Şəhid Şəfiyev Habil Bahadur oğlunun doğum günüdür
15 may 2024-cü il tarixdə Qubadlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Abşeron rayonu, St.Sumqayıt ərazisindəki yaşayış kompleksində fəaliyyət göstərən rayonun Mirağa Əliyev adına Hal kənd tam orta məktəbində I Qarabağ müharibəsi zamanı şəhid olmuş Şəfiyev Habil Bahadur oğlunundoğum günü ilə əlaqədar tədbir keçirilib.
Tədbirdə Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Milli məclisin deputatları İmamverdi İsmayılov, Tahir Mirkişili, Mahir Abbaszadə, Xalq şairi Ramiz Rövşən, Alim Rafiq Əliyev, Rayon İcra Hakimiyyəti başçısının müavinləri Allahverdi Haxverdiyev, Xoşqədəm Alıyeva, YAP Qubadlı rayon təşkilatının sədri Təhmasib Rüstəmov, RİH-in məsul işçiləri, idarə, müəssisə, təşkilat rəhbərləri, RİHB-nin inzibati ərazi dairəsi üzrə nümayəndələri, məktəb kollektivləri,şəhidimizin ailə üzvləri və yaxınları,döyüş yoldaşları, eyni zamanda ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haxverdiyev qeyd etdi ki, I Qarabağ müharibəsində Qubadlı rayonundan 238 nəfər Şəhid olmuşdur. Onlardan 11 nəfəri Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki şəxslər, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək düşmənə sarsıdıcı zərbələr endirmişdir. Prezident İlham Əliyev hərbi sahədə olduğu kimi diplomatik və informasiya savaşı cəbhəsində də misilsiz rəşadət göstərmiş, Azərbaycana qarşı informasiya blokadasını yarmış, müharibənin gedişində və müharibədən sonra onlarla aparıcı xarici KİV-ə müsahibələr vermişdir. Son 30 ildə havadarlarına arxalanan Ermənistandakı hərbi-siyasi xuntalar güman edirdilər ki, “xilaskar”ları bu dəfə də onların köməyinə gələcək. Lakin 44 günlük müharibədə ordumuzun qəhrəmanlığı, Ali Baş Komandanın qətiyyəti ermənilərin və havadarlarının bölgədəki siyasətinin iflası ilə nəticələndi.
44 günlük Vətən müharibəsindən sonra Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqovun köməkliyi ilə Qubadlı rayonunda Milli Qəhrəmanlar Əliyar Əliyev, Kərəm Mirzəyev, Vasili Əliyev, Aqil Məmmədov, Bəylər Ağayev və Milli qəhrəman Əliyar Əliyevin sürücüsü Əlisadət Ağayevin və Həsən Qorxmazın qəbirüstü abidələri yenidən götürülüb. Eləcə də Aşağı Mollu kəndində Həcər xanımın qəbirüstü abidəsi bərpa olunub. Qəbirüstü abidələrin bərpası hələ də davam edir, yaxın gələcəkdə digər şəhidlərimiz üçün də nəzərdə tutulur. Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı çox hörmətli cənab Malik İsaqovun diqqət və qayğısı sayəsində Sumqayıt və digər şəhərlərdə də müntəzəm olaraq bu işlər yerinə yetirilir. Vətən müharibəsi şəhidlərinin eləcə də I və II Qarabağ müharibəsi şəhidlərinin xatirəsini əbədiləşdirmək üçün abidələr qoyulur, xatirə lövhələri, baralyeflər hazırlanır.
Milli Məclisin deputatı Tahir Mirkişili qeyd etdi ki, 44 gün davam edən və işğal altındakı torpaqlarımızın azad olunması ilə nəticələnən Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Azərbaycan xalqı öz liderinin- Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Öz xalqı ilə vəhdətdə olan Lider kimi mübarizlik rəmzinə çevrildi, 30 ilə yaxın davam edən münaqişədə qalib tərəf oldu və tarixi ədaləti bərpa etdi.
