Şəhid Şəkəralıyev Azim Oruc oğlunun anım mərasimi
02 aprel 2024 | 17:13
Qubadlı Rayon İcra Hakimiyyətinin və Baba Məmmədov adına Fərcan kənd tam orta məktəbinin birgə təşkilatçılığı ilə 02 aprel 2024-cü il tarixdə Sumqayıt şəhər Şəhidlər Xiyabanında I Qarabağ müharibəsi zamanı Füzuli uğrunda gedən döyüşlərdə şəhid olmuş Şəkəralıyev Azim Oruc oğlunun 50 yaşının tamam olması ilə əlaqədar yubiley tədbiri keçirildi.
Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haxverdiyev, YAP Qubadlı rayon təşkilatının sədri Təhmasib Rüstəmov, RİH-nin məsul işçiləri, AVMVİB-nin Qubadlı rayon şöbəsi, RİHB-nın inzibati ərazi dairəsi üzrə nümayəndələri, Baba Məmmədov adına Fərcan kənd tam orta məktəbin kollektivi, Şəhidimizin ailə üzvləri, yaxınları, döyüş yoldaşları, Sumqayıt cümə məscidinin axundu Hacı Rauf eyni zamanda ictimaiyyət nümayəndələri iştirak edirdilər.
Tədbir iştirakçıları torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş vətən oğullarının xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Şəhidimizin ziyarətinə gələnlər məzarı üzərinə əklil və gül dəstələri qoydular. Şəhidimizin ruhuna dualar oxundu.
Eyni zamanda Baba Məmmədov adına Fərcan kənd tam orta məktəbin şagirdləri tərəfindən vətənpərvərlik mövzusunda və şəhidlərimizin ruhuna həsr olunmuş şeirlər səsləndirildi.
Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haxverdiyev qeyd etdi ki, I Qarabağ müharibəsində Qubadlı rayonundan 238 nəfər Şəhid olmuşdur. Onlardan 11 nəfəri Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.
Eyni zamanda vurğulandı ki, 44 günlük Vətən Müharibəsində Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etmişdir. Ermənistanın Azərbaycana qarşı təcavüzünün qarşısını almaq məqsədi ilə 27 sentyabr 2020-сi ildə bütün cəbhə boyu əks-hücuma keçən Azərbaycan Ordusu 1990-cı illərin əvvəlində baş vermiş Birinci Qarabağ müharibəsi zamanı Ermənistan tərəfindən işğal edilmiş əraziləri işğaldan azad etməyə başladı. 44 gün davam edən, “Vətən Müharibəsi” adlandırılan müharibə Şanlı Azərbaycan Ordusunun gücünü göstərərək Azərbaycanın qələbəsi ilə başa çatdı.
44 günlük Vətən müharibəsindən sonra Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqovun köməkliyi ilə Qubadlı rayonunda Milli Qəhrəmanlar Əliyar Əliyev, Kərəm Mirzəyev, Vasili Əliyev, Aqil Məmmədov, Bəylər Ağayev və Milli qəhrəman Əliyar Əliyevin sürücüsü Əlisadət Ağayevin və Həsən Qorxmazın qəbirüstü abidələri yenidən götürülüb. Eləcə də Aşağı Mollu kəndində Həcər xanımın qəbirüstü abidəsi bərpa olunub. Qəbirüstü abidələrin bərpası hələ də davam edir, yaxın gələcəkdə digər şəhidlərimiz üçün də nəzərdə tutulur. Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı çox hörmətli cənab Malik İsaqovun diqqət və qayğısı sayəsində Sumqayıt və digər şəhərlərdə də müntəzəm olaraq bu işlər yerinə yetirilir. Vətən müharibəsi şəhidlərinin eləcə də I və II Qarabağ müharibəsi şəhidlərinin xatirəsini əbədiləşdirmək üçün abidələr qoyulur, xatirə lövhələri, baralyeflər hazırlanır.
Daha sonra YAP Qubadlı rayon təşkilatının sədri Təhmasib Rüstəmov qeyd etdi ki, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizin qəhrəmanlığı, xalqın birliyi və ədalətli mövqeyi “Dəmir yumruq”da birləşərək işğalçıya sarsıdıcı zərbə vurmuşdur. Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Müzəffər Ordumuzun igidliyi, qəhrəmanlığı sayəsində torpaqlarımız, həmçinin 30 ilə yaxın həsrətində olduğumuz Qubadlı rayonu 25 oktyabr 2020-ci ildə işğaldan azad olundu. 44 günlük Vətən müharibəsində qəhrəmanlar içərisində canından və qanından keçən Qubadlı rayonundan 12 şəhid və 40-dan çox qazimiz öz adlarını tarixə yazdılar. Şəhidlərimizin qisası alındı, qanı yerdə qalmadı.
Həmçinin qeyd olundu ki, 19-20 sentyabr 2023-cü il tarixlərində Azərbaycanın Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə aparılan antiterror tədbirləri nəticəsində Azərbaycan öz suverenliyini tam bərpa etdi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən həmin ərazilərdə - Xocavənd, Əsgəran, Xocalı, Ağdərə, Xankəndi şəhərlərində Azərbaycan bayrağı qaldırıldı.
Digər çıxış edənlər- Şəhidin müəllimi Əməkdar müəllim, Tərəqqi medallı Ədalət Əsədov, Şəhidin həmkəndliləri Şəhidimizlə bağlı öz xatirələrini bölüşdülər və qeyd etdilər ki, Şəhidlərimizin ailələri həmişə dövlət tərəfindən diqqət mərkəzində olmuşdur. Son illər Respublikamızda Şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına yönəlmiş tədbirlər bunun bariz nümunəsidir.
Şəhidin qardaşı Fəxrəddin Dünyamalıyev göstərdikləri diqqət və qayğıya görə Ali Baş Komandan, Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqova minnətdarlıqlarını bildirdilər.
Şəhid Şəkəralıyev Azim Oruc oğlu 1974-cü il aprelin 2-də Qubadlı rayonunun Göyyal kəndində anadan olmuşdur.1991-ci ildə Fərcan kənd tam orta məktəbini bitirmiş,1992-ci ildə Milli Orduya qəbul edilmişdir. Erməni işğalçılarına qarşı doğma kəndi və rayonun ermənistanla digər sərhədyanı kəndləri uğurunda rəşadətlə döyüşmüş,1992-ci ilin oktyabrın 20-də Zəngilan rayonunda keçirilən "Almalıq" əməliyyatında düşmənin bir, aprel ayının 19-da Füzuli rayonunun "Lələtəpə"deyilən ərazisində dörd erməni quldurunu məhv etmişdir.
Onun son döyüşü 1994-cü ilin aprel ayının 23-də olmuşdur. Həmin gün Azim Şəkəralıyev Füzuli uğrunda gedən şiddətli döyüşdə qəhrəmanlıq göstərərək, 40 metrlik məsafədən düşmən səngərinə güclü zərbə endirmiş və düşmən snayperinin gülləsinə tuş gələrək şəhidlik zirvəsinə ucalmışdır. Sumqayıt şəhər "Şəhidlər Xiyabanı"'nda dəfn edilmişdir.
Qeyd edək ki, Azimin qardaşları Mətləb, Fəxrəddin, Qorxmaz və Nadir də erməni işğalçılarına qarşı döyüşlərdə iştirak etmiş, dəfələrlə şücaətlər göstərmişlər.
Subay idi.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!