Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Quliyev Qabil Oruc oğlunun 60 illik yubileyi ilə əlaqədar tədbir keçirildi

04 aprel 2026 | 09:14

  Qubadlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə  4 aprel 2026-cı il tarixdə, Sumqayıt şəhəri, Heydər Əliyev prospekti, 19-cu məhəllədə 1992-ci il avqust ayının 6-da Qubadlı rayon Qaracallı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən Birinci Qarabağ müharibəsi zamanı torpaqlarımızın müdafiəsi uğrunda qəhrəmancasına şəhid olmuş 9 nəfər hərbçimizin əziz xatirəsinə hazırlanmış xatirə baralyefinin qarşısında, rayonunun Qarağac kənd sakini, Qarabağ Müharibəsi Şəhidi Quliyev Qabil Oruc oğlunun 60 illik yubileyi ilə əlaqədar tədbir keçirildi.

  Tədbirdə Qubadlı Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haxverdiyev, RİH-in məsul işçiləri, idarə, müəssisə, təşkilat rəhbərləri, RİHB-nın inzibati ərazi dairəsi üzrə nümayəndələri, şəhidimizin ailə üzvləri, yaxınları, döyüş yoldaşları və ictimaiyyət nümayəndələri iştirak edirdilər.

  Tədbir iştirakçıları əvvəlcə torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş vətən oğullarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Şəhidlərimizin xatirəsinə hazırlanmış baralyefin önünə əklil və gül dəstələri qoyuldu, ruhlarına dualar oxundu.

 Tədbir iştirakçıları tərəfindən əvvəlcə Respublikamızın müstəqilliyi, ərazi bötövlüyü uğrunda canından keçən şəhidlərimizin  əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu, eyni zamanda Vətənpərvər şair Elbrus Qayalı şəhidlərimizin xatirəsinə yazdığı şeirləri səsləndirdi.

  Tədbirdə çıxış edən Qubadlı Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haxverdiyev qeyd etdi ki,

I Qarabağ müharibəsində  Qubadlı oğulları mərdliklə vuruşdular, onlar bir qarış torpağı belə yağı düşmənə vermək fikrində deyildilər. Həmin döyüşlərdə Rayonumuz 11-i Milli qəhrəman olmaqla  238 şəhid verib. Təkcə Qaracallı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən 25 nəfər şəhid olmuşdur.  

  Ermənistanın Azərbaycana qarşı təcavüzünün qarşısını almaq məqsədi ilə 27 sentyabrda bütün cəbhə boyu əks-hücuma keçən Azərbaycan Ordusu 1990-cı ilin əvvəlində baş vermiş Birinci Qarabağ Müharibəsi zamanı Ermənistan tərəfindən işğal edilmiş əraziləri işğaldan azad etməyə başladı.

  Vətən müharibəsi nəticəsində düşmən tapdağı altında olan torpaqlarımız  44 gün ərzində  işğaldan azad edildi. Müzəffər Ali Baş Komandan, rəşadətli ordu və iradəli xalq birliyi nəticəsində qazanılmış Qələbə nəinki Azərbaycan tarixində, eləcə də bütün dünyada görünməmiş hadisə idi. Azərbaycan xalqı öz Liderinin ətrafında daha möhkəm birləşərək bu möhtəşəm zəfərə imza atdı. 30 ilə yaxın həsrətində olduğumuz Qubadlı rayonu 25 oktyabr 2020-ci ildə işğaldan azad olundu. Vətən müharibəsində qəhrəmanlar içərisində canından və qanından keçən Qubadlı rayonundan 12 şəhid və 60-dan çox qazimiz öz adlarını tarixə yazdılar. Şəhidlərimizin qisası alındı, qanı yerdə qalmadı. Vətən müharibəsi Prezident İlham Əliyevin yenilməz iradəsini, Ali Baş Komandan kimi rəhbərlik etdiyi ordunun qüdrətini və döyüş bacarığını bütün dünyaya nümayiş etdirdi.

Həmçinin 19-20 sentyabr 2023-cü il tarixində Azərbaycanın Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə aparılan antiterror tədbirləri nəticəsində Azərbaycan öz suverenliyini tam bərpa etdi.

  Allahverdi Haqverdiyev qeyd etdi ki, rayon işğaldan azad olunduqdan sonra Qubadlı rayon İcra Hakimiyyətinin başçısı hörmətli Malik İsaqovun tapşırığı və köməkliyi ilə Qubadlıda qəbirüstü abidələri ermənilər tərəfindən dağıdılmış bütün şəhidlərimizin abidələri yenidən tamamilə bərpa olunub, eləcə də Şəhidimiz Qabil Quliyevin də qəbirüstü abidəsi rayonun Qarağac kəndində yenidən bərpa olunmuşdur.

  Digər çıxış edənlər şəhidimizlə bağlı öz xatirələrini bölüşərək qeyd etdilər ki, şəhidlərimizin ailələri həmişə dövlət tərəfindən diqqət mərkəzində olmuşdur. Şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına yönəlmiş tədbirlər bunun bariz nümunəsidir.

    Sonda şəhidimizin qardaşı Qorxmaz Quliyev göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqova minnətdarlığını bildirdi.

  Quliyev Qabil Oruc oğlu 1966-cı il aprel ayının 5-də Zəngəzur mahalı Qubadlı rayonunun Qarağac kəndində anadan olmuşdu. 1983-cü ildə Qaracallı kənd orta məktəbini bitirmiş, 1985-ci ildə Naxçıvan Kənd Təsərrüfatı Texnikumunu fərqlənmə dıplomu ilə qurtarmışdır. 1985-1987-ci illərdə Sovet Ordusunda hərbi xidmət keçmişdi.1987-1991-ci illərdə Qubadlı Rayon Texnika Birliyində mexanik, 1991-1992-ci illərdə Qubadlı rayon yol idarəsində usta işləmişdir. Vətənin ağır gününə dözməyərək, 1992-ci ilin əvvəlində o, könüllü olaraq Milli Ordu sıralarına daxil olub erməni terorçularına qarşı döyüşlərə qatılmışdır.

Qubadlının ermənistanla sərhəd kəndlərinin mühafizəsi və Laçının

işğalda olan kəndlərinin azad olunması uğrunda gedən döyüşlərdə igidliklə döyüşmüşdür.

Mərd və vətənpərvər Qabil Quliyev 1992-ci il avqust ayının 6-da, Laçın rayonunun Xanalılar kəndi uğrunda gedən qanlı döyüşdə bir neçə döyüşçü həmkəndliləri ilə mühasirəyə düşmüşdür. Bu qanlı döyüşdə Qabil qəhrəmancasına Şəhid olmuşdur. Qabil evli idi, onun Günay adlı bir qızı yadigar qalmışdır.

Məzarı Qubadlı rayonunun Qarağaclı kəndindəki "Şəhidlər xiyabanı"'ndadır.

  Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Keçidlər