Şəhid Mustafayev Rüfət Zöhrab oğlunun Anım Günü
Qubadlı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 2023-cü il 13 oktyabr tarixində Sumqayıt şəhər Şəhidlər Xiyabanında, 27 sentyabr 2020-ci il tarixində başlanmış Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına şəhid olmuş Mustafayev Rüfət Zöhrab oğlunun Anım günü tədbiri keçirilmişdir.
Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısının müavini Allahverdi Haxverdiyev,YAP Qubadlı rayon təşkilatının sədri Təhmasib Rüstəmov, RİH-in məsul işçiləri, idarə, müəssisə, təşkilat rəhbərləri, Şəhidimizin ailə üzvləri və yaxınları, eyni zamanda ictimaiyyət nümayəndələri iştirak edirdilər.
Tədbir iştirakçıları əvvəlcə torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş vətən oğullarının xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Şəhidimizin ziyarətinə gələnlər məzarı üzərinə əklil və gül dəstələri qoydular.Şəhidimizin ruhuna dualar oxundu. Eyni zamanda Şərqi Zəngəzur Regional Mədəniyyət idarəsi Qubadlı rayon nümayəndəliyi tərəfindən vətənpərvərlik mövzusunda və şəhidlərimizin ruhuna həsr olunmuş şeirlər səsləndirildi.
Tədbirdə qeyd olundu ki, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizin qəhrəmanlığı, xalqın birliyi və ədalətli mövqeyi “dəmir yumruq”da birləşərək işğalçıya sarsıdıcı zərbə vurmuşdur. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki şəxslər, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirdilər. Bütün təzyiqlərə, təhdidlərə baxmayaraq Azərbaycan Qələbə qazandı və tarixi ədalət bərpa olundu.
Qeyd olundu ki,ölkəmizin son illər əldə etdiyi uğurlar, 44 günlük Vətən müharibəsində qazanılan zəfər, 30 ilə yaxın işğal altında olan torpaqlarımızın azad olunması, ölkə başçısı İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində qazanılan nailiyyətlər Azərbaycanın qüdrətli ölkə olmasının bariz nümunəsidir. Belə ki, Ermənistanın Azərbaycana qarşı təcavüzünün qarşısını almaq məqsədi ilə 27 sentyabrda bütün cəbhə boyu əks-hücuma keçən Azərbaycan Ordusu 1990-cı illərin əvvəlində baş verən Birinci Qarabağ Müharibəsi zamanı Ermənistan tərəfindən işğal edilmiş əraziləri işğaldan azad etməyə başladı. 44 gün davam edən və “Vətən Müharibəsi” olaraq adlandırılan müharibə Şanlı Azərbaycan Ordusunun gücünü göstərərək Azərbaycanın qələbəsi ilə başa çatmışdır.
Digər çıxış edənlər qeyd etdilər ki, Qalib Ali Baş Komandan, Prezident İlham Əliyevin apardığı daxili və xarici siyasəti, həmçinin müzəffər Azərbaycan ordusunun şücayəti, gücü sayəsində işğalda olan ərazilərimiz azad olundu, eyni zamanda 30 ilə yaxın həsrətində olduğumuz Qubadlı rayonu 25 oktyabr 2020-ci ildə şəhidlərimizin qanı və canı bahasına işğaldan azad olunmuşdur. 44 günlük Vətən müharibəsində qəhrəmanlar içərisində canından və qanından keçən Qubadlı rayonundan 11 şəhid və 40-dan çox yaralı öz adlarını tarixə yazdılar.
Şəhidimizin atası Zöhrab Mustafayev göstərdikləri diqqət və qayğıya görə Ali Baş Komandan Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə minnətdarlığını bildirdi.
Qeyd edək ki, rayonun Dondarlı kənd sakini (əslən Aşağı Xocamsaxlı kəndindəndir) Mustafayev Rüfət Zöhrab oğlu 12 mart 1996-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur.
2013-cü ildə Sumqayıt şəhərində yerləşən 18 saylı tam orta məktəbini bitirərək Azərbaycan Texniki Universitetinə qəbul olmuş, 2017-ci il tarixdə universiteti bitirmişdir.2019-cu ilin oktyabr ayının 23-də həqiqi hərbi xidmətə çağrılmış, Goranboy rayonunda yerləşən N saylı hərbi hissədə xidmətini davam etdirmişdir. 27 sentyabr 2020-ci il tarixində başlanan Vətən müharibəsi döyüşlərində fəal iştirak etmiş, cəsarəti və cəsurluğu ilə seçilmişdir.
9 oktyabr 2020-ci il tarixdə Suqovuşan və Talış kəndləri uğrunda gedən qızğın və üzbəüz döyüşdə qəhrəmancasına şəhid olmuş və Sumqayıt şəhər “Şəhidlər xiyabanı"nda dəfn olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Mustafayev Rüfət Zöhrab oğlu ölümündən sonra “Vətən uğrunda”, 18 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Cəsur döyüşçü”, 29 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Subayidi.
Allah rəhməteləsin!