getmişdir. 1986-cı ildə hərbi xidmətdən qayıtdıqdan sonra institutda təhsilini davam etdirmiş, 1991-ci ildə institutu bitirərək baytar həkimi ixtisasına yiyələnmişdir. 1991-ci ildən 1993-cü ilin noyabr ayına qədər Abşeron rayon Baytarlıq müalicəxanasında həkim işləmişdir. Ermənilərin azğınlığına hiddətlənən gənc zabit İsa Məmmədov könüllü olaraq Milli Ordu sıralarına daxil olaraq, Vətənin müdafiəsi uğrunda döyüşə başladı. O, orduda tağım komandiri kimi əsgərləri daha mərdliklə vuruşmağa, vətən yolunda canlarından keçməyə ruhlandırmışdı. İsa Məmmədovun rəhbərlik etdiyi tağımın əsgərləri Xocavənd və Füzuli rayonları uğrunda gedən döyüşlərdə əsl mərdliklə vuruşmuş, İsa Məmmədov isə bu döyüşlərdə həmişə öndə getmişdi. 1994-cü il fevralın 10-da İsa Məmmədovun tağımına Xocavənd istiqamətində hücuma keçmək əmri verilir. Fevralın 11-də onlar Xocavənd yaxınlığındakı düşmən postunu susdurmaq üçün hücuma keçir. Çox ağır və gərgin döyüşlər başlayır. Bu döyüşdə əsl igidlik və qəhrəmanlıq nümunəsi göstərən İsa Məmmədov düşmən snayperinə tuş gələrək şəhid olur. Onun məzarı Sumqayıt "Şəhidlər Xiyabanı"ndadır. 

Azərbaycan Respublikası Prezidentinin 11 oktyabr 1994-cü il tarixli fərmanı ilə, İsa İsgəndər oğlu Məmmədov (ölümündən sonra) ”İgidliyə görə” medalı ilə təltif edilmişdir. Qubadlı rayonu Aşağı Mollu kənd tam orta məktəbi onun adını daşıyır.

İsa evli idi, onun Fuad adlı oğlu yadigar qalıb. 

Allah bütün Şəhidlərimizə rəhmət eləsin!

Keçidlər