Şəhid Orucov Rəhim Həbibullah oğlunun anım günü münasibətilə tədbir keçirildi
Qubadlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 2 aprel 2023-cü il tarixdə Sumqayıt şəhər Şəhidlər Xiyabanında I Qarabağ müharibəsi zamanışəhid olmuş Orucov Rəhim Həbibullah oğlunun anım günü münasibətilə tədbiri keçirilmişdir.
Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haxverdiyev,RİH-nin məsul işçiləri, AVMVİB-nin Qubadlı rayon şöbəsi,idarə, müəssisə, təşkilat rəhbərləri, RİHB-nın inzibati ərazi dairəsi üzrə nümayəndələri, Şəhidimizin ailə üzvləri, yaxınları, döyüş yoldaşları, eyni zamanda ictimaiyyət nümayəndələri iştirak edirdilər. Tədbir iştirakçıları torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş vətən oğullarının xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.Şəhidimizin ziyarətinə gələnlər məzarı üzərinə əklil və gül dəstələri qoydular. Şəhidimizin ruhuna dualar oxundu. Eyni zamanda Şair Elbrus Qayalı və Sumqayıt Regional Mədəniyyət idarəsinin Qubadlı rayon nümayəndəliyinin işçiləri tərəfindən vətənpərvərlik mövzusunda və şəhidlərimizin ruhuna həsr olunmuş şeirlər səsləndirildi.
Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haxverdiyev qeyd etdi ki, I Qarabağ müharibəsində Qubadlı rayonundan 238 nəfər Şəhid olmuşdur. Onlardan 11 nəfəri Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.
Eyni zamanda vurğulandı ki, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki şəxslər, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək düşmənə sarsıdıcı zərbələr endirmişdir. Prezident İlham Əliyev hərbi sahədə olduğu kimi diplomatik və informasiya savaşı cəbhəsində də misilsiz rəşadət göstərmiş, Azərbaycana qarşı informasiya blokadasını yarmış, müharibənin gedişində və müharibədən sonra onlarla aparıcı xarici KİV-ə müsahibələr vermişdir. Son 30 ildə havadarlarına arxalanan Ermənistandakı hərbi-siyasi xuntalar güman edirdilərki, “xilaskar”ları bu dəfə də onların köməyinə gələcək. Lakin, 44 günlük müharibədə ordumuzun qəhrəmanlığı, Ali Baş Komandanın qətiyyəti ermənilərin və havadarlarının bölgədəki siyasətinin iflası ilə nəticələndi.
44 günlük Vətən müharibəsindən sonra Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqovun köməkliyi ilə Qubadlı rayonunda Milli Qəhrəmanlar Əliyar Əliyev, Kərəm Mirzəyev, Vasili Əliyev, Aqil Məmmədov, Bəylər Ağayev və Milli qəhrəman Əliyar Əliyevin sürücüsü Əlisadət Ağayevin və Həsən Qorxmazın qəbirüstü abidələri yenidən götürülüb. Eləcə də Aşağı Mollu kəndində Həcər xanımın qəbirüstü abidəsi bərpa olunub. Qəbirüstü abidələrin bərpası hələ də davam edir, yaxın gələcəkdə digər şəhidlərimiz üçün də nəzərdə tutulur. Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı çox hörmətli cənab Malik İsaqovun diqqət və qayğısı sayəsində Sumqayıt və digər şəhərlərdə də müntəzəm olaraq bu işlər yerinə yetirilir. Vətən müharibəsi şəhidlərinin eləcə də I və II Qarabağ müharibəsi şəhidlərinin xatirəsini əbədiləşdirmək üçün abidələr qoyulur, xatirə lövhələri, baralyeflər hazırlanır.
Çıxış edən Şəhidin əmisi İsmayıl Orucov və Şəhidin bacısı Rəmziyyə Orucova göstərdikləri diqqət və qayğıya görə Ali Baş Komandan, cənab Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqova minnətdarlıqlarını bildirdilər.
Şəhid Orucov Rəhim Həbibullah oğlu 1967-ci il may ayının 27-də Qubadlı rayonunun Xanlıq kəndində anadan olmuşdur. 1985-1987-ci illərdə Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur.Hərbi xidmətdən qayıtdıqdan sonra minlərlə yoldaşları kimi o da torpaqlarımızın erməni qəsbkarlarından təmizlənməsi uğrunda mübarizəyə qoşuldu. O,Qubadlı rayonundakı N saylı hərbi hissədə xidmət edirdi. 1993-cü il avqust ayının 31-i Qubadlı rayonu azğın erməni işğalçıları tərəfindən işğal olundu. Rəhim yenə də ruhdan düşmədi, yenidənc əbhə bölgələrinə qayıtdı. Ağdamın Güllücə kəndində, Füzuli bölgəsində gedən qızğın döyüşlərdə iştirak etdi və misilsiz qəhrəmanlıqlar göstərdi. Lakin, 1994-cü il aprel ayının 2-də erməni snayperindən açılan atəş nəticəsində Şəhid oldu. Rəhimin məzarı Sumqayıt şəhərindəki "Şəhidlər Xiyabanı" ndadır.
Allah rəhmət eləsin!