Şəhid Səmədov Səid Əmir oğlunun doğum günü
28.02.2023-cü il tarixdə Şəhid Səmədov Səid Əmiroğlunun 55 yaşının tamam olması münasibətilə Qubadlı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Sumqayıt şəhər Şəhidlər Xiyabanında tədbir keçirildi. Tədbirdə Qubadlı rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haxverdiyev, YAP Qubadlı rayon təşkilatının sədri Təhmasib Rüstəmov, İcra Hakimiyyətinin məsul işçiləri, idarə, müəssisə və təşkilat rəhbərləri, Şəhidimizin ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak edirdilər. Ziyarət zamanı Şəhidlərimizin ruhuna dualar oxundu.
Şair Elbrus Qayalı, Sumqayıt Regional Mədəniyyət idarəsi Qubadlı rayon nümayəndəliyi və Dəmirçilər kənd tam orta məktəbinin kollektivi tərəfindən Şəhidlərimizin ruhuna həsr olunmuş şeirlər səsləndi.
Daha sonra Qubadlı rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haxverdiyev qeyd etdi ki, sentyabrın 27-dən başlayan, 44 gün davam edən işğal altındakı torpaqlarımızın azad olunması ilə nəticələnən Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələri 44 günlük müharibə zamanı əsl vətənpərvərlik və qəhrəmanlıq göstərmiş, düşmənin canlı qüvvəsini, texnikasını məhv edərək Qələbə qazandı və tarixi ədalət bərpa olundu.Uzun illərdən bəri düşmən tapdağı altında qalmış torpaqlarımızı işğaldan azad etdi, Azərbaycan xalqının özünə inamını qaytardı, xalqın öz liderinə, onun gücünə etibarını daha da möhkəmləndirdi.
44 günlük Vətən müharibəsindən sonra Qubadlı RİH başçısı Malik İsaqovun köməkliyi ilə Qubadlı rayonunda Milli Qəhrəmanlar Əliyar Əliyev, Kərəm Mirzəyev, Vasili Əliyev, Aqil Məmmədov, Bəylər Ağayev və Milli qəhrəman Əliyar Əliyevin sürücüsü Əlisadət Ağayevin və Həsən Qorxmazın qəbirüstü abidələri yenidən götürülüb. Eləcə də Aşağı Mollu kəndində Həcər xanımın qəbirüstü abidəsi bərpa olunub. Qəbirüstü abidələrin bərpası hələ də davam edir, yaxın gələcəkdə digər şəhidlərimiz üçün də nəzərdə tutulur. Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı çox hörmətli cənab Malik İsaqovun diqqət və qayğısı sayəsində Sumqayıt və digər şəhərlərdə də müntəzəm olaraq bu işlər yerinə yetirilir. Vətən müharibəsi şəhidlərinin eləcə də I və II Qarabağ müharibəsi şəhidlərinin xatirəsini əbədiləşdirmək üçün abidələr qoyulur, xatirə lövhələri, baralyeflər hazırlanır.
Daha sonra çıxış edən YAP Qubadlı rayon təşkilatının sədri Təhmasib Rüstəmovbildirdi ki, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizin qəhrəmanlığı, xalqın birliyi və ədalətli mövqeyi “dəmir yumruq”da birləşərək işğalçıya sarsıdıcı zərbə vurmuşdur. Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Müzəffər Ordumuzun igidliyi, qəhrəmanlığı sayəsində torpaqlarımız, həmçinin 30 ilə yaxın həsrətində olduğumuz Qubadlı rayonu 25 oktyabr 2020-ci ildə işğaldan azad olundu. 44 günlük Vətən müharibəsində qəhrəmanlar içərisində canından və qanından keçən Qubadlı rayonundan 11 şəhid və 40-dan çox qazimiz öz adlarını tarixə yazdılar. Şəhidlərimizin qisası alındı, qanı yerdə qalmadı.
Sonra çıxış edənlər Şəhidin döyüş yoldaşı Asif Şükürov, Qubadlı rayon Mərkəzi Xəstəxanası PHŞ-in baş həkimi Yaşar Həsənov qeyd etdilər ki, bizim Qələbəmiz tarixi Qələbədir. Azərbaycan əsgəri qəhrəmanlıq nümunəsidir. Azərbaycan Ordusu döyüşlər zamanı öz dözüm və peşəkarlığını nümayiş etdirdi. Bütün bunlar cənab Prezident İlham Əliyevin uzaqgörən, məqsədyönlü siyasətinin nəticəsidir.
Sonra çıxış edən Şəhidin yaxınları göstərdikləri diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirdi.
Səmədov Səid Əmir oğlu 1968-ci il fevral ayının 28-də Qubadlı rayonunun Dəmirçilər kəndində anadan olmuşdur. Qubadlı rayon Dondarlı kənd tam orta məktəbini bitirmiş, 1986-1988-ci illərdə Sovet ordusunda xidmət etmişdir. Qarabağ hadisələri ilə əlaqədar könüllü özünümüdafiə dəstəsinə qoşulmuşdur. 1992-ci ildə Milli Ordu sıralarına qəbul edilmişdir. Bölük komandiri, igid döyüşçü Səid Səmədov Qubadlı, Laçın, Zəngilan, Cəbrayıl, Ağdam və Füzuli torpaqları uğrunda gedən döyüşlərdə fədakarlıq göstərmişdir. Son döyüşü 1994-cü ilin aprel ayının 21-də olmuşdur. Horadiz qəsəbəsi uğrunda gedən döyüşdə yoldaşlarını mühasirədən çıxararkən qəhrəmancasına şəhid olmuşdur. Məzarı Sumqayıt şəhərindəki Şəhidlər Xiyabanındadır.
Allah rəhmət eləsin!