Şəhid Qarayev Yunus Xəlil oğlunun doğum günü tədbiri keçirildi
2025-ci il 08 mart tarixdə Qubadlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Bakı şəhər Şəhidlər Xiyabanında Birinci Qarabağ Müharibəsində torpaqlarımızın müdafiəsi uğrunda qəhrəmancasına şəhid olmuş Qarayev Yunus Xəlil oğlunun 50 illik yubileyi münasibətilə tədbir keçirildi. Tədbirdə Qubadlı Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haxverdiyev, RİH-in məsul işçiləri, idarə, müəssisə, təşkilat rəhbərləri, RİHB-nın inzibati ərazi dairəsi üzrə nümayəndələri, şəhidimizin ailə üzvləri, yaxınları, döyüş yoldaşları və ictimaiyyət nümayəndələri iştirak edirdilər.
Tədbir iştirakçıları əvvəlcə torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş vətən oğullarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Şəhidimizin ziyarətinə gələnlər məzarı üzərinə əklil və gül dəstələri qoydular. Şəhidimizin ruhuna dualar oxundu. Eyni zamanda vətənpərvərlik mövzusunda və şəhidlərimizin xatirəsinə həsr olunmuş şeirlər səsləndirildi.
Tədbirdə çıxış edən Qubadlı Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haxverdiyev qeyd etdi ki, I Qarabağ müharibəsində Qubadlı rayonundan 238 nəfər Şəhid olmuşdur. I Qarabağ müharibəsi zamanı 274 nəfər əlil olmuş, 100 nəfərdən çox sakinimiz isə itkin düşmüşdür.
44 günlük Vətən Müharibəsində Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etmişdir. Ermənistanın Azərbaycana qarşı təcavüzünün qarşısını almaq məqsədi ilə 27 sentyabrda bütün cəbhə boyu əks-hücuma keçən Azərbaycan Ordusu 1990-cı illərin əvvəlində baş vermiş Birinci Qarabağ Müharibəsi zamanı Ermənistan tərəfindən işğal edilmiş əraziləri işğaldan azad etməyə başladı. 44 gün davam edən Vətən Müharibəsi Şanlı Azərbaycan Ordusunun gücünü göstərdi və Azərbaycanın qələbəsi ilə başa çatdı.
Həmçinin 30 ilə yaxın həsrətində olduğumuz Qubadlı rayonu 25 oktyabr 2020-ci ildə işğaldan azad olundu. 44 günlük Vətən müharibəsində qəhrəmanlar içərisində canından və qanından keçən Qubadlı rayonundan 12 şəhid və 40-dan çox qazimiz öz adlarını tarixə yazdılar. Şəhidlərimizin qisası alındı, qanı yerdə qalmadı.
19-20 sentyabr 2023-cü il tarixində Azərbaycanın Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə aparılan antiterror tədbirləri nəticəsində Azərbaycan öz suverenliyini tam bərpa etdi.
Digər çıxış edənlərşəhidimizlə bağlı öz xatirələrini bölüşərək qeyd etdilər ki, şəhidlərimizin ailələri həmişə dövlət tərəfindən diqqət mərkəzində olmuşdur. Son illər Respublikamızda Şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına yönəlmiş tədbirlər bunun bariz nümunəsidir.
Sonda şəhidin ------göstərdikləri diqqət və qayğıya görə Ali Baş Komandan Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqova minnətdarlığını bildirdi.
Qarayev Yunus Xəlil oğlu 1975-ci il mart ayının 8-də Zəngəzur mahalı Qubadlı rayonun Xanlıq kəndində anadan olmuşdur.1992-ci ildə doğma kənddəki orta məktəbi bitirib.1993-cü il aprel ayının 19-da Milli Ordu sıralarına hərbi xidmətə çağırılmışdır. Döyüş yolu Ağdam rayonundan başlayan Yunus Qarayev Ağdam şəhəri və onun kəndlərinin müdafiəsi uğrunda gedən döyüşlərdə fədakarlıqla vuruşmuşdur. İntizamlı və cəsur bir döyüşçü kimi dəfələrlə komandanlıq tərəfindən mükafatlandırılmışdır.
Yunus Qarayevin son döyüşü, 1993-cü il avqust ayının 31-də Füzuli rayonunun Mahmudlu kəndində olmuşdur. Həmin gün acı bir xəbər gənc döyüşçünü məyus etmişdir. Ona xəbər vermişdilər ki, Qubadlı rayonu işğal edilib. Bu dəhşətli xəbərdən sarsılan Yunus var qüvvəsini toplayaraq döyüşə atılmışdır. Döyüşçü yoldaşlarına demişdir ki, mən Qubadlısız, doğma Xanlıqsız yaşaya bilmərəm. Düşməndən qisasımı alıb, özümü Vətən uğrunda, onun torpaqları uğrunda qurban verəcəyəm. Fədəkar Azərbaycan əsgəri dediyi kimidə etdi. Həmin gün düşmənin xeyli canlı qüvvəsi və hərbi texnikası məhv edildi. Düşmənlə üzbəüz vuruşan Yunus ağır yaralanır. Hərbi Qospitalın həkimləri 18 yaşlı gənc döyüşçünün həyatını xilas etmək məqsədilə 11 gün gərgin mübarizə apardılar. Lakin onu ölümün pəncəsindən xilas edə bilmədilər.
Yunus Xəlil oğlu Qarayev 1993-cü il sentyabr ayının 11-də Şəhidlik zirvəsinə yüksəldi. Məzarı Bakı şəhərindəki "Şəhidlər Xiyabanı"ndadır.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!