Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Orucov Rəhim Həbibullah oğlunun anım günü ilə əlaqədar məzarı ziyarət olundu

02 aprel 2026 | 18:18

Qubadlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 2 aprel 2026-cı il tarixdə Sumqayıt şəhər “Şəhidlər Xiyabanı”nda I Qarabağ müharibəsi zamanı şəhid olmuş Orucov Rəhim Həbibullah oğlunun anım günü ilə əlaqədar məzarı ziyarət olundu.

Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haxverdiyev, RİH-nin məsul işçiləri,  idarə, müəssisə, təşkilatlarda çalışan işçilər, RİHB-nın inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin işçiləri, Şəhidimizin ailə üzvləri, yaxınları, döyüş yoldaşları, eyni zamanda ictimaiyyət nümayəndələri iştirak edirdilər.

Tədbir iştirakçıları torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş vətən oğullarının xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Şəhidimizin ziyarətinə gələnlər məzarı üzərinə əklil və gül dəstələri qoydular. Şəhidimizin ruhuna dualar oxundu. Eyni zamanda rayonun Xanlıq kənd 1-saylı tam orta məktəbin şagirdləri tərəfindən vətənpərvərlik mövzusunda və şəhidlərimizin xatirəsinə həsr olunmuş şeirlər səsləndirildi.

Tədbirdə çıxış Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haxverdiyev, Şəhid Rəhim Orucovun komandiri olmuş keçmiş Qubadlı özünümüdafiə taborunun  komandiri Dağbəyi Məhyəddinov və digər çıxış edənlər Şəhidimizlə bağlı xatirələrini bölüşərək bildirdilər ki, I Qarabağ müharibəsində Qubadlı rayonundan 238 nəfər Şəhid olmuşdur. Onlardan 11 nəfəri Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.

Eyni zamanda vurğulandı ki,  Sentyabrın 27-dən başlayan, 44 gün davam edən işğal altındakı torpaqlarımızın azad olunması ilə nəticələnən Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Azərbaycan Silahlı Qüvvələri 44 günlük müharibə zamanı əsl vətənpərvərlik və qəhrəmanlıq göstərmiş, düşmənin canlı qüvvəsini, texnikasını məhv edərək Qələbə qazandı və tarixi ədaləti bərpa olundu, 30 ilə yaxın həsrətində olduğumuz Qubadlı rayonu 25 oktyabr 2020-ci ildə şəhidlərimizin qanı və canı bahasına işğaldan azad olunmuşdur. 44 günlük Vətən müharibəsində qəhrəmanlar içərisində canından və qanından keçən Qubadlı rayonundan 12 şəhid və 60-dan çox yaralı öz adlarını tarixə yazdılar.

Sonda çıxış edən Şəhidimizin əmisi İsmayıl Orucov və bacısı Rəmziyyə Orucova göstərdikləri diqqət və qayğıya görə Ali Baş Komandan, cənab Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqova minnətdarlıqlarını bildirdilər.

Şəhid Orucov Rəhim Həbibullah oğlu 1967-ci il may ayının 27- də Qubadlı rayonunun Xanlıq kəndində anadan olmuşdur. 1985-1987-ci illərdə Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra minlərlə yoldaşları kimi o da torpaqlarımızın erməni qəsbkarlarından təmizlənməsi uğrunda mübarizəyə qoşuldu. O, Qubadlı rayonundakı N saylı hərbi hissədə xidmət edirdi. 1993-cu il avqust ayının 31-i Qubadlı rayonu azğın erməni işğalçıları tərəfindən işğal olundu. Rəhim yenə də ruhdan düşmədi, yenidən cəbhə bölgələrinə qayıtdı. Ağdamın Güllücə kəndində, Füzuli bölgəsində gedən qızğın döyüşlərdə iştirak etdi və misilsiz qəhrəmanlıqlar göstərdi. Lakin 1994-cu il aprel ayının 2-də erməni snayperindən açılan atəş nəticəsində Şəhid oldu. Rəhimin məzarı Sumqayıt şəhərindəki " Şəhidlər Xiyabanı"ndadir.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Keçidlər