Qeyd olundu ki, 2023-cü il 19-20 sentyabr tarixlərində Azərbaycanın Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə aparılan antiterror tədbirləri nəticəsində Azərbaycan öz suverenliyini tam bərpa etdi.Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən həmin ərazilərdə - Xocavənd, Əsgəran, Xocalı, Ağdərə, Xankəndi şəhərlərində Azərbaycan bayrağı qaldırıldı. Xankəndində bayrağımızın qaldırılması ədalətin bərpası idi. Bu gün Azərbaycan Bayrağı Xankəndidə, Xocalıda və işğaldan azad olunmuş bütün ərazilərimizdə qürurla dalğalanır.
Xalq şairi Ramiz Rövşən, Alim Rafiq Əliyev, Mirağa Əliyev adına Hal kənd tam orta məktəbin direktoru Sərvər Əlirzayev və şəhidimizin müəllimi Mahizər Bayramova Habil Şəfiyevin döyüşlərdə göstərdiyi şücaətindən və qəhrəmanlığından bəhs edərək öz xatirələrini bölüşdülər. Qeyd olundu ki, Bizim Qələbəmiz tarixi Qələbədir, Azərbaycan əsgəri qəhrəmanlıq nümunəsidir. Azərbaycan Ordusu döyüşlər zamanı öz dözüm və peşəkarlığını nümayiş etdirdi. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Müzəffər Ordumuzun igidliyi, qəhrəmanlığı sayəsində torpaqlarımız, həmçinin 30 ilə yaxın həsrətində olduğumuz Qubadlı rayonu 25 oktyabr 2020-ci ildə işğaldan azad olundu. 44 günlük Vətən müharibəsində qəhrəmanlar içərisində canından və qanından keçən Qubadlı rayonundan 12 şəhid və 40-dan çox qazimiz öz adlarını tarixə yazdılar. Şəhidlərimizin qisası alındı, qanı yerdə qalmadı.
Şəhidin qardaşı Mobil Şəfiyevgöstərdikləri diqqət və qayğıya görə Ali Baş Komandan, Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqova minnətdarlıqlarını bildirdilər.
Tədbirdə Şərqi Zəngəzur Regional Mədəniyyət idarəsinin Qubadlı rayon nümayəndəliyinin dərnək üzvlərinin və Hal kənd tam orta məktəbinin şagirdləri tərəfindən vətənpərvərlik mövzusunda və şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş şeirlər və mahnılar səsləndirildi.
Daha sonraSumqayıt şəhər Şəhidlər Xiyabanında şəhidimizin məzarı ziyarət olundu.
Tədbir iştirakçıları torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş vətən oğullarının xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Şəhidimizin ziyarətinə gələnlər məzarı üzərinə əklil və gül dəstələri qoydular. Şəhidimizin ruhuna dualar oxundu.
Şəfiyev Habil Bahadır oğlu 15 may 1974-cü ildə Zəngəzur mahalı Qubadlı rayonunun Hal kəndində anadan olmuşdur. Atası Bahadur kişi atobus sürücüsü olmuş ,övladlarını öz zəhməti ilə böyütmüşdür.1990-cı ildə Hal kənd orta məktəbini bitirdikdən sonra təhsilini Bakı Dəniz yolları məktəbində davam etdirən Habil ermənilərin azğın hərəkətlərinə dözməyərək, təhsilini yarımçıq qoyub doğma Qubadlıya qayıtmiş, 1992-ci il mayın 15-də Milli Ordu sıralarına qəbul olunaraq, erməni işğalçılarına qarşı döyüşlərə qatılmışdır. Habil Şəfiyev əvvəlcə Qubadlının Ermənistanla sərhəd kəndlərində ermənilərə qarşı döyüşlərdə iştirak etmiş, həm döyüşçü, həm də kəşfiyyatçı kimi xüsusi fəallıq göstərmişdir.
1994-cü il yanvar ayının 7-də Ağdam rayonunun Güllücə kəndi uğrunda gedən üzbəüz döyüşdə igidliklə döyüşüb, bir çox erməni əsgərlərini və hərbi texnikalarını məhv edilməsində iştirak etmişdir. Habil Şəfiyevin elə son döyüşü də Ağdamın Güllücə kəndi uğrunda gedən döyüş olmuş, bu qanlı döyüşdə şəhidlik zirvəsinə yüksəlmişdir. Məzarı Sumqayıt şəhərindəki "Şəhidlər xiyabanı"ndadır.
Subay idi.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!