Şəhid Mustafayev Rüfət Zöhrab oğlunun doğum günü qeyd olundu
Qubadlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə, 13 mart 2026-cı il tarixdə Sumqayıt şəhər "Şəhidlər Xiyabanı"nda, 27 sentyabr 2020-ci il tarixində başlanmış Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına şəhid olmuş Mustafayev Rüfət Zöhrab oğlunun doğum günü tədbiri keçirildi.
Tədbirdə Qubadlı Rayon İcra Hakimiyyəti başçısının müavinləri Allahverdi Haxverdiyev, RİH-nin məsul işçiləri, idarə, müəssisə, təşkilat rəhbərləri, RİHB-nin inzibati ərazi dairəsi üzrə nümayəndələri, şəhidimizin ailə üzvləri, yaxınları eyni zamanda ictimaiyyət nümayəndələri iştirak edirdilər.
Tədbir iştirakçıları əvvəlcə torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş vətən oğullarının xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Şəhidimizin məzarı üzərinə əklil və gül dəstələri qoydular, ruhuna dualar oxundu. Vətənpərvər şair Elburus Qayalı şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş şeirlər səsləndirdi.
Tədbirdə çıxış edən Qubadlı Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haxverdiyev qeyd etdi ki, Ermənistanın Azərbaycana qarşı təcavüzünün qarşısını almaq məqsədi ilə 27 sentyabrda bütün cəbhə boyu əks-hücuma keçən Azərbaycan Ordusu 1990-cı illərin əvvəlində baş verən Birinci Qarabağ Müharibəsi zamanı Ermənistan tərəfindən işğal edilmiş əraziləri işğaldan azad etməyə başladı. 44 gün davam edən Vətən Müharibəsi Şanlı Azərbaycan Ordusunun gücünü göstərərək Azərbaycanın qələbəsi ilə başa çatdı. Həmçinin 30 ilə yaxın həsrətində olduğumuz Qubadlı rayonu 25 oktyabr 2020-ci ildə şəhidlərimizin qanı və canı bahasına işğaldan azad olunmuşdur. 44 günlük Vətən müharibəsində qəhrəmanlar içərisində canından və qanından keçən Qubadlı rayonundan 12 şəhid və 60-dan çox yaralı öz adlarını tarixə yazdılar. Şəhidlərimizin qisası alındı, qanı yerdə qalmadı.
Digər çıxış edənlər qürur hissi ilə Vətən Müharibəsində qazanılan zəfərdən bəhs edərək şəhidimizlə bağlı xatirələrini bölüşdülər.
Şəhidimizin atası Zöhrab Mustafayev göstərdikləri diqqət və qayğıya görə Ali Baş Komandan Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqova minnətdarlığını bildirdi.
Rayonun Dondarlı kənd sakini (əslən Aşağı Xocamsaxlı kəndindəndir) Mustafayev Rüfət Zöhrab oğlu 12 mart 1996-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur.
2013-cü ildə Sumqayıt şəhərində yerləşən 18 saylı tam orta məktəbini bitirərək Azərbaycan Texniki Universitetinə qəbul olmuş, 2017-ci il tarixdə universiteti bitirmişdir. 2019-cu ilin oktyabr ayının 23-də həqiqi hərbi xidmətə çağrılmış, Goranboy rayonunda yerləşən N saylı hərbi hissədə xidmətini davam etdirmişdir. 27 sentyabr 2020-ci il tarixində başlanan Vətən müharibəsi döyüşlərində fəal iştirak etmiş, cəsarəti və cəsurluğu ilə seçilmişdir.
9 oktyabr 2020-ci il tarixdə Suqovuşan və Talış kəndləri uğrunda gedən qızğın və üzbəüz döyüşdə qəhrəmancasına şəhid olmuş və Sumqayıt şəhər “Şəhidlər xiyabanı"nda dəfn olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Mustafayev Rüfət Zöhrab oğlu ölümündən sonra “Vətən uğrunda”, 18 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Cəsur döyüşçü”, 29 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Subay idi.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!






