Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Rəhimli Orxan Elxan oğlunun doğum günü

20 iyun 2022 | 18:14

Qubadlı rayon İcra Hakimiyyətininvə Yeni Azərbaycan Partiyasının Qubadlı rayon təşkilatının birgə təşkilatçılığı ilə 20 iyun 2022-ci il tarixində  Azərbaycan Ordusunun müddətdən artıq hərbi qulluqçusu Şəhid Rəhimli Orxan Elxan oğlunun doğum günü münasibətilə tədbir keçirildi. Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri Allahverdi Haxverdiyev, Xoşqədəm Alıyeva, YAP Qubadlı rayon təşkilatının sədri Təhmasib Rüstəmov, Ağsaqqallar Şurasının sədri Əvəz Həsənov, RİH-in məsul işçiləri, idarə, müəssisə, təşkilat rəhbərləri, Şəhidimizin yaxınları və Şəhid ailələri,döyüş yoldaşları, eyni zamanda ictimaiyyət nümayəndələri iştirak edirdilər. Əvvəlcə Sumqayıt şəhərində yerləşən Şəhidlər Xiyabanında Şəhidin məzarına ziyarət olundu, gül dəstələri qoyuldu. Tədbir iştirakçıları torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş vətən oğullarının xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Sumqayıt şəhər Cümə məscidində dini ayinlərin icraçısı Behçət Əfəndiyev Şəhidin ruhuna dualar oxudu. Sonra tədbir Sumqayıt şəhərində yerləşən Nəriman Nərimanov adına Mədəniyyət evində davam etdirildi.

Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haxverdiyev qeyd etdi ki, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizin qəhrəmanlığı, xalqın birliyi və ədalətli mövqeyi “dəmir yumruq”da birləşərək işğalçıya sarsıdıcı zərbə vurmuşdur. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki şəxslər, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirdilər. Prezident İlham Əliyev hərbi sahədə olduğu kimi diplomatik və informasiya savaşı cəbhəsində də misilsiz rəşadət göstərmişdir. Belə ki, müharibənin gedişində və müharibədən sonra onlarla aparıcı xarici KİV-ə müsahibələr vermişdir. 44 günlük müharibədə Ordumuzun qəhrəmanlığı, Ali Baş Komandanın qətiyyəti ermənilərin və havadarlarının bölgədəki siyasətinin iflası ilə nəticələndi. Bütün təzyiqlərə, təhdidlərə baxmayaraq Azərbaycan Qələbə qazandı və tarixi ədalət bərpa olundu.

Çıxış edən YAP Qubadlı rayon təşkilatının sədri Təhmasib Rüstəmov Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ötən illər ərzində böyük inkişaf yolu keçdiyini, Azərbaycanın dünyanın sürətlə inkişaf edən ölkələri sırasında olduğunu, eyni zamanda da 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsini, ölkəmizin regionda və dünyada mövqelərini daha da möhkəmləndirdiyini diqqətə çatdıraraq, bunu həyata keçirilən uğurlu siyasətin nəticəsi olduğunu vurğulamışdır. Ulu Öndərin ənənələrinə daim sadiq qalan Azərbaycan Prezidenti İlham Əliyev onun arzu və ideyalarını müvəffəqiyyətlə həyata keçirir.

Sonra çıxış edən Şəhidin, həmçinin oğlunun müəllimi Məmmədova GüllüŞəhidlə bağlı öz xatirələrini bölüşdü.

Şəhidimizin yaxınları– atası Rəhimov Elxan, əmisi Rəhimov Rövşən, anası Rəhimova Pərvanə göstərdikləri diqqət və qayğıya görə Ali Baş Komandan Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqova və Sumqayıt şəhərinin icra başçısı Zakir Fərəcova minnətdarlıqlarını bildirdilər.

Tədbirdə Vətənpərvərlik mövzusunda və şəhidlərimizin ruhuna həsr olunmuş şeirlər səsləndirildi, mahnılar ifa olundu.

       Qubadlı rayonunun Qiyaslı kəndindən olan Rəhimli Orxan Elxan oğlu 1992-ci il 20 iyun tarixində Sumqayıt şəhərində anadan olmuşdur. 1997-ci ildə Sumqayıt şəhər Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən Laçın rayonu, Fizuzəddin Cəfərov adına məktəbə daxil olmuş, 2008-ci ildə həmin məktəbi bitirmişdir. Məktəbi bitirdikdən sonra Cəlilabad şəhərində yerləşən N saylı hərbi hissədə xidmətdə olmuşdur. Hərbi xidməti başa vurduqdan sonra Quba Texniki Kollecində “Yol hərəkətinin təşkili” ixtisası üzrə təhsil almışdır. 2014-cü ildən N saylı hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət (MAXE) vəzifəsində çalışmışdır. Aprel döyüşlərində iştirak etmişdir.

İkinci Qarabağ müharibəsində Füzuli, Cəbrayıl, Hadrut, Zəngilan, Qubadlı, Kəlbəcər və Laçının azad olunmasında iştirak etmişdir.

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə göstərdiyi şücaətə görə Laçın və Füzuli rayonlarının azad olunmasına görə medalları ilə təltif olunmuşdur.

28.06.2021-ci il tarixində Laçın rayonu ərazisində xidməti vəzifəsini yerinə yetirərkən Kamaz markalı hərbi yük avtomobilinin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Rəhimli Orxan Elxan oğlu, həmçinin Zeynalov Coşqun Çingiz oğlu şəhid olmuşdur. Sumqayıt şəhər Şəhidlər xiyabanında dəfn olunmuşlar.

  Ailəli idi, Hüseyn və Pəri adında iki övladı var. 

Allah şəhidlərimizə rəhmət eləsin!

Keçidlər