Şəhid Sədiyev Mətləb İfrat oğlunun 50 illik yubileyi münasibətilə tədbiri keçirildi
2025-ci il 04 aprel tarixdə Qubadlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Sumqayıt şəhər Şəhidlər Xiyabanında I Qarabağ Müharibəsi zamanı şəhid olmuş Sədiyev Mətləb İfrat oğlunun 50 illik yubileyi münasibətilə tədbir keçirildi. Tədbirdə Qubadlı Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haxverdiyev, RİH-in məsul işçiləri, idarə, müəssisə, təşkilat rəhbərləri, RİHB-nın inzibati ərazi dairəsi üzrə nümayəndələri, şəhidimizin ailə üzvləri, yaxınları, döyüş yoldaşları və ictimaiyyət nümayəndələri iştirak edirdilər.
Tədbir iştirakçıları əvvəlcə torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş vətən oğullarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Şəhidimizin məzarı üzərinə əklil və gül dəstələri qoyuldu, ruhuna dualar oxundu.
Şərqi Zəngəzur Regional Mədəniyyət idarəsinin Qubadlı rayon nümayəndəliyinin dərnək üzvləri və Balakişi Hüseynov adına Dəmirçilər kənd tam orta məktəbin şagirdləri tərəfindən vətənpərvərlik mövzusunda və şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş şeirlər səsləndirildi.
Tədbirdə çıxış edən Qubadlı Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haxverdiyev qeyd etdi ki, I Qarabağ müharibəsi zamanı Qubadlı rayonundan 238 nəfər Şəhid, 274 nəfər əlil olmuşdur, 100 nəfərdən çox sakinimiz isə itkin düşmüşdür.
Ermənistanın Azərbaycana qarşı təcavüzünün qarşısını almaq məqsədi ilə 27 sentyabrda bütün cəbhə boyu əks-hücuma keçən Azərbaycan Ordusu 1990-cı ilin əvvəlində baş vermiş Birinci Qarabağ Müharibəsi zamanı Ermənistan tərəfindən işğal edilmiş əraziləri işğaldan azad etməyə başladı.
Vətən müharibəsi nəticəsində düşmən tapdağı altında olan torpaqlarımız 44 gün ərzində işğaldan azad edildi. Müzəffər Ali Baş Komandan, rəşadətli ordu və iradəli xalq birliyi nəticəsində qazanılmış Qələbə nəinki Azərbaycan tarixində, eləcə də bütün dünyada görünməmiş hadisə idi. Azərbaycan xalqı öz Liderinin ətrafında daha möhkəm birləşərək bu möhtəşəm zəfərə imza atdı.
30 ilə yaxın həsrətində olduğumuz Qubadlı rayonu 25 oktyabr 2020-ci ildə işğaldan azad olundu. Vətən müharibəsində qəhrəmanlar içərisində canından və qanından keçən Qubadlı rayonundan 12 şəhid və 60-dan çox qazimiz öz adlarını tarixə yazdılar. Şəhidlərimizin qisası alındı, qanı yerdə qalmadı.
Vətən müharibəsi Prezident İlham Əliyevin yenilməz iradəsini, Ali Baş Komandan kimi rəhbərlik etdiyi ordunun qüdrətini və döyüş bacarığını bütün dünyaya nümayiş etdirdi.
Həmçinin 19-20 sentyabr 2023-cü il tarixində Azərbaycanın Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə aparılan antiterror tədbirləri nəticəsində Azərbaycan öz suverenliyini tam bərpa etdi.
Digər çıxış edənlər şəhidimizlə bağlı öz xatirələrini bölüşərək qeyd etdilər ki, şəhidlərimizin ailələri həmişə dövlət tərəfindən diqqət mərkəzində olmuşdur. Şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına yönəlmiş tədbirlər bunun bariz nümunəsidir.
Sonda şəhidin ailə üzvləri göstərdikləri diqqət və qayğıya görə Ali Baş Komandan Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqova minnətdarlığını bildirdilər.
Sədiyev Mətləb İfrat oğlu 1975-ci il aprel ayının 4-də Zəngəzur mahalı Qubadlı rayonunun Dəmirçilər kəndində anadan olmuşdur. 1990-cı ildə Dəmirçilər kənd 8 illik məktəbini bitirmiş, Xanlıq kənd Texniki Peşə məktəbində təhsilini davam etdirmişdir. 1992-ci ildə Traktorçu peşəsinə yiyələnmişdir. 1993-cü il aprel ayının 29-da Mətləb Sədiyev hərbi xidmətə çağrılmış, 1993-cü il may ayının 1-də Bakı şəhərindəki "N" saylı hərbi hissəyə təlimə göndərilmişdir. Qısa müddətli hərbi təlimə baş vurduqdan sonra o, əvvəlcə Qubadlının ermənistanla sərhəd kəndlərində, sonra isə Ağdam rayonunun Əfətli, Quşçular, Sarıcalı və digər kəndləri uğrunda gedən qızğın döyüşlərdə xüsusi fəallıq göstərmişdir.
Mətləb Sədiyev 1994-cü il mart ayının 3-də Füzuli rayonunun Seyidəhmədli kəndində gedən şiddətli döyşdə qəhrəmancasına Şəhid olmuşdur. Məzarı Sumqayıt şəhərindəki "Şəhidlər Xiyabanı"ndadır.
Subay idi.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!